Bakıda vətəndaşlardan biri “Rahat” marketin həyətində qurulmuş dəmir rəfin küləyin təsirindən avtomobilinin üzərinə düşdüyünü və maşının iki yerinin zədələndiyini iddia edir.
Qarabaginfo.az xəbər verir ki, zərərçəkmişin sözlərinə görə, market rəhbərliyi məsələni həll etməkdən və ziyanı ödəməkdən imtina edib.
Bu kimi hadisələr əslində təkcə şəxsi mübahisə deyil, həm də qanunvericiliklə tənzimlənən məsuliyyət məsələsidir. Mülki Məcəlləyə görə, fiziki və ya hüquqi şəxsin hərəkəti və ya hərəkətsizliyi nəticəsində digər şəxsə maddi ziyan vurularsa, həmin ziyan ödənilməlidir. Yəni, marketin həyətində yerləşdirilən hər hansı əşya küləyin və ya digər təbii amilin təsiri ilə vətəndaşa ziyan vurursa, məsuliyyət obyektin sahibi və ya idarəedən qurumun üzərinə düşür.
Ekspertlər bildirirlər ki, bu halda vətəndaşın hüquqi addımları aydın və mərhələli olmalıdır. İlk olaraq, hadisə dərhal sənədləşdirilməlidir – avtomobilə dəyən zərərin foto və video qeydləri aparılmalı, ətrafdakı şahidlərin ifadələri götürülməlidir. Daha sonra hüquq-mühafizə orqanlarına və bələdiyyə-polisi çağırılaraq akt tərtib olunması tövsiyə edilir.
İkinci mərhələ zərərin qiymətləndirilməsi ilə bağlıdır. Rəsmi ekspertiza və ya sığorta şirkəti vasitəsilə avtomobilin təmir dəyəri müəyyən olunmalıdır. Bu sənədlər əsasında vətəndaş market rəhbərliyinə rəsmi yazılı müraciət edə bilər.
Əgər qarşı tərəf məsuliyyəti qəbul etməsə, növbəti addım məhkəmə iddiası qaldırmaqdır. Mülki Prosessual Məcəlləyə əsasən, vətəndaş dəyən ziyanın ödənilməsi ilə yanaşı, əlavə xərclərin (ekspertiza, məhkəmə rüsumu və s.) qarşı tərəfdən tələb edilməsinə də hüquqludur.
Hüquqşünaslar hesab edirlər ki, bu tip hadisələrdə ən mühüm məsələ sübut bazasının güclü olmasıdır. Foto, video, şahid ifadələri və ekspert rəyinin olması məhkəmədə vətəndaşın mövqeyini gücləndirir.
Beləliklə, vətəndaşların hüquqlarını qoruması üçün ilk addım hadisəni dərhal sənədləşdirmək və məsələni qanuni yollarla həll etməyə çalışmaqdır. Əks halda, məsuliyyətsiz sahibkarların davranışı nəzarətsiz qalaraq daha çox insana zərər vura bilər.