“Türk dünyasında “InsurTech” ekosistemi formalaşır, Azərbaycan bu prosesin mərkəzindədir”.
Qarabaginfo.az xəbər verir ki, bunu Türk Dövlətləri InsurTech Zirvəsində çıxış edən Azərbaycan Sığortaçılar Assosiasiyasının (ASA) icraçı direktoru Elmar Mirsalayev bildirib.
O, qeyd edib ki, sığorta sektorunun rəqəmsal transformasiyası artıq təkcə trendlə ayaqlaşmaq deyil, iqtisadi dayanıqlığın və innovativ maliyyə sisteminin əsas elementi sayılır.
Elmar Mirsalayevin sözlərinə görə, son illərdə Azərbaycan və Türkiyə sığorta texnologiyalarında irəliləyiş əldə edib, region ölkələri – Qazaxıstan, Özbəkistan və Qırğızıstanla birgə ortaq InsurTech platformasının yaradılması istiqamətində müzakirələr aparılır.
ASA rəsmisi vurğulayıb ki, rəqəmsallaşma prosesinin strateji şəkildə aparılması üçün beşmərhələli yol xəritəsi hazırlanır. Bu yol xəritəsi infrastrukturun modernləşdirilməsini, süni intellekt və məlumat analitikasının tətbiqini, müştəri təcrübəsinin rəqəmsallaşdırılmasını, hüquqi bazanın uyğunlaşdırılmasını və Türk dövlətləri arasında bilik mübadiləsini nəzərdə tutur.
“Əgər bu imkanları birləşdirə bilsək, yaxın 5 ildə Türk dünyası sığorta texnologiyalarında qlobal mərkəzə çevrilə bilər”, – deyə Elmar Mirsalayev əlavə edib.