Ana Sayfa > Karusel / Siyasət > Bakı ilə İrəvan arasında sülh ABŞ-yə də fayda gətirəcək - Senatordan ÇAĞIRIŞ
Bakı ilə İrəvan arasında sülh ABŞ-yə də fayda gətirəcək - Senatordan ÇAĞIRIŞ31-07-2025, 11:21. Yazar: Admin |
ABŞ-ın Montana ştatını təmsil edən respublikaçı senator Stiv Deyns prezident Donald Trampın Cənubi Qafqazda Ermənistan və Azərbaycan arasında sülh sazişinin əldə olunmasına çox yaxın olduğunu bildirib. Qarabaginfo.az xəbər verir ki, o, bu addımı “bölgə və dünya üçün əhəmiyyətli geosiyasi dönüş nöqtəsi” kimi qiymətləndirib. “Wall Street Journal” qəzetində dərc olunan məqalədə senator qeyd edir ki, Ermənistan və Azərbaycan keçmiş SSRİ-nin bir hissəsi olsalar da, 1980-ci illərin sonlarından bu yana aralarında fasilələrlə gərgin və zaman-zaman hərbi qarşıdurmalarla müşayiət olunan münaqişə yaşanıb. Onun sözlərinə görə, əvvəlki ABŞ administrasiyaları bu münaqişəyə ciddi önəm verməyib və sülh cəhdləri qısamüddətli və zəif olub. Stiv Deyns Tramp administrasiyasının bu məsələyə fərqli yanaşdığını bildirir: “Prezidentin praqmatik və yaradıcı diplomatiya yanaşması, hər iki tərəf üçün daha parlaq gələcək vəd edən təşəbbüslərlə birləşdi və bu, real nəticələr doğurdu.” Senator bu il Trampın komandasının üzvləri ilə birlikdə həm Ermənistana, həm də Azərbaycana səfər etdiyini, regionun iqtisadi imkanlarını araşdırdıqlarını və sülh danışıqlarının çətin məqamlarında vasitəçilik etdiklərini vurğulayıb. Deyns bildirib ki, o, həm Azərbaycan Prezidenti İlham Əliyevlə, həm də Ermənistanın Baş naziri Nikol Paşinyanla görüşlər keçirib və real həll yollarını müzakirə edib: “Hər iki lider tarixi fürsət və yaranmış imkanın fərqindədir.” Senator hesab edir ki, Rusiya uzun illər bu regionda vasitəçi rolunu sui-istifadə edərək münaqişəni uzadıb və Cənubi Qafqaz ölkələrini təcrid olunmuş vəziyyətdə saxlayıb. Onun fikrincə, indi həm Ermənistan, həm də Azərbaycan rus təsirindən xilas olaraq, ABŞ-la daha yaxın əməkdaşlığa yönəlirlər: “Bu region gələcəyini artıq özü müəyyənləşdirəcək. ABŞ-la tərəfdaşlıq bölgə üçün deyil, daha geniş coğrafiya üçün rifahın təməlini qoya bilər.” Deyns məqaləsində Orta Dəhlizin coğrafi və geoiqtisadi əhəmiyyətinə də toxunur. Onun fikrincə, İran və Rusiya kimi ABŞ-ın əsas rəqiblərinin arasında yerləşən bu dar zolaq Asiyadan Avropaya sərbəst ticarət üçün yeganə açıq marşrutdur. O vurğulayıb ki, Mərkəzi Asiyanın beş dövləti - Qazaxıstan, Özbəkistan, Qırğızıstan, Tacikistan və Türkmənistan böyük miqdarda neft, qaz, kömür, uran və digər vacib resurslara malikdir. Bu potensiala Ermənistan və Azərbaycanın antimon, mis, qızıl, xromit, manqan, gümüş, sink və nadir torpaq elementləri kimi zəngin ehtiyatları da əlavə olunur. “Əgər regionda münaqişə olmasa, transanadolu qaz kəməri (TANAP) daha çox enerji ehtiyatını Avropaya daşıya bilər və qitə bir daha Rusiyadan enerji asılılığı yaşamaz. Cənubi Qafqazın mineral ehtiyatları isə ABŞ-ın Çindən asılılığını azalda bilər.” Senator bildirir ki, Ermənistan və Azərbaycan üçün sülh həm də milli təhlükəsizlik və iqtisadi sabitlik deməkdir. Müştərək investisiyalar yeni iş yerləri yaradacaq və maliyyə sabitliyini təmin edəcək. Məqalənin sonunda Stiv Deyns qeyd edir ki, Tramp administrasiyasının qətiyyəti bu iki ölkə üçün tarixi fürsət yaradıb: "Qarşıdakı saziş yalnız Cənubi Qafqaz və Mərkəzi Asiya üçün deyil, ABŞ və onun müttəfiqləri üçün də uzunmüddətli fayda gətirəcək. Region və dünya sülhü naminə Ermənistan və Azərbaycanın liderləri bu sənədi bir an öncə yekunlaşdırmalıdırlar.” Geri dön |