Ana Sayfa > Karusel / Cəmiyyət > Mehmandarovun Yusifbəyliyə xəbərdarlıq məktubu: “Bolşeviklərdən ehtiyat edirəm”
Mehmandarovun Yusifbəyliyə xəbərdarlıq məktubu: “Bolşeviklərdən ehtiyat edirəm”30-12-2017, 10:40. Yazar: Admin |
"Qarabaginfo" xəbər verir ki, "Modern.az"saytı Cümhuriyyətin 100 illik yubileyi münasibəti ilə silsilə yazılarına davam edir. Bu dəfəki yazının mərkəzində Cümhuriyyətin iki fədaisi – baş nazir Nəsib bəy Yusifbəyli və hərbiyyə naziri Səməd bəy Mehmandarov dayanır.
Araşdırmaçı Lətif Babayevin arxivdən əldə etdiyi materiallar- Səməd bəy Mehmandarovun baş nazirə məktubu və məruzəsi - o dövrün hərb siyasətini öyrənməyə imkan yaradır.
Amma əvvəlcə Cümhuriyyətin hərbiyyə nazirinin müavini təyin olunan gün Səməd bəy Mehmandarovun yazdığı yazıya diqqət edək: “Nazirlər Şurasının qərarı ilə mən hərbi nazirin müavini təyin edilmişəm. Mən öz vəzifə borcumun yerinə yetirilməsinə başlayaraq görməli olduğum nəhəng işin bütün ciddiliyini, mürəkkəbliyini və çətinliyini gizlətmədən, hərbi nazirliyin bütün rütbəli şəxslərinin işə birgə, dostcasına və vicdanlı münasibəti ilə onun öhdəsindən gəlməyin tamamilə mümkün olduğunu bildirirəm. Döyüşə qadir ordu yaradılması işinin uğuru bütünlüklə bu işin düzgün qoyuluşundan asılıdır. Hamını birgə, yoldaşcasına işləməyə çağırmaqla, mən bütün səviyyələrdəki rəislərdən qoşunun təlim-tərbiyəsi, öyrədilməsi və möhkəm nizam-intizam yaradılması işinə tam ciddi diqqət yetirmələrini, xidməti işə, qayda-qanuna, vəzifə borcuna məhəbbətlə yanaşmalarını, tabeliyində olanlara qayğıkeş münasibət göstərmələrini istərdim”.
Səməd bəy Hərbi Nazirlikdən 21 aprel 1919-cu ildə Gəncə şəhərindən şəxsən Nazirlər Kabinetinin sədri N.Yusifbəyliyə çatdırılmalı olan 1663 saylı məxfi raport göndərir: “Bu il aprelin 15-dəki 1631 saylı raportla mən bolşeviklər tərəfindən orduda təbliğata başlamağa hazırlıq barədə məlumat vermişdim. Bakıda öz işini başa çatdıran həmkarlar ittifaqları qurultayı belə bir bəyannamə qəbul etmişdir: “İttifaqın məqsədi Zaqafqaziya hüdudunda sovet hakimiyyəti qurulmasının həyata keçirilməsi üçün hərtərərfli siyasi cəhd göstərməkdən ibarət olmalıdır”.
Bu bəyannamə yerli bolşeviklərin Azərbaycanın müstəqilliyini məhv edib, onu Sovet Rusiyası ilə birləşdirmək cəhdləri ilə artıq şübhə doğurmur. Bəyannamə nəzərə alınaraq Hökumətin fəaliyyətinin əsasında Azərbaycanın müstəqilliyinin müdafiəsi durmalıdır və mən şübhə etmirəm ki, bolşeviklərin dağıdıcı cəhdlərinə qarşı zəruri tədbirlər görüləcəkdir. Mən Bakı qarnizonunun qoşunlarına bolşeviklərin təsir göstərəcəklərindən ehtiyat edirəm, çünki Bakı hazırda Zaqafqaziya bolşeviklərinin fəaliyyət mərkəzidir. Buna görə xahiş edirəm Bakı xəfiyyə bölməsi qarnizon qoşunlarında zərərli təbliğata yol verilməməsi üçün öz nəzarətini gücləndirsin və bu sahədə rəhbər şəxslərə hərtərəfli köməklik göstərsin. Mənim tərəfimdən, həmçinin, qoşunlarda daxili nizam-intizama nəzarəti gücləndirmək tələb edilmişdir. Bu barədə ona görə xahiş edirəm ki, hərbi nazirlik Bakıda kəşfiyyat işini təşkil etmək və həyata keçirmək üçün kifayət qədər hazırlıqlı, yerli şəraitə bələd olan agentlərə malik deyil. Ümid edirəm ki, ordunu və bununla da Azərbaycanın müstəqilliyini saxlamaq uğrundakı ümumi mübarizə işində Hərbi nazirlik Daxili İşlər Nazirliyindən ancaq Bakıda deyil, respublika ərazisinin hər yerində, hərtərəfli dostluq köməyi görəcəkdir. Bunun üçün mən Zati Alilərinizdən general-qubernatorlara və qubernatorlara müvafiq əmrlə bildirməyinizi xahiş edərdim. Tam artilleriya generalı Mehmandarov, Baş qərargah rəisi general-leytenant Sulkeviç”. (ARDA, f894, s.7, iş.5, v.50). Geri dön |