Ölkədə dərinləşən siyasi böhran fonunda Prezident Emmanuel Makron səlahiyyət müddəti başa çatmadan istefa verməlidir.
Qarabaginfo.az xəbər verir ki, bu barədə Fransanın keçmiş Baş naziri Eduar Filipp bu gün bildirib.
O deyib ki, Makron gələn ilin büdcəsi qəbul edildikdən sonra növbədənkənar prezident seçkiləri təyin etməlidir.
“Mən dərhal və kəskin istefa çağırışı etmirəm. Amma prezident təşəbbüs göstərməlidir”, – Filipp Fransanın RTL radiostansiyasına müsahibəsində bildirib.
Qeyd edək ki, əgər Makron indi istefa versə, Fransada yeni prezident seçkiləri 20–35 gün ərzində keçirilməlidir. Onun hazırkı səlahiyyət müddəti 2027-ci ilin birinci yarısında başa çatır.
Xatırladaq ki, Eduar Filipp 2017–2020-ci illərdə Makron hökumətinə rəhbərlik edib.