Ana Sayfa > Karusel / Qarabağ > Leytenant Abbasov və döyüşçüləri Füzulidə düşmənin müdafiə xəttini yarır, yaralı halda ələ keçir - "Balamın nəşi 38 gün sonra tapıldı.."

Leytenant Abbasov və döyüşçüləri Füzulidə düşmənin müdafiə xəttini yarır, yaralı halda ələ keçir - "Balamın nəşi 38 gün sonra tapıldı.."


11-01-2021, 11:31. Yazar: Admin

 

Adları Vətən tarixinə əbədi həkk olunan, İkinci Qarabağ müharibəsində qəhrəmanlıq göstərən minlərlə igidlərimizdən biri - baş leytenant Ağaqardaş Abbasov doğum günündə şəhadətə ucalıb. Ömrü yarıda qırılan, beş il həsrətində olduğu körpəsinin yolunu gözləyən, ata olmağa hazırlaşan, amma övladının üzünü görmədən dünyadan köçən 28 yaşlı hərbçimiz sentyabrın 28-də Füzuli rayonunun Yuxarı Əbdürrəhmanlı kəndindəki döyüşlər zamanı düşmən snayperinə tuş gəlib.

Ağaqardaş Abbasov Zərdab rayonunun Hüseynxanlı kəndində anadan olub.  Atası ilk övladına 24 yaşında həyatdan köçən qardaşının adını qoyub. Valideynləri, qohum-əqrəbaları ailənin ilk övladı olduğuna görə öz aralarında onu “İlkin” deyə çağırıblar.

“Gözümün ilk nuru idi. Oğlumun taleyi də qardaşım kimi yarımçıq qaldı. İndi məzarlıqda biri atamın sağında, o biri də solunda yatır. Mənim balam çox vətənpərvər idi. Hərbçi yoldaşları deyir ki, müharibə xəbərini eşidəndə qol götürüb oynayıb, bu dəfə hər şey yaxşı olacaq deyib”- şəhid atası İlham Abbasov oğlu haqda danışarkən deyir.

Ağaqardaş Abbasov orta bitirdikdən sonra Azərbaycan Dövlət Pedaqoji Universitetinin Ağcabədi filialında Azərbaycan dili və ədəbiyyat müəllimliyi ixtisası üzrə təhsil alıb. Lakin hərbçi olmaq marağı onu ordu sıralarına aparıb, peşəkar hərbçiyə çevrilib. Orta məktəbdə də, tələbəlik illərində də, hərbi xidmətdə də nümunəvi davranışı ilə hər kəsə örnək olub.

 

Şəhid atası söhbətinə davam edir:  “Çox savadlı uşaq idi. Bizim kənddə on bir illik orta məktəb olmadığından uşaqlar doqquzuncu sinfi bitirdikdən sonra qonşu kənddəki məktəbə gedirdilər. Mən kasıb adam idim, təsərrüfatla məşğul olurdum. Pərviz müəllimlə atası Cəlil müəllim dedilər ki, bu uşaq çox savadlıdır, niyə qoymursan təhsilini davam etdirsin? Məcbur olub razılaşdım, uşağı oxumağa yolladım. Oğlumu o səviyyəyə, o savada Pərviz müəllimlə atası Cəmil müəllim çatdırdılar. Onların sayəsində ali məktəbə - Ağcabədidəki Müəllimlər İnstitutuna qəbul oldu. 2014-də ali təhsilini başa vurub hərbi xidmətə yollandı”.

Şəhid atası deyir ki, oğlu ali məktəbi bitirdikdən sonra öz qrup yoldaşı ilə ailə qurub: “Bir gün də olsun müəllim işləmədi, özü hərbçi olmağı seçdi. Kəlbəcərdən olan qrup yoldaşı ilə ailə qurdu. Həmişə ona zarafatla deyirdi ki, Kəlbəcəri sənə özüm hədiyyə edəcəyəm”.

 

Ağaqardaş  Cəlilabad rayonunda, Xüsusi Təyinatlı Qüvvələrdə xidmət edib, leytenant rütbəsi alıb. Ondakı döyüş əzmi, Vətən sevgisi bütün şəxsi heyətə ruh verib. Aprel döyüşlərininin iştirakçısı olub. Vətən müharibəsi başlandığı ilk gündən ön cəbhədə xidmətə yollanan baş leytenant Ağaqardaş Abbasov ağır döyüşdə iştirak edib və qəhrəmanlıq göstərib. Füzuli rayonu istiqamətində gedən döyüşlər zamanı ayağından qəlpə yarası alan Ağaqardaş döyüş meydanından geri çəkilməyib. Özü yaralı olduğu halda digər yaralı əsgər və zabitləri döyüş meydanından çıxarmaq üçün də çalışıb.

