Ana Sayfa > Karusel / Müsahibə > "Vaxtı gələndə Azərbaycan deyəcək bas bayıra, sülhməramlılar da çıxacaq"
"Vaxtı gələndə Azərbaycan deyəcək bas bayıra, sülhməramlılar da çıxacaq"12-01-2021, 15:55. Yazar: Admin |
Millət vəkili, yazıçı Aqil Abbas "Toplum TV"-yə müsahibə verib.
Qarabaginfo.az həmin müsahibəni təqdim edir:
- Bir neçə gün öncə verdiyiniz müsahibədə Rusiya sülhməramlılarının səlahiyyətlərini aşdığını demisiz. Konkret olaraq hansı halları nəzərdə tutursuz?
- Sülhməramlıların səlahiyyətləri noyabrın 10-da imzalanmış üçtərəfli Bəyannamədə yazılıb. Birincisi, Dağlıq Qarabağ ərazisində Ermənistanın və Artsaxın bayrağı olmamalıdır. Ora Ermənistan ərazisidir ki, orada onların, ya da qondarma rejimin bayrağı olsun?! Niyə buna diqqət yetirmirlər? Onu söküb atmalıdırlar. Orda yalnız sülhməramlıların və Azərbyacanın bayrağı olmalıdır. İkincisi, sülhməramlıların müşayətiylə ermənilər Laçın dəhlizindən Əsgərana qədər gəlib-gedirlər. Nə gətirib-aparırlar, bundan bizim məlumatımız yoxdur. Müsahibədə demişəm ki, Ağdamdan Şuşaya 37 km-dir, mən ordan getmək istəyirəm Şuşaya. Yaxud da Ağdərədən rahat yol var, azı 20-30 dəfə ordan getmişəm. Niyə Şuşaya Füzulidən yol çəkilməlidir?
- Bunu aradan qaldırmaq üçün Azərbaycan hakimiyyəməti nə etməlidir? Parlamentdə bununla bağlı hansısa təklif irəli sürmüsünüzmü?
- Bir neçə gün bundan qabaq möhtərəm prezident çıxışında dedi ki, biz Şuşaya Ağdamdan gedəcəyik. Yəni həmin yol açılacaq.
- Sizcə, sülhməramlılar niyə Ermənistan bayrağının Qarabağda dalğalanmasına imkan yaradırlar?
- Bunu sülhməramlılardan soruşun. Mən də elə onu deyirəm ki, belə olmamalıdır. Sülhməramlılar bayrağı çıxarıb atmalıdırlar. Mənim tələbim odur ki, onu çıxarsınlar.
- 10 noyabr Bəyannaməsinin 4-cü bəndində göstərilir ki, sülhməramlıların gəlişi ilə paralel olaraq erməni qoşunları Dağlıq Qarabağdan çıxarılmalıdır. Niyə Rusiyalı hərbçilər bunun icra edilməsinə şərait yaratmır və ya tələb etmirlər?
- Yavaş-yavaş çıxarırlar. Amma ermənilər yenə ordan-burdan girirlər. Sərhəd müəyyənləşməyib, tam bağlanmayıb. Sülhməramlıların vəzifəsi onları ordan çıxarmaqdır. Bugünkü görüşdən sonra yəqin çıxararlar.
- "Azərbaycanda başqa ölkənin ordusu ola bilməz. Azərbaycan ərazisində bir ordu ola bilər, o da Azərbaycan ordusudur" demisiz. Rusiya sülhməramlıları başqa ölkənin ordusu deyilmi?
- Dünyada sülhməramlılar deyilən bir anlayış var. Məsələn, bizim sülhməramlılar Əfqanıstandadır, İraqdadır. Rusiya sülhməramlıları hərbi baza yarada biləcək ordu deyil, burda müvəqqətidirlər. Müqavilədə 5 il yazılıb, istəsək, müqavilənin şərtlərinə uyğun olaraq onları bu il də çıxara bilərik. Vaxtı gələndə Azərbaycan deyəcək bas bayıra, o da çıxacaq.
- Ümumiyyətlə, sülhməramlıların Qarabağa gəlməsini Rusiyanın Azərbaycanda hərbi baza yaratması kimi dəyərləndirənlər var. Siz deputat kimi sülhməramlıların ölkəyə gəlişinə necə baxırsınız?
- Boş sözdür. Mən bir yazıçı kimi, millət vəkili kimi ürəyimdəki sözləri demişəm. Sülhməramlılar gəldikləri kimi də gedərlər. Darıxmayın.
- Zaman-zaman cəmiyyətdə təkliflər səslənir ki, Türkiyənin Azərbaycanda hərbi bazası yaradılsın. Siz nə fikirləşirsiniz bu barədə?
- Türkiyə bizim qardaşımızdır. Türkiyənin minaaxtaranlarından tutmuş monitorinq qruplarına qədər hamısını burda yaratmalıyıq. Amma Azərbaycan hakimiyyəti ölkədə hər hansı ölkənin hərbi bazasının yaradılmasına icazə verə bilməz. Biz onsuz da bir millət, iki dövlətik. Kömək lazım olsa, Türkiyə ilə Azərbaycan arasındakı məsafə 45 dəqiqəlik yoldur. Heç özlərinin də Azərbaycanda baza qurmaq fikri yoxdur.
- Azərbaycan və Ermənistan liderləri dünən Moskvada görüşdülər. Görüşdən əvvəl Ermənistanda xalq tələb edirdi ki, baş nazir Paşinyan danışıqlarda həll olunacaq məsələləri, irəli sürüləcək şərtləri açıqlasın. Amma Azərbaycanda belə tələb yoxdur. Sizcə, Azərbaycan prezidenti görüşün nəticələrini, irəli sürülən şərtləri xalqa açıqlamalıdırmı?
- Möhtərəm prezident nəyi nə vaxt eləməyi özü yaxşı bilir. Azərbaycan xalqı bütün missiyanı prezidentə verib. Görüşdən sonra bütün şərtləri açıqlayacaq.
- Sizin fikrinizcə, Moskva görüşündə nələrə aydınlıq gətirilməliydi?
- Moskva görüşü haqqında heç bir fikrim yoxdur. Açıqlanandan sonra fikrimi deyərəm. Mən nə bilim? Əlimin içini iyləməmişəm ki…
Şəhla Kərimli
Geri dön |