Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və ölkəmizdə rəsmi səfərdə olan İtaliya Respublikasının Prezidenti Sercio Mattarella oktyabrın 1-də Bakıda İtaliya-Azərbaycan Universitetinin ilk tədris korpuslarının açılışında iştirak ediblər.
ADA Universitetinin rektoru Hafiz Paşayev Azərbaycan Prezidenti İlham Əliyevə, birinci xanım Mehriban Əliyevaya və İtaliya Prezidenti Sercio Mattarellaya yeni tikilmiş tədris korpusları və onların ətrafında yaradılmış park barədə məlumat verdi.
Sonra tədris korpusunda təşkil edilən Azərbaycan və İtaliya kənd təsərrüfatı məhsullarından ibarət sərgi ilə tanışlıq oldu.
Qeyd edək ki, İtaliya-Azərbaycan Universitetinin yaradılması təşəbbüsü 2020-ci ildə Prezident İlham Əliyev tərəfindən İtaliyaya dövlət səfəri zamanı irəli sürülüb. Layihəni həyata keçirmək üçün ADA Universiteti ilə İtaliyanın beş aparıcı ali təhsil müəssisəsi – Luiss Guido Carli Universiteti, Sapienza Universiteti, Turin Politexnik Universiteti, Alma Mater Bolonya Universiteti və Milan Politexnik Universiteti arasında 2022-ci ildə akademik əməkdaşlıq sazişləri imzalanıb. Bu əməkdaşlıq İtaliyada kiçik və orta sahibkarlığın, yaradıcı sahələrin, sənətkarlığın və texnoloji inkişafın dəstəklənməsi təcrübəsini təhsil və tədqiqat vasitəsilə Azərbaycana gətirir, iqtisadiyyatımızın strateji sahələri, xüsusilə də mühəndislik, kənd təsərrüfatı və qida sənayesi, memarlıq və dizayn üçün gələcək kadrları yetişdirmək məsələsində mühüm rol oynayır.
İtaliya-Azərbaycan Universiteti binalarının təməli 2022-ci ildə hər iki ölkənin xarici işlər nazirlərinin iştirakı ilə Bakıda qoyulub. Universitetə tələbə qəbulu 2023-cü ildən magistr səviyyəsində həyata keçirilir. Hazırda burada tədris olunan 8 bakalavr və 2 magistr proqramında 538 tələbə bakalavr, 102-si isə magistr səviyyəsində təhsil alır. İxtisaslardan 3-ü ikili diplom proqramıdır. Tədris proqramları elektrik və elektronika mühəndisliyi, memarlıq, interyer və kommunikasiya dizaynı, şəhərsalma, kənd təsərrüfatı və qida texnologiyaları, heyvandarlıq və müxtəlif menecment ixtisaslarını əhatə edir. Bakalavr və magistr proqramlarından əlavə, peşəkarlar üçün mütəmadi ixtisasartırma və sertifikat proqramları da həyata keçirilir.
Tədris korpuslarında sinif otaqları ilə yanaşı, müasir texnologiyalara əsaslanan, İtaliyanın Bolonya Universiteti və Milan Politexnik Universiteti ilə birgə qurulmuş 6 tədqiqat və 7 tədris məqsədli laboratoriya da fəaliyyət göstərəcək. Burada memarlığa aid materiallardan ibarət kitabxana, şəhərsalma, landşaft və foto-video studiyaları, müxtəlif dizayn emalatxanaları yerləşir. Yeni binalarda qurulmuş tədris emalatxanası isə dərslərin praktiki tədrisi üçün bir məkandır. Burada müxtəlif növ materiallarla işləmək üçün texnoloji və rəqəmsal imkanlar yaradılıb. Tədris emalatxanası tələbələr və tədqiqatçıların bir yerdə işlədiyi məkandır. Onların birgə əməyinin nəticəsi isə xüsusi Dizayn və yaradıcılıq mərkəzi vasitəsilə sənaye və biznes strukturlarına çatdırılacaq. Bir sözlə, bura tədris və tədqiqatın real iş dünyası ilə birləşdiyi mərkəzdir.
Tədris korpusunda yerləşən “bazar meydanı” isə Azərbaycanın tarixi “İpək Yolu”nun bir hissəsi olduğunu əks etdirir. Universitetin tələbələri və müəllimləri ildə bir dəfə burada bir araya gələrək öz layihələri ilə yarışacaq və onları biznes mühitinə təqdim edəcəklər. Bu sərgilər yerli və beynəlxalq səviyyədə universitet-sənaye-dövlət arasında üçtərəfli əməkdaşlığa xidmət göstərəcək.
Bu layihənin icrası ölkələrimiz arasında humanitar sahədə əməkdaşlığın yüksək səviyyəsinin göstəricisi olmaqla səmimi münasibətlərimizdən xəbər verir. Bu, həmçinin İtaliya təcrübəsindən istifadə etməklə Azərbaycan təhsilinin inkişafına töhfədir.
Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və İtaliya Prezidenti Sercio Mattarella tədris binalarında yaradılan şəraitlə tanış olduqdan sonra ölkəmizdə səfərdə olan İtaliya universitetlərinin rəhbərləri, İtaliya-Azərbaycan Universitetinin professorları və tələbələri ilə görüşüblər.
ADA Universitetinin rektoru Hafiz Paşayev görüşdə çıxış edərək dedi:
-Möhtərəm cənab Prezident İlham Əliyev.
Möhtərəm Prezident Sercio Mattarella.
Möhtərəm Mehriban xanım, ölkəmizin Birinci vitse-prezidenti.
Mən sizi səmimi-qəlbdən çox həyəcanla və iftixarla bu yeni binada salamlayıram. Həmçinin mən istəyirəm Azərbaycanın və İtaliyanın rəsmilərini, bizim professor-müəllim heyətini, tələbələri salamlayım və alqışlayım. Sizin hamınıza “Xoş gəlmisiniz!” deyirəm.
Beş il bundan əvvəl İtaliyaya rəsmi səfəri zamanı Prezident İlham Əliyev təşəbbüslə çıxış etdi və İtaliya-Azərbaycan Universitetinin yaradılması haqqında təklif irəli sürdü. O zamandan işlər başladı və 2022-ci ildə artıq Roma şəhərində biz İtaliyanın beş universiteti ilə birlikdə müqavilələrə qol çəkdik və beləliklə, niyyətlər konkret işlərə keçdi. Ondan sonra, əlbəttə, cənab Prezident bizə böyük bir hədiyyə kimi yeni İtaliya-Azərbaycan Universitetinin Bakıda kampusunun yaradılması haqqında Sərəncam verdi. Bu gün görürsünüz, biz indi həmin universitetdəyik. Bu, gözəl universitetdir, artıq iki bina bu universitetə məxsusdur. Biri Kənd təsərrüfatı və qida elmləri, digəri isə Dizayn və arxitektura fakültəsi. Əlbəttə, bu günə qədər nailiyyətlərimiz təkcə bunlar deyil, biz təhsilin təşkili sahəsində də işlər görmüşük və deyə bilərəm ki, bu gün bizim 640 tələbəmiz var. Onlardan 112-si magistr, qalanı bakalavr tələbələridir. Hətta deyə bilərəm ki, bizim ilk qəbulumuz 2023-cü ildə olub və artıq onun məzunları bu il Luiss Universitetinin magistr proqramını başa vurublar.
Əlbəttə, sizin vaxtınızı çox almaq istəmirəm, amma mən bir şeyi demək istəyirəm. Bu universitetin yaranmasında həm İtaliya tərəfi, həm də İtaliyanın beş universiteti – Luiss, Milan Politexnik, Turin Politexnik, Sapienza və Bolonya mühüm rol oynayıb. O əsas bina Bolonya Universitetinə məxsusdur ki, bu da kənd təsərrüfatına aiddir. Deməyim odur ki, bu işlər artıq görülüb və bu işlərdə çox şirkətlər iştirak edib. Onların bu işə verdiyi töhfə çox dəyərlidir. Mən indi hamısını sadalamaq istəmirəm, amma deməliyəm ki, bu iş doğrudan da təhsilə həvəsin çox böyük olduğunu göstərir. Biz bu işdə əməyi olan hər kəsdən, hər bir şirkətdən çox böyük kömək görmüşük. Onu da deyim ki, bu iş çox həvəslə görülüb.
Cənab Prezident, bu imkanı bizə yaratdığınıza görə Sizə çox təşəkkür edirik. Bu, doğrudan da həyəcandoğuran bir iş idi və təbii ki, bunun davamı olacaq. Amma elə bilirəm bu günə qədər gördüyümüz işlər müəyyən təsəvvür yaradıb ki, bizim niyyətlərimiz nədir, hara gedirik. Ümumiyyətlə, biz ölkənin təhsilinə daha artıq töhfə vermək fikrindəyik. Mən bilirəm ki, hər iki ölkədə təhsillə bağlı çox işlər görülür. Hətta tərəfdaşlarımız bu işdə bizə kömək edərək öz təcrübələrini həvəslə bölüşürlər. Bu mənada mən xüsusilə ona diqqət yetirmək istəyirəm ki, hazırda 26 doktorant bu iki universitetdə – Bolonya Universitetində, sonra Polimidə təhsil alır. Həmçinin Turində də bizim mühəndislik üzrə doktorantlarımız var.
Mən hər iki Prezidentin təhsilə verdiyi diqqəti və dəstəyi xüsusi qeyd etmək istəyirəm. Həm Prezident İlham Əliyev, həm də Prezident Sercio Mattarella təsadüfi deyil ki, bu gün bizimlə bir yerdə bu binaların açılışını edirlər. Ona görə universitetimizin, tələbələrimizin və müəllimlərimizin adından hər iki Prezidentə çox böyük təşəkkür edirəm.
Çox sağ olun.