Ana Sayfa > Karusel / Siyasət > Suriyada Zəfər Günü qeyd edilib - FOTO

Suriyada Zəfər Günü qeyd edilib - FOTO


Dünən, 16:02. Yazar: Admin

Suriyada Zəfər Günü qeyd edilib - FOTO

Noyabrın 5-də Suriyanın paytaxtı Dəməşqdə 8 Noyabr – Zəfər Günü münasibətilə rəsmi tədbir keçirilib.

Bu barədə Qarabaginfo.az-a Azərbaycanın Suriyadakı səfirliyindən bildirilib.

Qeyd edilib ki, Suriya Xarici İşlər və Mühacirlər, Energetika, İnformasiya, Tərbiyə və Təhsil Nazirliklərinin yüksək vəzifəli şəxslərinin, Diplomatik İnstitutun direktoru Yasir əl-Cundinin, Suriya XİN-in Sosial Tədqiqatlar Mərkəzinin direktoru Bəssəm əs-Süleymanın, Xalq Məclisinin üzvü, Suriya Türkman Dərnəkləri Federasiyasının sədri Tariq Cəvizcinin, Suriya Ali Seçki Komissiyasının rəsmi sözçüsü Nəvvar Nəcmənin, Dəməşq Universitetinin rektoru Mustafa Saim əd-Dəhrin, Universitetin Strateji Araşdırmalar və Tədqiqatlar Mərkəzinin direktoru Maruf əl-Xələf, Suriya Xəbər Agentliyinin (SANA) baş direktoru Ziyad əl-Məhamid, “Vətən” və “İnqilab” qəzetlərinin baş redaktorları Xalid əl-Xələf və Nurəddin İsmayıl, Dəməşqdə fəaliyyət göstərən “TRT” və “Anadolu” Agentliklərinin nümayəndələrinin, eləcə də Türkiyə diplomatik missiya rəhbəri, diplomatları və hərbi attaşelərinin, həmçinin Pakistan, Qətər, Səudiyyə Ərəbistanı Krallığı, Bəhreyn, Oman, Əlcəzair, Misir, Tunis, Somali, Sudan, Yəmən, Liviya, İordaniya, Braziliya, Kuba, İspaniya, İtaliya, Çex, Rumıniya, Macarıstan, Cənubi Afrika diplomatik missiya rəhbərləri və diplomatlarının, eyni zamanda ABŞ Səfirliyinin diplomatları və Qazaxıstan Səfirliyinin Konsulluq bölməsinin rəhbərinin, o cümlədən UNDP təşkilatının regional ofisinin rəhbər şəxslərinin, UNDOF (United Nations Disengagement Observer Force) missiyasının rəhbərinin, yerli ictimaiyyət nümayəndələrinin, Azərbaycanın ali təhsil müəssisələrinin suriyalı məzunlarının iştirakı ilə keçirilmiş ziyafətdə müvəqqəti işlər vəkili Elnur Şahhüseynov çıxış edib.

İlk növbədə, qalib Suriyada Azərbaycan xalqının Zəfər Gününün qeyd edilməsinin xüsusi məna daşıdığını vurğulayaraq, E.Şahhüseynov diplomatların təşrif buyurmasının ölkələrinin Azərbaycanın haqq işinə olan dəstəyinin təsdiqi olduğuna diqqət çəkib və bunu yüksək dəyərləndirib.

Ardınca çıxışçı artıq keçmişə qovuşmuş münaqişənin tarixinə, Azərbaycan ordusunun 44 günlük əks-hücum əməliyyatına, Zəfər Gününə, Suverenlik Gününə, habelə Zəfər Gününün Azərbaycan xalqı üçün rəmziliyinə və milli aspektlərinə qısa və dolğun nəzər salıb, 44 günlük müharibə zamanı qardaş Türkiyə və Pakistanın siyasi və mənəvi dəstəyini, həmçinin qardaş Səudiyyə Ərəbistanı Krallığının yalnız işğalın aradan qaldırılmasından sonra Ermənistanı dövlət olaraq tanıdığını və onunla diplomatik əlaqələr qurduğunu xüsusi qeyd edib.

