Ana Sayfa > Karusel / Manşet / Siyasət > Prezidentin Yaxın Şərq sülh sammitində iştirakı Azərbaycanın artan qlobal rolunun təsdiqi kimi - TƏHLİL
Prezidentin Yaxın Şərq sülh sammitində iştirakı Azərbaycanın artan qlobal rolunun təsdiqi kimi - TƏHLİLBu gün, 16:02. Yazar: Admin |
Yaxın Şərqdə geosiyasi arxitekturanın yenidən formalaşdırılması məqsədilə Misirin Şarm əl-Şeyx şəhərində qlobal miqyasda təsir gücünə malik liderlərin iştirakı ilə yüksək səviyyəli sammit keçirilir. Toplantının əsas gündəliyini Qəzza zolağında atəşkəsin təmin edilməsi, humanitar böhranın aradan qaldırılması və dayanıqlı sülh mexanizmlərinin institusionallaşdırılması təşkil edir. Yaxın Şərq regionu sivilizasiyalar arasında strateji yol ayrıcında yerləşir və tarixən müxtəlif mədəniyyətlərə, dinlərə və siyasi maraqlara açılan mühüm bir mərkəz rolunu oynayıb. Burada müxtəlif ölkələrin, xalqların və geosiyasi aktorların maraqları toqquşur ki, bu da regionun beynəlxalq münasibətlər sistemindəki əhəmiyyətini daha da artırır. Azərbaycanın həm İslam ölkələri, həm də İsraillə paralel şəkildə münasibətləri inkişaf etdirməsi xüsusi diqqətəlayiqdir. Azərbaycan dünyada az sayda dövlətlərdəndir ki, fərqli dini və milli qütbləri bir araya gətirərək siyasi dialoq və əməkdaşlıq platformasında balanslı aktor imicini formalaşdırıb. Son dövrlərdə Yaxın Şərqdə müşahidə olunan gərginliklər Azərbaycan üçün həm strateji maraq, həm də narahatlıq doğuran amildir. Prezident İlham Əliyevin məhdud sayda dövlət başçılarının iştirakı ilə keçirilən Şarm əl-Şeyx sammitində iştirakı Azərbaycanın regiondakı diplomatik fəallığının bariz göstəricisidir. Bu səfər həm ikitərəfli, həm də çoxtərəfli əməkdaşlığın dərinləşdirilməsi üçün yeni imkanlar yaradır və eyni zamanda, İslam dünyasında Azərbaycanın nüfuzunun və siyasi çəkisinin artdığını təsdiqləyən mühüm diplomatik addım kimi dəyərləndirilir. Azərbaycanın Şarm əl-Şeyx sammitinə dəvəti: yüksələn qlobal rolun növbəti göstəricisi Azərbaycan Prezidenti İlham Əliyevin bu mühüm diplomatik platformaya dəvət olunması ölkənin beynəlxalq sistemdə artan strateji çəkisinin və Prezidentin fərdi diplomatik nüfuzunun bariz göstəricisidir. Prezident İlham Əliyevin sammitdə iştirakı Bakının regional aktor statusunu aşaraq qlobal diplomatik proseslərin aktiv iştirakçısına çevrildiyini nümayiş etdirir. Bu dəvət Azərbaycanın çoxvektorlu, balanslaşdırılmış və proaktiv xarici siyasət kursunun beynəlxalq miqyasda qəbul olunduğunu təsdiqləyir. Bakı qlobal gündəmin ən həssas məsələlərinin müzakirə olunduğu yüksək səviyyəli platformalarda təşəbbüslə çıxış edən etibarlı tərəfdaş kimi öz geosiyasi mövqelərini möhkəmləndirir. Bakı Politoloqlar Klubunun rəhbəri, politoloq Zaur Məmmədov APA-ya açıqlamasında qeyd edib ki, Şarm əl-Şeyx sammitində iştirak bir çox dövlətlər üçün arzuolunan diplomatik hadisədir. “Məsələnin mahiyyəti ondadır ki, bu yüksək səviyyəli toplantıya yalnız məhdud sayda dünya liderləri dəvət olunub. Bu, ilk növbədə həmin liderlərin qlobal siyasi nüfuzunun göstəricisidir və eyni zamanda, ABŞ-la strateji münasibətlərin səviyyəsi ilə birbaşa bağlıdır. Azərbaycan–ABŞ münasibətləri hazırda yüksək dinamika ilə inkişaf edir. Vaşinqtonda və Yaxın Şərq paytaxtlarında yaxşı anlayırlar ki, Azərbaycan bu gün regionda birləşdirici və inteqrasiyaedici aktor rolunu oynayır. Misirin yerləşdiyi geostrateji məkan və bütövlükdə Yaxın Şərqdə baş verən proseslər fonunda son illər Azərbaycanın diplomatik fəallığı nəzərəçarpacaq dərəcədə artıb. 