Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla onun müttəfiqi Milliyyətçi Hərəkat Partiyasının (MHP) sədri Dövlət Bağçalı arasında son günlər gərginlik yaşanır. Gərginliyin başlanğıc nöqtəsi Şimali Kiprdə (ŞKTR) keçirilən prezident seçkilərinin nəticələrinin açıqlanması olub.
Seçkilərdə federasiya tərəfdarı olan Tufan Erhürmanın qalib gəlməsinə Ərdoğan təmkinlə münasibət bildirsə də, Bağçalının reaksiyası daha sərt olub.
Ərdoğan dərhal Şimali Kiprin yeni prezidentini təbrik edib və əməkdaşlığa açıq olduğu barədə mesaj göndərib. Bağçalı isə əksinə, seçkiləri “federasiya tərəfdarlarının qələbəsi” adlandırıb və ŞKTR parlamentini adanın Türkiyəyə birləşdirilməsi ilə bağlı qərar verməyə çağırıb.
Oktyabrın 29-da Respublika Günü münasibətilə keçirilən rəsmi mərasimlərdə Bağçalının həm Anıtkabirdəki ziyarətə, həm də Ərdoğanın rəsmi qəbuluna qatılmaması siyasi dairələrdə böyük rezonans doğurub.
Əvvəlcə onun səhhəti ilə bağlı fərziyyələr səslənsə də, MHP-yə yaxın mənbələr bu qərarın siyasi motivli olduğunu bildiriblər. Partiyaya yaxın “Türkgün” qəzetinin baş redaktoru Məhəmməd Müftüoğlu Bağçalı ilə çəkilmiş fotosunu paylaşaraq yazıb ki, MHP liderini anlamaq üçün onun mesajlarını oxumağı bacarmaq lazımdır. Bu paylaşım, çoxlarının fikrincə, AKP-yə yönəlik bir xəbərdarlıq olub.
Siyasi müşahidəçilər hesab edirlər ki, problem yalnız Kipr məsələsi ilə məhdudlaşmır.
2022-ci ildə “Ülkü Ocaqları”nın keçmiş rəhbəri Sinan Ateşin qətli və bu işlə bağlı MHP üzvlərinin həbsi AKP-MHP münasibətlərində ilk çatları yaradıb. Ərdoğanın mərhumun həyat yoldaşı Ayşə Ateşi qəbul etməsi Bahçəli tərəfinin ciddi narazılığına səbəb olmuşdu.
Bundan başqa, bu il keçirilən bəzi kadr dəyişiklikləri, xüsusilə MHP-yə yaxın adların vacib vəzifələrdən uzaqlaşdırılması da milliyyətçilər arasında narazılıq doğurub.
Bağçalı sentyabrda “Türkiyə–Rusiya–Çin ittifaqı” ideyasını irəli sürməsi, bu bəyanatın Ərdoğanın Nyu-Yorka, BMT Baş Assambleyasına səfəri ərəfəsində səslənməsi də diqqətdən qaçmayıb. Analitiklər bunu iki tərəf arasında xarici siyasətdə baxış fərqi kimi dəyərləndiriblər. Ərdoğan Qərblə münasibətləri taraz saxlamağa çalışır, Bahçəli isə daha “Avrasiya yönlü” xətti müdafiə edir.

Eyni zamanda, Bağçalının “Türkiyədə iki vitse-prezident - biri kürd, biri ələvi olmalıdır” təklifi də iqtidar düşərgəsində sərt reaksiya doğurub. Hakim partiyanın deputat Şamil Tayyar bu ideyanı “Livan modelinə aparan təhlükəli təklif” adlandırıb.
Qarabaginfo.az-ın məlumatına görə, Bağçalı bu günkü qrup toplantısında iddialara cavab verib.
Bağçalı çıxışında “Cümhur İttifaqı bayraqdır, vətəndir, millətdir” sözləri ilə birlikdə AK Partiya ilə əməkdaşlığın davam etdiyini bildirib: “Biz Milliyyətçi Hərəkat Partiyası və Cümhur İttifaqıyıq. Bu yol davam edəcək”.
Bağçalı Respublika Günü mərasimlərinə qatılmaması ilə bağlı müzakirələrə də toxunub. O, bunun şəxsi səbəblərlə bağlı olduğunu və hərəkətinin “protest kimi başa düşülməsini” istəmədiyini deyib.
Jurnalistlər MHP liderindən Avropa İnsan Hüquqları Məhkəməsinin Selahəttin Demirtaş barədə qərarını xatırladanda, Bağçalı belə cavab verib: “Hüquqi yollar nəticəsini verib. Onun azadlığa çıxması Türkiyə üçün xeyirli olacaq”.
Bağçalının çıxışı “ittifaq sarsılmaz” mesajı kimi qiymətləndirilsə də, müşahidəçilərə görə, AK Partiya və MHP arasında son dövrlər müəyyən fikir ayrılıqları qalmaqdadır.
Buna baxmayaraq, Bağçalının son çıxışı siyasi temperaturu bir qədər endirib. Lakin onun Demirtaşla bağlı “yumşaq tonu” növbəti günlərdə Türkiyə siyasətinin əsas müzakirə mövzularından biri olacaq./Modern.az