Türkiyə regionda baş verə biləcək istənilən ssenariyə qarşı tədbirlər görür.
Bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ankarada hökumətin iclasından sonra keçirilən mətbuat konfransında bildirib.
Türkiyə Prezidenti Suriyadakı proseslərə diqqət yönəldərək qeyd edib ki, qonşu ölkənin ərazi bütövlüyü məsələsi Ankaranın regional siyasətində əsas yer tutur.
“Biz Suriyanın parçalanmasını nəzərdə tutan planları dəstəkləməmişik, dəstəkləməyəcəyik. Suriyalı qardaşlarımızla birlikdə hadisələrin belə inkişafına imkan verməyəcəyik”, – deyə dövlət başçısı bildirib və vurğulayıb ki, “sabit Suriya qonşu ölkələr üçün də sabitlik mənbəyi olacaq”.
Ərdoğan Suriya xalqı və hökuməti ilə həmrəy olduğunu bəyan edib. Türkiyə prezidenti bu gün Suriyanın keçid dövrünün lideri Əhməd Əl Şaraa ilə telefon danışığı apardığını da bildirib.
“Biz Suriyada qan tökülməsinin dayandırılması istiqamətində atılacaq addımları müzakirə etdik. Əminəm ki, Suriya Əl Şaraa kimi güclü liderin rəhbərliyi altında bu çətinliklərin də öhdəsindən gələcək”, – deyə Türkiyə Prezidenti bildirib.
Dövlət başçısının sözlərinə görə, Türkiyə heç bir ölkəyə düşmən münasibət bəsləmir və digər dövlətlərin hüquq və suverenliyini pozmaq niyyətində deyil.
“Yeganə arzumuz regionda sakitlikdir”, – deyə Ərdoğan bildirib və Ankaranın bundan sonra da bölgədə davamlı sülh və sabitliyin təmin olunmasına töhfə verməyə hazır olduğunu vurğulayıb.