Ermənistan Azərbaycan və Türkiyə liderlərini İrəvana dəvət edib. Xarici işlər naziri Ararat Mirzoyan Türkiyə və Azərbaycan prezidentlərinin gələn ilin mayında keçiriləcək Avropa Siyasi Birliyinin toplantısına qatılmaq üçün dəvət edildiklərini bildirib.
İndiki halda əsas maraq doğuran məsələ Türkiyə və Azərbaycanın dəvətə necə cavab verəcəyidir.
Qarabaginfo.az xəbər verir ki, mövzu ilə bağlı Modern.az-a danışan Türkiyə Böyük Millət Məclisinin deputatı, Türkiyə-Azərbaycan Dostluq Qrupunun sədri Şamil Ayrım bildirib ki, sülh istənilirsə, dialoq yolları bağlanmamalıdır:
“Cənab Prezident İlham Əliyevlə Ermənistan Baş naziri cənab Nikol Paşinyan arasında xüsusilə də Vaşinqton görüşündən sonra yaxşı dialoq mühiti yaranıb. Azərbaycanın bir sıra jestləri oldu, məhdudiyyətləri aradan qaldırdı, Ermənistan bəzi sənədlərdən Ağrı dağı simvollarını çıxardı, Türk Hava Yolları Ermənistana uçur. Bütün bunlar irəliyə doğru yeni bir sistemin xəbərçisidir. İndi bircə gözləntimiz, şərtimiz qalıb, o da Ermənistan Konstitusiyasına dəyişiklik edilməsidir. Ancaq mənim bildirim qədər Paşinyan daxildə bir yandan Qarabağ klanı, digər yandan da kilsənin böyük təzyiqi altındadır. Orada müxalifət kilsənin rəhbərliyi ilə yeni bir struktura çevrilib. Demək olar ki, kilsədən təlimat alırlar. İndiyə kimi qət edilən məsafənin Paşinyansız nə ilə nəticələnəcəyi suallar doğurur. Ona görə də, bu toplantı vacibdir.
Ölkə başçılarımızın İrəvana gedib-getməyəcəyi məlum deyil. Ermənistanda gələn il parlament seçkiləri keçiriləcək. Paşinyan bir neçə dəfədir ki, çıxışlarında Ermənistan üçün böyük işlər gördüyünü, aylardır sərhəddə bir həbçinin də ölmədiyini deyir. O, bu dəfə xalqa onun rifahını yüksəltmək üçün Türkiyə və Azərbaycanla hər cür anlaşmalara getdiyini, Türkiyə ilə sərhədlərin açılacağının mesajını verə bilər. Çünki bu məsələlər Ermənistan üçün çox vacibdir. Ermənistandan gəlib Türkiyədə işləyən 100 min erməni var. Bu, rəsmi statistikadır. Onların Ermənistana iqtisadi töhfəsi vacibdir”.

Ş.Ayrım Azərbaycan və Türkiyə liderlərinin Avropa Siyasi Birliyinin toplantısında iştirak ehtimalının olduqca aşağı olduğunu vurğulayıb:
“Cənab Rəcəb Tayyib Ərdoğanla cənab İlham Əliyevin İrəvandakı toplantıda iştirak ehtimalının yüksək olduğunu düşünmürəm. İndiki situasiya üçün ehtimal 50%-dən aşağıdır. Çünki Ukraynadakı hadisələr, bəzi regional problemlər var. İndi onsuz da qəti cavablar verilməz. Şəraitə, mövcud duruma baxılır. Qəti bir şey demirəm, çox yaxın ehtimal görmürəm".