ABŞ Dövlət Departamenti “X” sosial şəbəkəsindəki rusdilli rəsmi hesabında Rusiyaya ünvanlanan sərt məzmunlu müraciət yayımlayıb. Paylaşımda ABŞ Prezidenti Donald Tramp ilə oyun oynamamaq tövsiyə edilir. “Prezident Tramp sözünün üstündə duran insandır. Bunu bilmirdiniz? İndi bilirsiniz”, - deyə açıqlamada qeyd olunub.
Amerikalı ekspertlər bu mesajın Putinə ünvanlandığını və Rusiya dövlət başçısının davranışlarının Trampda ciddi narazılıq yaratdığı bildirilir.
Bəs Donald Tramp Vladimir Putinə nə üçün qəzəblənib? Trampın Putinlə bağlı konkret planının olduğu ehtimal edilirmi?
Qarabaginfo.az xəbər verir ki, bunu Sfera.az-a açıqlama verən politoloq Oqtay Qasımov bildirib ki, ABŞ Dövlət Departamentinin “X” sosial şəbəkə platformasında Rusiya ilə bağlı yaydığı açıqlama, maraq yaradır:
“Xüsusilə onu nəzərə alsaq ki, Tramp hakimiyyətə gəldiyi ilk gündən etibarən təxminən bir il ərzində administrasiyası Rusiya ilə dialoqun tərəfdarı olub və bu dialoq vasitəsilə Ukrayna müharibəsini dayandırma cəhd göstərib. Lakin bütün bu təşəbbüslərə baxmayaraq, Rusiya tərəfi zahirən müharibənin dayandırılmasını dəstəklədiyini bəyan etsə də, əslində bu prosesi faktiki olaraq əngəlləməyə çalışıb. Xüsusilə Zelenski-Tramp görüşündən sonra Rusiyanın yaydığı dezinformasiya, guya Putinin Novoqoroddakı iqamətgahına hücum edilməsi ilə bağlı iddia əvvəlcə Ukrayna, daha sonra bir sıra ölkələrin kəşfiyyat orqanları, nəhayət, Trampın özü tərəfindən təkzib edilib. Bu yalan informasiyanın yayılmasında əsas məqsəd Ukraynanı müharibənin dayandırılmasını istəməyən tərəf kimi təqdim etmək, bunu bəhanə edərək danışıqlar masasından geri çəkilmək və eyni zamanda Trampı manipulyasiya etmək idi. Lakin Trampın son açıqlamaları bu cəhdlərin uğursuzluğa düçar olduğunu göstərdi. Tramp açıq şəkildə bildirdi ki, Rusiya tərəfindən səsləndirilən bu məlumatın doğru olduğuna inanmır və belə bir hadisə olmayıb”.
Politoloq məhz bu kontekstdə Dövlət Departamentinin açıqlamasının Rusiyaya ünvanlanmış açıq mesaj kimi dəyərləndirilə biləcəyini əlavə edib:
“Mesajın mahiyyəti ondan ibarətdir ki, Rusiya nəhayət konstruktiv davranış sərgiləməli, proseslərin normal məcraya yönəlməsinə töhfə verməli, Ukrayna ilə danışıqlar masasına oturmalı və müharibəni dayandırmalıdır. Əks halda, ABŞ-nin Rusiyaya qarşı əlində kifayət qədər təsir rıçaqlarının olduğu xatırladılır. Xüsusilədə ABŞ-nin Venesuelada həyata keçirdiyi əməliyyatlardan sonra bi fikirlərin səsləndirilməsi də təsadüfi deyil. Bununla Vaşinqton açıq şəkildə göstərir ki, Trampla oyun oynamaq, onu aldatmağa və ya manipulyasiya etməyə çalışmaq yanlış hərəkətdir və bunu edənlər nəticələrini görəcəklər”.