Ana Sayfa > Karusel / Siyasət > Daxili İşlər Nazirliyində 2025-ci ilin yekunları müzakirə edilib
Daxili İşlər Nazirliyində 2025-ci ilin yekunları müzakirə edilib23-01-2026, 15:33. Yazar: Admin |
|
Yanvarın 23-də Daxili İşlər Nazirliyində 2025-ci ildə cinayətkarlığa qarşı mübarizə, ictimai qaydanın qorunması və ictimai təhlükəsizliyin təmin edilməsi üzrə fəaliyyətin yekunlarına və cari ildə qarşıda duran vəzifələrə həsr olunmuş geniş Kollegiya iclası keçirilib. Bu barədə Qarabaginfo.az-a DİN-in mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, iclası giriş sözü ilə açan nazir general-polkovnik Vilayət Eyvazov bildirib ki, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə uğurla həyata keçirilən hüquq mühafizə siyasəti sayəsində ölkəmizdə möhkəm təməllərə söykənən sabitlik “Konstitusiya və Suverenlik İli” olan 2025-ci ildə də etibarlı qorunub. Cinayətkarlıqla mübarizə, ictimai asayişin qorunması, insan hüquq və azadlıqlarının müdafiəsi sahəsində xidməti vəzifələr layiqincə yerinə yetirilib, beynəlxalq və respublika əhəmiyyətli kütləvi tədbirlərdə, habelə işğaldan azad olunmuş ərazilərdə təhlükəsizlik etibarlı təmin edilib. Ümumən qanunla müəyyən edilmiş funksiyaların icrası digər hüquq mühafizə orqanları ilə qarşılıqlı əlaqədə peşəkarlıq və qətiyyətlə davam etdirilib. Hesabat məruzəsində vurğulanıb ki, ötən il əməliyyat-axtarış və istintaq fəaliyyətinin subyekti olan bütün dövlət qurumları üzrə 31.852 cinayət qeydə alınıb, onlardan 90,5 faizi açılıb, əhalinin hər 100 min nəfərinə düşən cinayətlərin sayı 310 fakt təşkil edib. Cinayətlərin 92,8 faizi və ya 29.572-i daxili işlər və prokurorluq orqanlarının səlahiyyətləri çərçivəsində araşdırılan hüquqazidd əməllər olmaqla 93,5 faizinin açılması təmin edilib. Cinayətlərin ağır və xüsusilə ağır növlərinin 90,1, qeyri-aşkar şəraitdə baş verənlərin 90,9, şəxsiyyət əleyhinə olanların 98,9, mülkiyyət əleyhinə olanların 89,5 faizi, qəsdən adam öldürmələrin, qəsdən sağlamlığa ağır zərər vurmaların, soyğunçuluqların və quldurluqların hamısı açılıb. Cinayətlərin ağır, xüsusilə ağır və transmilli mütəşəkkil növlərinin qarşısının alınması və istintaqı kimi mühüm vəzifələrin icrası sahəsində böyük bir iş həcmi yerinə yetirilib. Prokurorluq orqanları ilə birgə həyata keçirilmiş istintaq-əməliyyat tədbirləri ilə cəmiyyətdə rezonans doğurmuş bir sıra cinayətlərin açılması təmin edilib, eləcə də keçmiş illərdən bağlı qalmış 355 cinayət açılaraq təqsirli şəxslər məsuliyyətə cəlb olunub. Qeyd edilib ki, ağır və xüsusilə ağır cinayətlər törətmiş 1.033 nəfər tutulub, 214 kriminal qrup zərərsizləşdirilib. Qrup halında baş verən cinayətlər 8,9, odlu silahın tətbiqi ilə törədilənlər 44,1, ailə münaqişəsi zəminli cinayətlər 3,1, əvvəllər məhkum olunmuş şəxslər tərəfindən törədilənlər 17,5 faiz azalıb. Eyni zamanda, ümumi cinayətlər 6,2, ağır və xüsusilə ağır cinayətlər 8,6, qeyri-aşkar şəraitdə baş verənlər 10,5, qəsdən adam öldürmələr 8,8, qəsdən sağlamlığa ağır zərər vurmalar 4,7, mülkiyyət əleyhinə olanlar 6,7, onlardan informasiya texnologiyalarından istifadə edilməklə törədilənlər 16,9, habelə yol-nəqliyyat hadisələri 12,3, qəzalarda ölənlərin sayı 9,8, xəsarət alanların sayı 13,6 faiz azalıb. Ümumilikdə 5.199 odlu silah, o cümlədən işğaldan azad edilmiş ərazilərdən 1.079 döyüş silahı, 2.183 mərmi və 220 mindən çox patron aşkarlanıb. Qanunsuz odlu silah saxlama və daşıma ilə bağlı 502 fakt müəyyən edilib, həmin cinayətlərə görə 153 nəfər tutulub. Vətəndaş müraciətlərinə həssaslıqla baxılaraq Nazirliyə, onun “102” Xidmətinə və qaynar xətlərə daxil olmuş, eləcə də sosial şəbəkələrdə yayımlanmış 3 milyona yaxın müraciətə çevik reaksiya verilib, habelə cinayətlər nəticəsində vurulmuş maddi ziyanın 86,7 faizi ödənilib. Dövlət-vətəndaş münasibətlərində şəffaflığın, operativliyin artırılmasına xidmət edən, sənədlərin və informativ məlumatların əldə olunması funksionallığını özündə birləşdirən “E-Polis” mobil tətbiqi təkmilləşdirilib və ötən ilin sonuna 825 mindən çox vətəndaş qeydiyyatdan keçib. Kollegiya iclasına yekun vuran nazir 2025-ci ildə əldə olunmuş müsbət nəticələrin polis-vətəndaş münasibətlərinin davamlı inkişafının təzahürü və aidiyyəti dövlət orqanları ilə səmərəli əməkdaşlığın məntiqi yekunu olduğunu qeyd edərək göstərdikləri dəstəyə görə onlara təşəkkürünü bildirib. Cəmiyyətdə sabitliyin və təhlükəsizliyin qorunub saxlanılması naminə mövcud əlaqələrin gücləndirilməsinin vacibliyini, eləcə də vətəndaş məmnunluğunun təmin edilməsinin və hər bir şəxsin qanuni mənafeyinin və hüquqlarının müdafiəsinin əsas vəzifələrdən olduğunu vurğulayıb. Bu konteksdə cinayətlərin qarşısının alınması, açılması və araşdırılması üzrə xidməti vəzifələrin icrasına, hüquqazidd əməllər nəticəsində vurulmuş maddi ziyanın ödətdirilməsi, vətəndaş müraciətlərinə baxılması və onların qəbulu işinə yüksək məsuliyyət və peşəkarlıqla yanaşılmasını tələb edib. Antinarkotik təbliğat sahəsində keçirilmiş maarifləndirmə tədbirlərinin əhəmiyyətinə də diqqət çəkərək bu istiqamətdə fəaliyyətin məqsədyönlü davam etdirilməsini və müvafiq tədbirlərdə iştirak edən dövlət qurumlarının mütəxəssislərinin, pedaqoqların, ictimaiyyət nümayəndələrinin tərkibinin genişləndirilməsini, məktəblərdən, valideynlərdən gələn hər bir aidiyyəti siqnala çevik reaksiya verilməsini tövsiyə edib. Çıxışında bəzi ərazi orqanlarının fəaliyyətində olan çatışmazlıqları da qeyd edərək onların aradan qaldırılması və xidməti fəaliyyətin səmərəliliyinin davamlı surətdə artırılması ilə bağlı tapşırıqlarını verib.
Geri dön |