Ana Sayfa > Karusel / Dünya > Politoloq: Qazaxıstan və Azərbaycan regionun iki əsas qapısıdır
Politoloq: Qazaxıstan və Azərbaycan regionun iki əsas qapısıdırDünən, 17:06. Yazar: Admin |
Qazaxıstan və Azərbaycanı çoxəsrlik qardaşlıq, mənəvi və mədəni yaxınlıq telləri birləşdirir. Qarabaginfo.az xəbər verir ki, bunu Apa-ya açıqlamasında qazax politoloq Аman Mambetalıyev bildirib. Ekspertin sözlərinə görə, hər iki ölkə müstəqilliyini bərpa etdikdən sonra Türk dünyasının dayaqları və Türk Dövlətləri Təşkilatının fəal üzvləri kimi çıxış edir: “Qazaxıstanla Azərbaycan Türk dünyasında əməkdaşlığı xarici siyasət kursunun vacib elementi və regional sabitliyin möhkəmləndirilməsi aləti kimi görür. 30 ildən artıq diplomatik münasibətlər ərzində Qazaxıstan və Azərbaycan qarşılıqlı hörmət, etimad və dəstəyə əsaslanan dialoqu ardıcıl şəkildə inkişaf etdirərək əlaqələri strateji tərəfdaşlıq səviyyəsinə qaldırıblar. Qazaxıstan–Azərbaycan münasibətlərinin özəlliyi onların çoxşaxəliliyindədir – siyasi və iqtisadi sahələrdən tutmuş humanitar və mədəni əməkdaşlığa qədər. İqtisadi əməkdaşlıq təhsil, elm və media sahələrində əlaqələrin möhkəmlənməsi ilə tamamlanır, ictimai və mədəni təşəbbüslər səviyyəsində həyata keçirilən “yumşaq diplomatiya” isə gələcək yaxınlaşma üçün möhkəm sosial baza yaradır. Qazaxıstandakı Azərbaycan diasporu mühüm rol oynayır. 2021–2025-ci illərin hesablamalarına görə, Qazaxıstanda Azərbaycan diasporunun sayı təxminən 155 min nəfərdir. Diaspor Qazaxıstan Xalqları Assambleyasının fəaliyyətində fəal iştirak edir, mədəniyyətlərarası dialoqa və humanitar əlaqələrin inkişafına töhfə verir. Bu insan amili iki xalq arasında qarşılıqlı anlaşma üçün möhkəm təməl yaradır və təhsil, media və incəsənət sahələrində təcrübə mübadiləsini təşviq edir”. Politoloq qeyd edib ki, hazırda ticarət əlaqələrində də müsbət dinamika müşahidə olunur və bu əlaqələrin gələcəkdə daha da artacağı gözlənilir. Hər iki ölkə öz regionlarının lideridir: “Qazaxıstan Mərkəzi Asiyaya, Azərbaycan isə Qafqaza “qapı” rolunu oynayır, bu isə böyük potensial yaradır. Ölkələrimiz arasında iqtisadi əməkdaşlıq dinamik şəkildə artır. 2025-ci ilin ilk yarısında Qazaxıstan və Azərbaycan arasında ticarət dövriyyəsi 331,7 milyon ABŞ dolları təşkil edib ki, bu da 2024-cü ilin eyni dövrü ilə müqayisədə demək olar 40% artım deməkdir. Bunun 281,6 milyon dolları Qazaxıstanın ixracının, təxminən 50 milyon dolları isə idxalın payına düşür. Azərbaycan İqtisadiyyat Nazirliyinin məlumatına görə, 2025-ci ilin yanvar–iyul aylarında Qazaxıstandan idxal demək olar 5 dəfə artaraq 448 milyon dollara çatıb. Azərbaycan Qazaxıstanın regiondakı ən böyük on ticarət tərəfdaşından biridir”. Аman Mambetalıyev onu da qeyd edib ki, Qazaxıstanın əsas ixrac məhsulları metallurgiya, taxıl, neft məhsulları və kimya sənayesi məhsullarıdır: “Azərbaycan isə elektronika, avadanlıq və ərzaq məhsulları ixrac edir. Uzunmüddətli perspektivdə iki ölkə qarşılıqlı ticarət dövriyyəsini 1 milyard dollara çatdırmağı hədəfləyir – bu məqsəd hər iki ölkə tərəfindən tam real hesab olunur”. Geri dön |