Ana Sayfa > Karusel / Gündəm > “Nəcməddin Sadıkov villalarının birində ev dustağıdır”

“Nəcməddin Sadıkov villalarının birində ev dustağıdır”


8-01-2021, 14:50. Yazar: Admin

“Müdafiə Nazirliyindən soruşa bilərsiniz ki, sizin o general vardı e, haradadır bəs?”.

 

Bu fikirləri artıq 3 aydan çoxdur, barəsində müxtəlif məlumatlar dolaşan Baş Qərargahın rəisi, general-polkovnik Nəcməddin Sadıkovun müəmmalı şəkildə “yoxa çıxmasına” münasibət bildirən millət vəkili, Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Aqil Abbas deyib.

 

Aqil Abbasın fikrincə, Nəcməddin Sadıkov hazırda villalarının birində ev dustağıdır:

 

“Nəcməddin Sadıkov vəzifəsindən kənarlaşdırılıb. Görünür, özü də müharibə başlayan kimi kənarlaşdırılıb. Görünür, günahları var, ya nələrisə varsa, bunu yalnız dövlətin xüsusi xidmət orqanları, bir də Müdafiə Nazirliyi bilər ki, nəyə görə kənarlaşdırılıb. Ayrı kimsə bilə bilməz.

 

Deməli, səhvləri vardı, nələri vardı, ya etibarını itirmişdi, təbii ki mənim nəzərimcə, ona görə də kənarlaşdırıldı. Onun harada olduğunu mən bilə bilmərəm ki… Mənim fikrimcə, yəqin ev dustaqlığındadır. Çünki görünmürsə, eləmirsə… Həbs olunsa, mətbuata çıxardı, bir generalın həbs olunmağını gizlətmək olmazdı axı… Yəqin evində, villalarının birində ev dustağı olar.

 

Bu məsələnin rəsmiləşməməsi dövlətin xüsusi xidmət orqanlarının işidir. Mən tələb edə bilmərəm ki, sən bunu niyə rəsmiləşdirmirsən? Hər dövlət orqanının öz işi var, onu da yəqin ki, bir gün açıqlayar. Bunu Müdafiə Nazirliyindən soruşa bilərsiniz ki, sizin o general vardı e, haradadır bəs? Bunu Müdafiə Nazirliyi deyə bilər. Milli Məclisin Müdafiə Komitəsinin üzvü, hətta Milli Məclisin sədri də onun barəsində məlumatsız ola bilər”.

 

Müdafiə Nazirliyinin mətbuatla işinin bərbad vəziyyətdə olduğunu, bu üzdən qoyulmuş suala həmin qurumdan cavab almağın mükünsüzlüyü haqda replikamızdan sonra Aqil Abbas bu mövzuya da toxundu:

 

“Müdafiə Nazirliyi mətbuatla həmişə zəif işləyib. Yaxşı ki Anarı (Müdafiə Nazirliyinin mətbuat katibi polkovnik-leytenant Anar Eyvazov – red.) gətirdilər. O da müharibə dövründə pis işləmirdi, amma ondan sonra deyəsən, o da “evdən işləyir”.Yenicag

 


Geri dön