Ana Sayfa > Karusel / Təhsil > Nazirlikdə üçüncü kadr dəyişikliyi - Eşqi Bağırov da getdi?
Nazirlikdə üçüncü kadr dəyişikliyi - Eşqi Bağırov da getdi?15-10-2025, 17:14. Yazar: Admin |
Elm və Təhsil Nazirliyinin tabeliyində fəaliyyət göstərən Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin (MÜTDA) rəhbəri Eşqi Bağırovun məcburi məzuniyyətə göndərildiyi bildirilir. Bu barədə məlumatı Qarabaginfo.az-a ETN daxilindəki mənbələr verib. İddialara görə, o, faktiki olaraq vəzifəsindən azad edilib, lakin hələlik rəsmi məlumat açıqlanmır. Məsələni dəqiqləşdirmək üçün MÜTDA-nın mətbuat xidmətinin rəhbəri Zemfira Sevdimalıyeva ilə əlaqə saxladıq. Cavabında bildiridik ki, bir neçə saatdır rəsmi sorğu yollamışıq, ancaq heç bir cavab yoxdur. Bu zaman Zemfira Sevdimalıyeva qeyd etdi ki, müraciətə baxıb və dəqiqləşdirəndən sonra cavab verəcəklər. Bu qeyri-müəyyənlik təbii ki, müxtəlif ehtimalları gücləndirir. Dövlət orqanlarında belə səviyyəli kadr dəyişikliyi haqda xəbərlər yayıldıqda onların tezliklə rəsmi şəkildə təsdiqlənməsi və ya təkzibi gözlənilir. Bu dəfə məsələ nə təkzib, nə də təsdiq edildi. Bu, ictimaiyyət üçün sual doğurur, əgər Eşqi Bağırov hələ də vəzifəsindədirsə, niyə bu barədə açıq bəyanat verilmir? Əgər deyilsə, niyə rəsmi qərar gizli saxlanılır? Qeyd edək ki, son iki həftə ərzində Elm və Təhsil Nazirliyində bu, artıq üçüncü böyük kadr dəyişikliyidir. Belə ki, oktyabrın əvvəlində Elm və Təhsil Nazirliyinə tabe olan iki qurumunun rəhbəri öz ərizəsi ilə işdən çıxıblar. Təhsilin İnkişaf Fondunun sədri Elnur Nəsibov və Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru Ceyhun Kərəmov tutduqları vəzifədən azad edilib. Belə qısa müddətdə ardıcıl böyük üç dəyişiklik, təsadüfən baş vermiş proses təsiri bağışlamır. Bu, nazirliyin daxilində gərginliyə işarə edə bilər. Hazırkı mənzərədən görünən odur ki, Elm və Təhsil Nazirliyi daxilində müəyyən dəyişiklik prosesi gedir. Lakin bu prosesin məqsədyönlü islahat olub-olmaması hələlik aydın deyil. Əgər məqsəd sistemin yenilənməsi və effektiv idarəetməyə keçiddirsə, bu, təqdirəlayiq haldır. Amma dəyişikliklər şəffaf aparılmırsa və səbəblər izah olunmursa, bu, etimad böhranına gətirib çıxara bilər.\Modern
Geri dön |