Gürcüstanda üç müxalif partiyanın fəaliyyətinin qadağan edilməsi ilə bağlı iddia Konstitusiya Məhkəməsinə təqdim olunub.
Qarabaginfo.az xəbər verir ki, bu barədə Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili brifinqdə bildirib.
Onun sözlərinə görə, Konstitusiya Məhkəməsi iddia üzrə qərarı qanunvericiliyə uyğun olaraq 9 ay ərzində qəbul etməlidir.
“Müvafiq olaraq qərar gələn ilin iyul ayında qəbul olunmalıdır. Prosesin nə vaxt və necə olacağını Konstitusiya Məhkəməsi özü müəyyən edəcək. Biz məhkəməyə çağrılmağımızı gözləyəcəyik”, - Papuaşvili deyib.
Qeyd edək ki, konstitusiya iddiasının müəllifləri hakim “Gürcü Arzusu”, “Avropa Sosialistləri” və “Xalqın gücü” partiyalarıdır.
İddiada keçmiş prezident Mixeil Saakaşvilinin təsis etdiyi Vahid Milli Hərəkat Partiyası, “Dəyişikliklər naminə” koalisiya və “Lelo - Güclü Gürcüstan” partiyasının Gürcüstan Konstitusiyasına zidd elan edilməsi tələb olunur.
Gürcüstan parlamentinin Hüquqi məsələlər komitəsinin ötəngünkü iclasında iddiadakı 88 deputatın imzalarının həqiqiliyi təsdiqlənib.