Şəhid zabitin atası deyir: “Üstümüzdəki 30 illik ləkəni bu uşaqlar sildilər. Bu cavanlar torpaq üçün canlarından keçdilər. Mənim də balamın payına torpağa qurban getmək düşdü. Mənim kimi üç minə yaxın şəhid atası var”.        

Ağaqardaş ötən ilin aprelindən Beyləqanda dislokasiya olunmuş hərbi birliyin həmlə briqadasında xidmətə başlayıb. Füzulidə  cəbhəni yaran, düşmənin möhkəmləndirilmiş müdafiə səddini keçən, onların ən çətin postunu birinci alan da həmin briqada olub. Daha sonra düzənlik ərazi ilə irəliləyib ikinci müdafiə xəttinə çatanda briqadanın 7 döyüşçüsü şəhid olub.

 

“Şəhidlərin meyitlərini 38 gün tapa bilmədik. Hər gün Zərdab-Füzuli yollarında qalmışdım. Oğlumun meyitini axtarırdım. 38 gündən sonra torpağın altından tapıldı balamın meyiti. Düşmənlər onlara yaralı vəziyyətdə əzab verib, öldürüb, sonra üstlərini torpaqlamışdılar. Balam yaralı halda hərbi hissənin zabitlərinə zəng vurub onlardan kömək istəyib. Düzdür, oğlumu oradan çıxartmağa can atıblar, amma düşmən həmin ərazini atəşə tutduğundan yaralıları oradan götürə bilməyiblər. Neytral zonada balam yaralı vəziyyətdə qalıb, çıxara bilməyiblər” – şəhid atası göz yaşları içərisində danışır.

Şəhid atası deyir ki, oğlu ilə birgə yeddi hərbiçinin cəsədi 38 gündən sonra “Korqan” deyilən ərazidən tapılıb: “Ora çox qarışıq bir yerdir. Həmin ərazidə su kəməri vardı, yuxarısı isə erməni postu idi. Ermənilər orada pusqu qurublar. Birinci postu alıb keçəndən sonra ikincidə döyüşçülər pusquya düşüblər. Oğlumla birgə döyüşən gizir Babək Abışov vardı, Beyləqandan idi. Mənə deyirdilər ki, əgər girovdularsa ikisi də girovdu, ölüblərsə ikisi də ölüb. Həqiqətən də ikisinin də meyiti eyni gündə, eyni yerdən tapıldı. Oğlumla birgə şəhid olanlardan biri də (Neyteral ərazidən tapılan şəhidlərdən biri Tovuz rayonunun Aran Yanıqlı kənd sakini leytenant Vasif Heydərov olub. V.Heydərov Füzuli istiqamətində gedən döyüşlərdə iki dəfə yaralanıb. Yaralı əsgəri yanan BMP-dən çıxarıb, özü ağır yaralansa da sona qədər vuruşub. Nəşi 32 gün sonra düşmən olan ərazilər azad olunduqdan sonra götürülüb. Oktyabrın 30-u dəfn olunub- red.) Tovuzdan olan Vasif adlı oğlan idi”.

 

38 gün övladını axtaran İlham kişi deyir ki, artıq əlimi hər yerdən üzmüşdü, balasını tapa bilmirdi. Sonuncu gün Füzuliyə naümid şəkildə getmişdi . Səngərlərin hamısı axtarılmışdı, amma şəhidin meyiti tapılmırdı.

Şəhid atası deyir: “Məsciddə dayanmışdıq. Seymur adlı polkovnik-leytenant vardı. Əsasən ondan soruşurduq. Ona zəng vurub dedilər ki, beş meyit tapılıb. Dedim, bu tapılanlar yüz faiz bizim uşaqlardı. Hərbçilər minaaxtaranlarla birgə gətirdilər balalarımızı. Noyabrın 4-də meyitlərə baxdıq, oğlumu tanıdım, dedim ki, mənim balamdı. Öz əllərimlə balamı torpağa qoydum, əllərim qırılmadı, gözlərim kor olmadı” – dərdli ata deyir.

Şəhid atası deyir ki, indi tək ümid yeri, təsəllisi oğlunun yadigarının dünyaya gəlişidir: “Gələn ay balamın yadıgarı doğulacaq. Son ümid yerim dünyaya gələcək o körpədir. Ona görə yaşayıram. Geriyə baxıram heç nəyim yoxdu, yurdum boş qalıb. Allah o körpəni mənə bəxş etsə, bəlkə onunla təsəlli taparam”.

Şəhid başleytenant A.Abbasov  ölümündən sonra “Vətən uğrunda” medalı və “Füzulinin azad olunmasına görə” medalı ilə təltif olunub.

Virtualaz.org


Geri dön