Ana Sayfa > Karusel / Cəmiyyət / Yazar > Bitdi… Amma və lakin bitməyib- Emin Tarverdiyev yazır…
Bitdi… Amma və lakin bitməyib- Emin Tarverdiyev yazır…22-12-2020, 16:10. Yazar: Admin |
Müharibədən 4 ay öncə – “Tovuz döyüşləri”ndə işimlə bağlı elə Tovuzdaydım. Orada yaşananları görəndə içimdə bir qığılcım alovlanmışdı – müharibə olacaq. Tovuz hadisələri xalqımız üçün 27 illik bir həsrət yarasının qaysağını qopardı – Polad Paşamızı, İlqar Mirzəyev kimi ömrünü hərbiyə həsr etmiş zabitlərimizi itirdik. Amma dayandıq, dözdük. Zəmanə dəyişib. Sosial media həyatımızın ayrılmazına çevrilib. Əvvəllər “bulaq başında arvadlar deyirsə, düzdü” söhbəti indi “feysdə yazıblarsa, düzdü” kəlməsi ilə əvəzlənib. “Tovuz döyüşləri”ndən sonra dostların başlatdığı “təkər əməliyyatı”na start verildi və elə bundan da feysbukdan xəbər tutdum. Biz də qoşulduq… 40 dərəcə istidə maşın da yüklədik, toz-torpağı içimizə çəkə – çəkə çay da dəmlədik, yemək də bişirdik, pandemiya ilə əlaqədar şənbə-bazar avtobuslar işləmədiyi halda 20 km yolu velosipedlə gələn də oldu – təkər getsin cəbhəyə, “1 təkər 1 canı ölümdən qurtarır” devzi ilə yapdıq bunları – çünki o səngərdə duran bizim idi, qardaşlarımız idi, Azərbaycanın idi… Ölməklərini istəmirdik. İstanbuldakı 1 həftəlik səfərimin sonuncu gecəsi idi, artıq 26 sentyabr tarixi yekunlaşırdı. İçimdəki hisslər qəribə aura yaratmışdı məndə. Elə bu hisslərə aludə olub Azərinin ifasında “Çırpınırdı Qara dəniz” və Şəmistan bəyin möhür vurduğu “Cənab Leytenant”ına dəfələrlə qulaq asdım, nədənsə feysbukda bu ifaları paylaşdım və 4 saat sonra qos-qoca İstanbulu – nəhəng meqapolisi göz yaşı tək yağışın müşayəti ilə tərk etdim. Səhər 09:30-da təyyarə enər-enməz vatcapıma dostumdan Müdafiə Nazirliyinin məlumatı gəldi: “Ermənistan SQ-nın döyüş aktivliyinin qarşısını almaq, mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə Azərbaycan Ordusunun komandanlığı tərəfindən qoşunlarımızın bütün cəbhə boyu əks-hücum əməliyyatı başlaması barədə qərar verilib”. İlk cümlədən gözlərim doldu və ətrafımdakıların eşidə biləcəyi tərzdə “Şükür, döyüş başladı” dedim. Ən azından illərdi həsrətində idik…. Haqq müharibəmiz 44 gün davam etdi. “Dəmir yumruq”umuz ermənistanın onurğa sütununu sındırdı. İllərlə özlərinə gəlməyəcəklər. Əllərinə versələr də silahı, ağızlarına versələr də bal-qaymağı, ta xeyri yoxdu… Sınıblar, məhv olublar. 44 gün dayanmadıq, qarışqa kimi işlədik. Pandemiya dönəmində etdiyimiz işlər çevrəmizdə bizə qarşı bir inam yaratmışdı: əsgərə dəstək üçün maşın təklif edən, ərzaq təklif edən, geyim təklif edən. Tam səmimi deyim ki, telefon zəngləri (köməklə bağlı) bəzən işlərimizə mane olurdu. Amma ləzzət verirdi, həzz alırdıq. Bəzən 2, bəzən 4 saat postlarda ilişib qaldığımız vaxtlar olub. Amma niyyətimiz təmiz, saf olduğu üçün hər yerdə səmimi qəbul olunduq. Əsgər üçün gətirdiyimiz hər şey bizim əlimizlə əsgərə çatdırıldı. Şəxsən Tərtər İcra Hakimiyyətinin başçısının minamyot yağışı altında bizə təşəkkür etməsi arxa cəbhə adamı üçün bir xatirədi, xoş anlardı. Səngərdə zabitlərin top toz-torpağında apardığımız “Əsgər məktub”larını cavablandırması Allahın bir lütfi idi, yaşadıq… Bitdi… Amma və lakin bitməyib. Biz hələ də bu missiyamızı davam etdiririk. Hər gün elə öz yaxınlarımdan bəlkə də onlarla sms, zəng qəbul edirəm. “Filan yerdə filan şey çatmır” – gücümüz çatırsa edirik, alınmırsa Nurlan, Elnur və s. kimi dostlara yönləndiririk, çalışırıq həll olunsun və həll olunur da… Sosial şəbəkələrdə adımızı çox yerə işarələyirlər, təşəkkür edirlər. Bir kəlmə yazıb keçirəm: “Vətən sağ olsun”. Mənim üçün bundan ötə bir şey yoxdu. Hərbi – Xidmət anlayışı tam fərqlidi və bunu unutmaq olmaz. Bu sahə hansısa televiziyanın səhnəsi deyil ki, şou proqram yaradasan, şoumenlik edəsən. Bitdi… Amma və lakin bitməyib. Emin Tarverdiyev
Geri dön |