“Azərbaycan hökuməti qlobal gərginliklər və ticarət zəncirlərindəki dəyişikliklər fonunda yerli şirkətlərin yeni bazarlara çıxışını və təchizat marşrutlarının şaxələndirilməsini dəstəkləyir”.
Qarabaginfo.az xəbər verir ki, bunu Azərbaycan İqtisadiyyat Nazirliyinin nümayəndəsi Həsən Əliyev Bakıda keçirilən “Asia SME Monitor 2025” seminarında çıxışı zamanı bildirib.
Onun sözlərinə görə, Ukrayna müharibəsi və digər beynəlxalq gərginliklər region ölkələrinin iqtisadi əlaqələrinə mənfi təsir göstərib. Azərbaycan hökuməti bu riskləri azaltmaq məqsədilə şirkətlərə alternativ tədarük zəncirləri qurmaqda və yeni ticarət tərəfdaşları tapmaqda yardım edir.
Həsən Əliyev qeyd edib ki, son illər Azərbaycan Pakistan və Birləşmiş Ərəb Əmirlikləri ilə azad ticarət və tərəfdaşlıq sazişləri imzalayıb. Bu razılaşmalar xammal idxalının maya dəyərini azaltmaq, yerli məhsulların rəqabət qabiliyyətini artırmaq və ixrac coğrafiyasını genişləndirmək məqsədi daşıyır.
O əlavə edib ki, İqtisadiyyat Nazirliyinin tabeliyindəki “Azpromo” – İxrac və İnvestisiyaların Təşviqi Agentliyi və Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) sahibkarlara bazar araşdırmaları, sorğular və təlimlər vasitəsilə dəstək göstərir.
Nazirlik rəsmisinin sözlərinə görə, 2016-cı ildə Prezident tərəfindən təsdiqlənmiş “Made in Azerbaijan” brendi çərçivəsində həyata keçirilən ixrac missiyaları və tanıtım layihələri yerli istehsalçıların Avropa və Uzaq Şərq bazarlarına çıxışını asanlaşdırır.