Ana Sayfa > Karusel / Siyasət / Region > İmperiya xəyalı bitdi - Rusiya Cənubi Qafqazdan ÇIXARILIR
İmperiya xəyalı bitdi - Rusiya Cənubi Qafqazdan ÇIXARILIRBu gün, 10:45. Yazar: Admin |
Avqustun 8-də Ağ Evdə ABŞ liderinin iştirakı ilə Ermənistan və Azərbaycan liderlərinin görüşünü Cənubi Qafqaz üçün tarixi dönüş nöqtəsidir. Qarabaginfo.az xəbər verir ki, bu barədə Amerikanın "Atlantic Council" jurnalında dərc olunan analitik məqalədə BMT-nin baş hüquq məsləhətçisi Şeyla Peylan və Yorktown İnstitutunun Turan Araşdırmalar Mərkəzinin direktoru Cozef Epşteyn qeyd edib. Müəlliflər yazır ki, tərəflər yekun sülh müqaviləsini hazırlayacaq sənədi paraflayıb və “Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu” (TRIPP) adlanan dəhlizin yaradılması barədə razılığa gəliblər. Bu dəhliz Azərbaycanın əsas hissəsini Ermənistan üzərindən Naxçıvanla birləşdirəcək və regionda yeni iqtisadi və siyasi mərhələnin başlanğıcı olacaq. Analitiklərə görə, bu razılaşma yalnız Azərbaycan və Ermənistan üçün deyil, ABŞ üçün də böyük diplomatik qələbədir. Eyni zamanda, Rusiyanın bölgədəki təsiri zəifləyib və Moskva prosesin ən böyük uduzan tərəfinə çevrilib. Məqalədə qeyd olunur ki, ABŞ-ın bu uğuru yalnız fəal diplomatiya ilə yox, həm də Moskvanın ardıcıl səhvləri və qonşu ölkələrə imperiya yanaşması nəticəsində mümkün olub. Müəlliflər Rusiya rəhbərliyinin hələ də Ermənistan, Azərbaycan və Gürcüstan kimi müstəqil dövlətləri öz təsir dairəsinin tərkib hissəsi kimi görməsini vurğulayır və bu yanaşmanı XIX əsrdə çar I Nikolayın məşhur “Rusiya bayrağı harada qaldırılıbsa, orada heç vaxt endirilməyəcək” sözləri ilə, həmçinin Putinin “Rusiyanın sərhədləri yoxdur” ifadəsi ilə müqayisə edirlər. Hətta Sergey Lavrovun Alyaska sammitinə “SSR” yazılı sviterlə gəlməsi Kremlin mesajı kimi dəyərləndirilir. Müəlliflər yazır ki, Moskvanın bu düşüncə tərzi Ermənistan və Azərbaycan kimi qonşuları ondan uzaqlaşdırıb. Ermənistan uzun illər təhlükəsizliyini Rusiyaya həvalə etsə də, 2022-ci ilin sentyabr döyüşlərində hərbi yardım ala bilmədi, 2023-cü ildə isə rus sülhməramlıları bölgədə ola-ola, Azərbaycan Qarabağı tam işğaldan azad etdi. İrəvan bu hadisələrdən sonra Moskvanın etibarsız olduğunu anladı və 2024–2025-ci illərdə addım-addım Rusiyanın təsirindən çıxmağa başladı: KTMT-də iştirakını dondurdu, Beynəlxalq Cinayət Məhkəməsinin Roma Statutunu ratifikasiya etdi və 2024-cü ilin iyulunda Rusiya sərhədçilərini aeroportdan çıxardı. Eyni zamanda, Moskva Ermənistana qarşı iqtisadi təzyiqləri gücləndirdi: 2023-cü ildə süd məhsullarına, 2024-cü ildə digər kənd təsərrüfatı mallarına qadağalar qoyuldu, 2025-ci ildə gül ixracına zərbə vuruldu, öncədən ödənilmiş silahlar isə təhvil verilmədi. Bu addımlar müəlliflər tərəfindən “bandit üslubu” adlandırılır. Məqalədə Azərbaycanın da Kreml tərəfindən təzyiqlərlə üzləşdiyi xatırladılır. 2024-cü ilin dekabrında Rusiya HHM qüvvələrinin Azərbaycan mülki təyyarəsini vurmasından sonra Bakı “Sputnik”in fəaliyyətini dayandırdı. Cavab olaraq Rusiya hüquq-mühafizə orqanları Yekaterinburqda azərbaycanlı diaspor nümayəndələrini kütləvi həbs etdi, işgəncə halları qeydə alındı və Səfərov qardaşları öldürüldü. Müəlliflər bu addımları açıq hədələmə və qorxutma siyasəti kimi qiymətləndirirlər. Epşteyn və Peylanın qənaətinə görə, ABŞ üçün yaranmış bu fürsət sadəcə sülhün imzalanması ilə yekunlaşmamalıdır. Vaşinqton TRIPP dəhlizini tezliklə reallaşdırmalı, Ermənistan üzərindən Azərbaycan və Türkiyəyə yeni yol və dəmir yolu xətləri açmalı, Orta Dəhlizi Mərkəzi Asiyaya qədər uzadaraq Rusiyanı və İranı yan keçən qlobal ticarət şəbəkəsi qurmalıdır. Bu addımlar həm regionu dünya iqtisadiyyatına daha sıx birləşdirəcək, həm də nadir torpaq elementləri və strateji mineralların təhlükəsiz tədarükünü təmin edəcək. Analitiklər vurğulayır ki, bu, Ukraynaya yardım və Rusiyaya qarşı sanksiyaları tamamlayan “yumşaq güc” strategiyasıdır və bir güllə atmadan Moskvanın təsirini zəiflətməyə imkan verəcək. Məqalə yekun olaraq qeyd edir ki, Cənubi Qafqazda yeni geosiyasi reallıq formalaşır: Ermənistan Rusiyanın kölgəsindən çıxır, Azərbaycan regionun əsas tranzit mərkəzinə çevrilir, ABŞ isə yaranmış fürsətdən istifadə edərək bölgədə sabitliyi möhkəmləndirə və Rusiya təsirini məhdudlaşdıra bilər. Bu, həm regional iqtisadi inkişaf, həm də uzunmüddətli sülh üçün tarixi pəncərədir. Geri dön |