Ana Sayfa > Karusel / Cəmiyyət > Gəncə Memorial Kompleksində mülki şəhidlərin xatirəsi yad olundu - Fotolar

Gəncə Memorial Kompleksində mülki şəhidlərin xatirəsi yad olundu - Fotolar


Bu gün, 11:44. Yazar: Admin

gence-memorial-kompleksinde-mulki-sehidlerin-xatiresi-yad-olundu

Gəncə şəhərinin Ermənistan silahlı qüvvələri tərəfindən raket hücumuna məruz qalmasından beş il ötür. 

“Qafqazinfo” xəbər verir ki, bununla əlaqədar olaraq, Gəncə Memorial Kompleksində anım mərasimi təşkil olunub.

Mərasimdə Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, Türkiyənin Gəncədəki Baş konsulu Recep Öztop, Gürcüstanın Gəncədəki Baş konsulu Kaxaber Abdaladze, YAP Gəncə şəhər təşkilatının sədri Bayram Aslanov, Qafqaz Müsəlmanları İdarəsinin Qazılar Şurasının üzvü Hacı Tahir Abbasov, hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhərdə fəaliyyət göstərən universitetlərin rektorları, Gəncə Şəhər İcra Hakimiyyəti başçısı Aparatının məsul əməkdaşları, bələdiyyə sədrləri, idarə, müəssisə və təşkilat rəhbərləri iştirak ediblər.

Əvvəlcə mərasim iştirakçıları memorial lövhənin önünə çiçəklər düzüb, şəhidlərin ruhuna dərin ehtiramlarını bildiriblər.

Qeyd olunub ki, cəbhə xəttindən 80 kilometr aralıda yerləşən Gəncə şəhəri Vətən müharibəsi dövründə müxtəlif vaxtlarda dəfələrlə raket atəşinə məruz qalıb.  Bu hücumlar nəticəsində 6-sı uşaq olmaqla 26 mülki şəxs həyatını itirib, 180-ə yaxın dinc sakin isə yaralanıb.

Mülki şəhidlərin xatirəsini əbədiləşdirmək məqsədilə Prezident İlham Əliyevin tapşırığı ilə Gəncə şəhərində xüsusi Memorial Kompleks inşa edilib. Gəncə Memorial Kompleksinin açılışı cari ilin 27 sentyabr tarixində – Anım Günündə Prezident İlham Əliyevin iştirakı ilə baş tutub. Bu Memorial Kompleks Azərbaycanın mülki əhaliyə qarşı törədilmiş terrora cavabı, şəhidlərin əziz xatirəsinə dərin ehtiramın və gələcək nəsillərə sülhün, ədalətin əhəmiyyətini göstərən simvolik bir rəmzdir.

Daha sonra din xadimi tərəfindən Azərbaycanın suverenliyi uğrunda həlak olan bütün şəhidlərin ruhuna dualar oxunub.

Mərasimdən sonra rəsmilər Gəncə Memorial Kompleksindəki muzey ekspozisiyası ilə tanış olublar. “XX əsrin əvvəli”, “Deportasiya və məcburi köçkünlük”, “Soyqırımı və kütləvi qırğınlar”, “Atəşkəs və Vətən müharibəsi dövrü”, “İtkin düşənlər, kütləvi məzarlıqlar, mina terroru” və “İşıqlı gələcəyə doğru” mövzularına həsr olunmuş zallar iştirakçılarda dərin təəssürat yaradıb.

Sonda tədbir iştirakçıları Gəncə Memorial Kompleksində yaradılan şəraitlə tanış olublar.






 


Geri dön