“Rusiya ilə biznes quran istənilən ölkə ciddi sanksiyalara məruz qalacaq“.
Qarabaginfo.az Reuters-ə istinadən bildirir ki, bu barədə ABŞ prezidenti Tramp jurnalistlərə açıqlamasında deyib.
ABŞ prezidentinin sözlərinə görə, Respublikaçılar Partiyası Rusiya ilə iş görən istənilən ölkəyə qarşı sanksiyalara icazə verən qanunvericilik hazırlayır. Bu qanun layihəsi ABŞ-a Rusiyadan enerjisi alan və Ukraynanı fəal şəkildə dəstəkləməyən ölkələrdən idxala 500%-ə qədər tarif tətbiq etmək səlahiyyəti verəcək.
“Bildiyiniz kimi, mən bu sanksiyaları təklif etdim. Ona görə də Rusiya ilə iş görən istənilən ölkə çox ciddi sanksiyalara məruz qalacaq”, -deyə Tramp bildirib.
“Bloomberg” agentliyinin məlumatına görə, oktyabrın sonlarında ABŞ Senatı bu qanun layihəsinin baxılmasını “Putin Trampla görüşənə qədər” təxirə salıb. Nəşrin məlumatına görə, sanksiyalar əsasən Çin və Hindistana təsir edəcək. Tramp əlavə edib ki, İran bu siyahıya əlavə edilə bilər.
Senatda respublikaçı çoxluğun lideri Con Tyun ABŞ Senatının bu qanun layihəsinə bir ay ərzində səs verəcəyini açıqlayıb. 22 oktyabrda ABŞ Lukoil, Rosneft və onların törəmə şirkətlərinə məhdudiyyətlər tətbiq edib.
