Ana Sayfa > Karusel / Mədəniyyət > Milli Musiqi Günündə Üzeyir Hacıbəylinin məzarı ziyarət edilib - FOTO
Milli Musiqi Günündə Üzeyir Hacıbəylinin məzarı ziyarət edilib - FOTOBu gün, 10:40. Yazar: Admin |
18 sentyabr - Milli Musiqi Günü münasibətilə Fəxri xiyabanda dahi bəstəkar Üzeyir Hacıbəylinin məzarı ziyarət edilib. Qarabaginfo.az xəbər verir ki, mərasimdə mədəniyyət naziri Adil Kərimli, nazirliyin məsul əməkdaşları, tanınmış mədəniyyət və incəsənət xadimləri iştirak ediblər. Adil Kərimli mərasim iştirakçılarını Milli Musiqi Günü münasibətilə təbrik edərək bildirib ki, 18 sentyabr mədəniyyətimizin ən əlamətdar günlərindən biridir: “Üzeyir Hacıbəylinin zəngin ənənələri dünyaya səs salan, böyük məzmun və formaya malik sənət əsərləri ilə yaşadılır və istedadlarımız tərəfindən dünyaya tanıdılır. Bu gün Azərbaycanın öz musiqisi ilə qeyd etdiyi Milli Musiqi Günü heç də təsadüfi deyil. Bu gün milli musiqi məktəbinin yaradıcısı, dahi bəstəkar Üzeyir Hacıbəylinin adı ilə bağlıdır. Böyük bəstəkarımız Üzeyir Hacıbəylinin xatirəsini bu gün hər bir azərbaycanlı, istər ölkə daxilində, istərsə də dünyanın müxtəlif yerlərində yaşayan soydaşlarımız ehtiramla yad edir. Bu il Üzeyir Hacıbəylinin anadan olmasının 140 illiyi qeyd olunur. Ölkəmizdə bu əlamətdar tarix yüksək səviyyədə, təntənəli şəkildə keçirilir. Tədbirlər planı hazırlanıb. 140 illik yubiley çərçivəsində Azərbaycanın musiqi incilərinin ən gözəl nümunələri təkcə ölkəmizdə deyil, bütün dünyada geniş şəkildə səsləndirilir. Hətta İtaliya, Avstriya, Almaniya və Türkiyə kimi ölkələrdə də konsertlər təşkil olunur”. Azərbaycan Bəstəkarlar İttifaqının sədri, Xalq artisti Firəngiz Əlizadə dahi bəstəkarın ölməz irsindən söz açaraq bildirib ki, nə qədər Azərbaycan xalqı var, onun irsi də daim yaşayacaq. Azərbaycan Yazıçılar Birliyinin sədri Anar isə qeyd edib ki, Üzeyir Hacıbəylinin irsi hər zaman Azərbaycan musiqisinin yaddaşında qalacaq. Geri dön |