“Həkimlərin və orta tibb işçilərinin əməkhaqlarının artırılması ilə bağlı layihələr hazırlanır“.
Qarabaginfo.az bildirir ki, bunu jurnalistlərə açıqlamasında Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) icraçı direktoru Vüqar Qurbanov deyib.
O deyib ki, TƏBİB tabeli tibb müəssisələrinə artan müraciət sayına baxmayaraq, növbələrin minimuma endirilməsi istiqamətində tədbirlər görür. İlk növbədə Vətən müharibəsi qaziləri, şəhid ailələri və əlillər üçün növbəsiz keçid imkanı yaradılıb: “Bununla yanaşı, qeydiyyatçıların sayı da artırılıb. Həmçinin Bakıda və regionlarda fəaliyyət göstərən bir sıra tibb müəssisələrində monitorların quraşdırılması təmin edilib. Müəssisələrin qəbul həcminə uyğun olaraq, monitorların sayı 1-dən 10-a qədər dəyişir. Hazırda monitor çatışmazlığı ilə bağlı heç bir tibb müəssisəsində problem müşahidə edilmir”.
Vüqar Qurbanovun sözlərinə görə, yaxın gələcəkdə həkimlərin və orta tibb işçilərinin əməkhaqlarının artırılması ilə bağlı layihələr hazırlanır və bu layihələrin təqdimatı planlaşdırılır.
