Ana Sayfa > Karusel / Kriminal > “Oba market”in kassiri 50 qəpiyə görə öldürülübmüş...

“Oba market”in kassiri 50 qəpiyə görə öldürülübmüş...


Dünən, 18:04. Yazar: Admin

oba-marketin-kassiri-50-qepiye-gore-oldurulubmus

Sabunçu rayonunda yeniyetmənin törətdiyi qətl hadisəsi ilə bağlı məhkəmə araşdırması başa çatıb.

Qarabaginfo.az istintaq materiallarına əsasən hadisənin təfərrüatını təqdim edir.

Cinayət hadisəsi bu ilin payızında baş verib. 17 yaşlı Elcan Süleymanov özündən 3 yaş böyük Xəyal Nağıyevi bıçaqlayaraq öldürüb.

Tərəflər arasındakı mübahisə isə 50 qəpiyə görə başlayıb. Belə ki, Xəyal Ramana qəsəbəsində “Oba Market”də kassir işləyirmiş. Müştəri kimi mağazaya gələn yeniyetmə Elcan yağ aldıqdan sonra ödəniş edib. Lakin aldığı mala görə 50 qəpik az pul verib. Xəyal isə pulu tam verməli olduğunu qeyd edib. Bu səbəbdən aralarında mübahisə baş verib. Elcan qalığı sabah verəcəyini deyərək mağazadan çıxıb.

Səhəri gün o, içkili vəziyyətdə yenidən mağazaya gəlib. Onlar arasında mübahisə başlayıb. Elcan Xəyalı marketdən çölə çağıraraq üstündəki bıçaqla qətlə yetirib.

Təqsirləndirilən yeniyetmə məhkəmədə özünü qismən təqsirli bilib. İfadəsində deyib ki, mərhumla əvvəllər mübahisələri olsa da, sonuncu gün ondan üzr istəmək üçün mağazaya gedib. Həmin vaxt Xəyal kassasının arxasında oturmuş vəziyyətdə olub. Söhbət etmək üçün ayağa qalxmasını istəyib. Xəyal isə ona qulaq asmayaraq yenidən mübahisə başladıb. Bundan sonra mağazadan kənarda davam edən mübahisə faciə ilə yekunlaşıb. 

Məhkəmə istintaqı zamanı toplanmış sübutlarla yeniyetməyə qarşı verilmiş ittiham əsaslı hesab edilib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Elcan xuliqanlıq niyyəti ilə adam öldürməkdə təqsirli bilinib. Ona təyin oluna biləcək ən ağır cəza -10 il azadlıqdan məhrumetmə cəzası verilib. Qətlə yetirilən gəncin yaxınları isə cəzadan narazı qalaraq məhkəmə salonunu tərk ediblər.

Zərərçəkmiş tərəf etiraz etsə də, qanun deyir ki, 18 yaşına çatmamış şəxsə 10 ildən artıq həbs təyin edilə bilməz. Məhkəmə də Elcana qanunda bu yaş qrupu üçün nəzərdə tutulan maksimal cəzanı verib.


Geri dön