44 günlük Vətən müharibəsindən sonra Azərbaycanın xarici siyasəti yeni istiqamətlərə və strateji hədəflərə yönəlib. Ölkə ilk dəfə olaraq Yaxın Şərq və Afrika istiqamətində bu dərəcədə sistemli siyasi və iqtisadi fəallıq nümayiş etdirir. Bu, Azərbaycanın müstəqillik dövründə regional və qlobal səviyyədə daha geniş siyasi manevr imkanları qazandığını göstərir. İsrail–Fələstin münaqişəsi uzun onilliklər ərzində minlərlə günahsız insanın həyatına son qoyaraq regionda ziddiyyətlərin daha da dərinləşməsinə səbəb olub. Hazırda beynəlxalq ictimaiyyət bu münaqişənin həlli və dayanıqlı sülhün bərqərar edilməsi üçün indiyədək olmadığı qədər yaxın bir mərhələyə daxil olub. Bu kontekstdə Prezident İlham Əliyevin Şarm əl-Şeyx sammitində iştirakı Azərbaycanın beynəlxalq imicinin möhkəmlənməsi, geosiyasi statusunun yüksəlməsi və qlobal diplomatik proseslərdə təsir imkanlarının genişlənməsi baxımından xüsusi əhəmiyyət kəsb edir,” deyə o, bildirib. Bakı qlobal gündəliyin mühüm oyunçusuna çevrilir Azərbaycan son illərdə beynəlxalq səviyyədə qəbul olunan qərarların formalaşmasında fəal rol oynayan və qlobal gündəliyin vacib iştirakçısına çevrilib. Bu mövqe ölkənin çevik diplomatiyasının və çoxşaxəli xarici siyasətinin nəticəsidir. Azərbaycan müxtəlif beynəlxalq platformalarda, xüsusilə Yaxın Şərqdə sülh, təhlükəsizlik və əməkdaşlıq məsələlərinin müzakirəsində mühüm tərəfdaş kimi çıxış edir. Prezident İlham Əliyevin yüksək səviyyəli sammitlərdə iştirakı Bakının regional aktor çərçivəsini aşaraq qlobal diplomatik proseslərdə təsirli oyunçuya çevrildiyini nümayiş etdirir. Bu iştirak Azərbaycanın qlobal siyasət kursunun və yeni Yaxın Şərq strategiyasının bariz ifadəsidir. Politoloqun fikrincə, Azərbaycan bu gün qlobal məsələlərin həllində fəal iştirak edən dövlət kimi beynəlxalq arenada öz mövqeyini möhkəmləndirib: “Qoşulmama Hərəkatı və Türk Dövlətləri Təşkilatı kimi mühüm çoxtərəfli platformalarda atılan addımlar nəticəsində Azərbaycan üzv dövlətlərin suverenliyinin qorunması, eləcə də onların müstəqil daxili və xarici siyasət imkanlarının genişlənməsi istiqamətində mühüm rol oynayıb. Prezident İlham Əliyevin siyasi fəaliyyəti həmin xalqların sabitlik və təhlükəsizliyə nail olması, eləcə də siyasi və iqtisadi sahələrdə dayanıqlı nəticələr əldə etməsi baxımından xüsusi əhəmiyyət kəsb edib. Hazırda beynəlxalq gündəlikdə dövlətlərarası münaqişələr, ekoloji problemlər və enerji məsələləri kimi qlobal çağırışlar ön plandadır. Azərbaycan bu məsələləri beynəlxalq platformalarda davamlı şəkildə qaldıraraq, yaşıl enerji keçidi, ənənəvi enerji resurslarının səmərəli istifadəsi və ekoloji təhlükəsizlik sahələrində qlobal dialoqa və praktiki həll yollarının tapılmasına mühüm töhfələr verir. Bu, coğrafi baxımdan kiçik bir dövlət üçün böyük diplomatik nailiyyətdir. Azərbaycanın geosiyasi çevikliyi və çoxvektorlu siyasəti ona imkan verir ki, gələcək onilliklərdə də qlobal proseslərin mərkəzində olsun və böyük güclərlə eyni siyasi platformalarda çıxış edən, qlobal gündəmi formalaşdıran aktor kimi əhəmiyyətini daha da artırsın”. Prezident İlham Əliyevin diplomatik aktivliyi Bakının beynəlxalq çəkisini artırır Oktyabr ayı Azərbaycan diplomatiyası üçün intensiv və strateji baxımdan mühüm dövr olub. Cəmi on iki gün ərzində Prezident İlham Əliyev dörd fərqli coğrafiyada keçirilən yüksək səviyyəli tədbirlərdə