Rusiya prezidenti Putin Ukraynada yerləşdirilməsi müzakirə olunan Avropa qoşunlarını hədələyib.
Qarabaginfo.az bildirir ki, Putin Ukraynaya xarici qoşunların yerləşdirilməsinin əleyhinə çıxış edib:
“Əgər orada xüsusən indi, hərbi əməliyyatlar zamanı hər hansı bir qoşun ortaya çıxarsa onlar qanuni hədəflər olacaq. Əgər sülhə, uzunmüddətli sülhə aparan qərarlar qəbul olunarsa, mən onların Ukrayna ərazisində olmasının sadəcə mənasını görmürəm”-deyə Putin vurğulayıb.
Rusiya lideri həmçinin təkcə Ukraynanın deyil, Moskvanın da təhlükəsizliyinə zəmanət verməyə çağırıb. Onun fikrincə, Ukraynanın NATO-ya daxil olması Rusiyanın təhlükəsizlik sahəsində maraqlarına zidd olardı, lakin Kreml ölkənin Aİ-yə üzvlüyünə etiraz etmir.
Vladimir Putinin sözlərinə görə, indi Moskva və Kiyev arasında dövlət başçıları səviyyəsində təmasların heç bir mənası yoxdur. Eyni zamanda Putin Ukrayna prezidenti Vladimir Zelenskini yenidən Rusiya paytaxtında görüşə dəvət edib. Zelenski özü daha əvvəl danışıqlar üçün Moskvaya getməyəcəyini bildirmişdi və Putini danışıqları uzatmaqda ittiham etmişdi.
Buna baxmayaraq, o, Rusiya liderinin ümumiyyətlə belə bir görüşün mümkünlüyü barədə düşünməsini təqdir edib.
“İstəklilər koalisiyası”nın Parisdəki görüşündən sonra Ukrayna prezidenti də ölkəsi üçün təhlükəsizlik təminatlarının ümumi çərçivəsi haqqında razılığın əldə olunduğunu açıqlayıb. Fransa prezidenti Emmanuel Makron daha sonra 26 dövlətin müharibə bitdikdən sonra sülhməramlı missiyada iştirak etməyə hazır olduğunu açıqlayıb.