Ana Sayfa > Karusel / Yazar > Xudayar müəllimin iti- hekayə
Xudayar müəllimin iti- hekayə15-12-2020, 18:12. Yazar: Admin |
...Xudayar müəllimgil Füzulinin işğalından sonra Beyləqan rayonu ərazisində, Füzuli rayonunun işğaldan azad edilmiş hissəsinin qurtaracağına yaxın bir yerdə məskunlaşmışdı. Kolluqları qırıb, elə köç saldıqları yerin torpağından köməkləşib çiy kərpic kəsərək özlərinə balaca evlər tikmişdilər, məhlə salmışdılar. Kolluqların bir hissəsini qırsalar da təzə "kənd”in adına Kollu deyirdilər.
Qabaqlar o tərəflərə yolum düşəndə hərdən onlarda gecələyirdim. Müəllimin bir İti var idi. Gecələr səhərə qədər nə o İt yatırdı, nə də ki, mən çimir eləyə bilirdim. İt səhərə qədər zingildəyir, nə isə "danışır”, nə isə "oxuyur”, kimi isə "çağırırdı”.
Özləri deyəsən artıq buna vərdiş eləmişdilər.
...İtin qəribə zingiltisi var idi. Beş-altı dəqiqədən bir təkrarlanan bu zingiltidən hiss edirdin ki, İtin harasısa bərk ağrıyır, canını qoymağa yer tapmır. Elə yanıqlı, elə əzablı, elə dəhşətli səslər çıxarırdı ki, adamın ürəyi tikə-tikə olurdu... Elə bil İtin ətini kəsirdilər.
Bəzən kənd yerlərində yaşlı nənə və babalardan təzəcə dil açmış nəvələri barədə soruşanda, çox sevinclə, fərəhlə "Əşi, it dili danışır e!”- deyə cavab verərdilər. Amma mənim dediyim "it dili” o "it dili”ndən deyildi. Mənin dediyim İtin dili dünyanın ən dəhşətli dili idi!
Tez-tez özümdən soruşurdum: "Görəsən bu İt nə danışır, niyə özün öldürür belə? Nə istəyir?!”.
Bəzən də əlacsız qalıb deyirdim: "Başına dönüm, ay Allah, bu İt niyə belə eləyir axı?” Adam o İtin fəryadına dözə bilmirdi. Adamın canı çıxırdı...
Səhərə qədər yata bilmir, səhəri diri gözlü açıb, tez bu zingiltidən uzaqlaşmaq istəyirdin. (Çox təəssüf ki, burada o İtin səsini, zingiltisinin "melodiya”sını təsvir edə bilmirəm...)
Bəzən müəllimgilə getməyə hazırlaşanda İt yadıma düşür, "monoloq”u qulağımda səslənirdi. Yenə də "əti kəsilən” itin ətimi ürpəşdirəcəyini düşünüb getməyə tərəddüd edirdim. Ancaq, sanki zingiltidəki sehrli cazibə məni "Kollu”ya çəkir, elə bil hər dəfə İtin "sirri”ni öyrənəcəyimə məndə qəribə ümid yaranırdı. Amma hər dəfə də eyni əhvalat təkrar olunurdu.
...Bir gün yolum yenə də Kolluya düşmüşdü. Xudayar müəllimin İti gözümə dəymədi. Axşam yenə də müəllimgildə çay içməyə toplaşdıq. İtin səsi, faciəli, əzablı zingiltisi gəlmirdi. Bir yandan bu yaxşı idi, elə bil "Kollu”ya həzin bir sakitlik çökmüşdü, digər tərəfdən isə sanki qeyri-təbii bir boşluq hiss edirdim. Elə bil nə isə çatışmırdı. Özümü saxlaya bilməyib, müəllimdən İti soruşdum. Tutuldu, əvvəl heç nə demək istəmədi. Hisslərini cilovlaya bilməyib, "əşi, nə bilim e, vallah!” – deyə canını qurtarmağa çalışdı. Əl çəkmədim. Yumşaldı, hətta bir az kövrəldi də:
– İt... Füzuliyə getdi!!! – dedi.
– Necə yəni?
– İtin zingiltisini eşitmişdin... Bir gecə də səhərə qədər İt dünyanı dağıtdı... Yatmadı, sakitləşmədi. Zingildədi, hürdü, uladı... Arada yerindən qalxır, atılıb düşür, ağacın başına fırlanır, üzünü gah bizim daxmaya, gah da yola tərəf tutub haray-həşir eləyirdi. Səhəri belə açdıq, İt də, biz də... Dan sökülməmişdən artıq çöldəydim. Səhər açılanda bir də gördüm ki, İt son dəfə evə tərəf hürüb yola tərəf götürüldü...
– Bah! Bah! Bah! – mən dedim.
– Hə, – dilxor, bir qədər də tərəddüdlə cavab verdi.
– O İt bizimlə birlikdə Füzulidən gəlmişdi. İllərlə zingildədi, haray-həşir saldı, eşidən olmadı. Axırda dözmədi. Üz tutdu üzü yuxarı, düzəlib yola çıxdı getdi Füzuliyə tərəf... İnanıram ki, kəndimizə gedib çıxmayıbsa da, yüz faiz cəbhə xəttini keçib, gedib rayona...
Dəhşətə gəldim...
Başımın tükü biz-biz durdu...
"İt bu işgəncəyə, zülmə, məşəqqətə, əzaba, ədalətsizliyə dözmədi, çıxdı getdi. Geriyə, öz Yuvasına qayıtdı, biz isə buralarda, Yurdumuzdan uzaqlarda hər şeyə dözə-dözə it kimi yaşayıb, it kimi də qırılırıq”, – deyə düşündüm...
Kərim Kərimli
Geri dön |