Çıxış zamanı, həmçinin Azərbaycan Prezidentinin Zəfər Günü və Suverenlik Gününün təsis edilməsi barədə müvafiq Sərəncamlar qəbul etdiyi ziyafət iştirakçılarının diqqətinə çatdırıldı.

Sonra “8 Noyabr” adlı sənədli film nümayiş olundu, tədbir ziyafətlə davam etdi.

6 noyabr tarixində Dəməşq Universitetinin Strateji Araşdırmalar və Tədqiqatlar Mərkəzi ilə əməkdaşlıqda Universitetin Siyasi elmlər fakültəsinin tələbələri üçün E.Şahhüseynovun “Azərbaycan tarixi son 100 il ərzində” və “Yeni dövrdə Azərbaycan-Suriya əlaqələri” mövzularında mühazirəsi təşkil olunub.

Universitetin rektoru Mustafa Saim əd-Dəhr, ali təhsil və elmi araşdırmalar nazirinin köməkçisi Əbdülhəmid əl-Xalidin, Suriya XİN-in Strateji Araşdırmalar Mərkəzinin direktoru, Dəməşq Universitetinin Siyasi elmlər fakültəsinin dekanı Nəcib əl-Ğadbanın və Universitetin Strateji Araşdırmalar və Tədqiqatlar Mərkəzinin direktoru Maruf əl-Xələfin iştirakı ilə baş tutmuş mühazirə zamanı tələblərə “Azərbaycan 1918-1920-ci illərdə”, “Azərbaycan SSRİ, xüsusən də Heydər Əliyevin rəhbərliyi illərində”, “müstəqil Azərbaycan” və “Azərbaycan 2003-cü ildən” alt-mövzularında müvafiq məlumatlar təqdim edilib. Bu əsnada Azərbaycan Demokratik Respublikasının əldə etdiyi uğurlara, eləcə də Azərbaycan SSRİ-nin və post-sovet Azərbaycanının Ulu Öndərin rəhbərliyi dövründəki nailiyyətlərə, habelə ölkəmizin müasir dönəminə, keçmiş münaqişəyə və Azərbaycan-Ermənistan normallaşmasına nəzər salınıb, ölkəmizin qlobal əhəmiyyətə malik energetika və nəqliyyat layihələrinə toxunulub.

Azərbaycan-Suriya əlaqələrinin müasir dövründən bəhs edildiyi zaman Azərbaycanın 2012-ci ildə öz səfirliyinin fəaliyyətini dayandırdığı, lakin dost xalqlarımız arasında təmasların davam etdiyi, Əsəd rejiminin süqutundan sonra 28 dekabr 2024-cü il tarixində AR xarici işlər nazirinin müavininin rəhbərliyi altında nümayəndə heyətinin Dəməşqə səfərinin və xarici işlər və mühacirlər naziri ilə görüşünün dövlətimizin yeni hakimiyyətə siyasi dəstəyinin ifadəsi olduğuna diqqət çəkilib, bunun ardınca Suriya əhalisinə humanitar yardımın göndərildiyi qeyd edilib.

Siyasi əlaqələrə gəlincə, bu xüsusda, dövlət başçılarının görüşlərinə və bu görüşlərin qarşılıqlı əməkdaşlığın bütün sahələrdə, xüsusən energetika və təhsil sahələrindəki inkişafına olan müstəsna töhfəsi xüsusi qeyd edilib. Həmçinin bu ilin 4 may tarixində AR Baş nazirinin müavininin rəhbərliyi altında hökumət missiyasının Dəməşqdə səfərindən söhbət açılıb, bu səfərdən sonra elektroenergetika və humanitar sahələrdə Azərbaycan-Suriya İşçi Qruplarının fəaliyyətə başladığı və artıq müvafiq görüşlərin baş tutduğu barədə məlumat verilib.

Mühazirə zamanı, həmçinin Azərbaycanın Suriyanın ərazi bütövlüyünə, suverenliyinə dəstəyinin sabit olduğu, ölkəmizin Suriya ilə dostluq və əməkdaşlıq əlaqələrini inkişaf etdirmək niyyətində olduğu diqqətə çatdırılıb.

Sonra mühazirə sual-cavab sessiyası ilə davam edib.


Geri dön