Fələstinin konstitusiya layihəsi üzərində iş başa çatmaq üzrədir və komitə son versiyasını 24 noyabr tarixinə qədər Prezident Mahmud Abbasa təqdim etmək niyyətindədir.
Qarabaginfo.az xəbər verir ki, bu barədə Fələstin Azadlıq Təşkilatının (FAT) icra komitəsinin üzvü Əhməd Məcdalani məlumat verib.
Onun sözlərinə görə, müvəqqəti konstitusiyanın əksər bölmələri Prezident Mahmud Abbasın müəyyən etdiyi cədvələ uyğun olaraq konstitusiya komitəsi tərəfindən hazırlanıb.
"Hazırda konstitusiyanın bölmələrinin yenidən nəzərdən keçirilməsinin son mərhələsindəyik", - o bildirib.
Məcdalani əlavə edib ki, konstitusiya komitəsi mətnin bütün bölmələrini nəzərdən keçirmək üçün 17 noyabrda görüşəcək.
Gələcək Fələstin dövlətinin ərazi əsaslarına gəldikdə, rəsmi bildirib ki, konstitusiya layihəsi 1967-ci il sərhədlərini saxlayacaq. Yəni Qəzza zolağı və Qərb sahili, o cümlədən Şərqi Qüds də ölkə sərhədlərinə daxil olacaq.