iştirak etməklə ölkənin çoxvektorlu xarici siyasət kursunu bir daha nümayiş etdirib. Ayın əvvəlində Kopenhagendə keçirilən Avropa Siyasi Birliyi sammitində iştirak edən dövlət başçısı burada Azərbaycan–Avropa münasibətləri, enerji təhlükəsizliyi və regional sabitlik məsələlərini diqqət mərkəzinə çəkib. Ardınca Qəbələdə Türk Dövlətləri Təşkilatının sammitinə ev sahibliyi edərək Türk dünyasında siyasi və iqtisadi inteqrasiyanın dərinləşməsinə töhfə verib. Daha sonra Düşənbədə keçirilən MDB dövlət başçılarının toplantısında çıxış edən Prezident, postsovet məkanında əməkdaşlığın inkişafı və nəqliyyat-kommunikasiya xətlərinin gücləndirilməsi ilə bağlı vacib mövzulara toxunub. Nəhayət, Şarm əl-Şeyxdə keçirilən beynəlxalq sammitdə iştirakı Azərbaycanın Yaxın Şərq siyasətinin yeni mərhələyə keçdiyini göstərib. Bu ardıcıl diplomatik fəallıq Azərbaycanın regional aktordan qlobal diplomatik proseslərdə təsirli oyunçuya çevrildiyini nümayiş etdirir. Politoloq Zaur Məmmədov bildirib ki, hələ oktyabr ayı başa çatmamış Prezident İlham Əliyevin iştirakı ilə keçirilən beynəlxalq tədbirlərin sayının dördə çatması Azərbaycanın diplomatik fəallığının və xarici siyasətinin geniş coğrafiyanı əhatə edən çoxvektorlu xarakterinin göstəricisidir. Onun sözlərinə görə, Azərbaycanın qısa müddət ərzində Avropa, Türk dünyası, MDB məkanı və Yaxın Şərq kimi müxtəlif siyasi platformalarda eyni zamanda, aktiv iştirakı ölkənin beynəlxalq nüfuzunun artdığını və qlobal proseslərdə mühüm rol oynadığını nümayiş etdirir: “Dövlət başçısı Avropa Siyasi Birliyinin sammitində, Türk Dövlətləri Təşkilatının zirvə görüşündə, MDB dövlət başçılarının toplantısında və nəhayət, Yaxın Şərqdə keçirilən yüksək səviyyəli beynəlxalq sammitdə iştirak edib. Bu intensiv diplomatik marşrut Azərbaycanın diversifikasiya olunmuş, tarazlaşdırılmış və rasional xarici siyasət kursunun bariz göstəricisidir. Bu fəaliyyət həm nəzəri, həm də praktik müstəvidə Azərbaycanın müxtəlif geosiyasi qütblər arasında balanslı siyasət yürütmək bacarığını nümayiş etdirir. Müstəqilliyin ilk illərində bəzi siyasi rəhbərliklərin xarici siyasətdə birtərəfli yönümlü yanaşmalarından fərqli olaraq, Prezident İlham Əliyev ümummilli lider Heydər Əliyevin siyasi kursunu davam etdirərək bütün istiqamətlərdə əlaqələrin inkişafını, beynəlxalq və regional güc mərkəzləri ilə praqmatik əməkdaşlığın genişləndirilməsini prioritetə çevirib. Bu strategiyanın nəticəsində Azərbaycan müxtəlif geosiyasi mərkəzlərin maraqlarını uzlaşdıraraq Cənubi Qafqazda yeni siyasi və iqtisadi inteqrasiya modelini formalaşdırıb. Əgər bu reallıq beynəlxalq aktorlar tərəfindən düzgün qiymətləndirilsə, region üçün sabitlik, təhlükəsizlik və inkişaf imkanları daha da möhkəmlənəcək. Avrasiyanın strateji orta xəttində yerləşən Cənubi Qafqaz üçün təhlükəsizlik və kommunikasiya xətləri həyati əhəmiyyət kəsb edir. Azərbaycan da bu proseslərdə lider dövlət kimi bundan sonra da əməli addımlar atmaq niyyətindədir”. Azərbaycanın Şarm əl-Şeyx sammitinə dəvəti həm də ölkənin Yaxın Şərq regionu ilə əlaqələrinin yeni mərhələyə daxil olduğunu göstərir. Bakı son dövrlər bu regionda həm enerji infrastrukturu, həm humanitar diplomatiya, həm də siyasi dialoq sahəsində fəallığını artırıb. Azərbaycanın neytral, balanslı və etibarlı tərəfdaş imici onu müxtəlif regional güclər və beynəlxalq aktorlar üçün cəlbedici edərək yeni formatlarda əməkdaşlığa yol açır. Geri dön |