Ana Sayfa > Karusel / Qarabağ > Rusiyalı ekspertlər: 2018-ci ildə Dağlıq Qarabağ münaqişəsinin gərginləşməsi riski olduqca yüksəkdir

Rusiyalı ekspertlər: 2018-ci ildə Dağlıq Qarabağ münaqişəsinin gərginləşməsi riski olduqca yüksəkdir


26-12-2017, 18:13. Yazar: Admin

 

İvan Timofeyev: Rusiya ədalətli broker rolunu üzərinə götürməli və tərəflərin etimadını itirməməlidir

"Rusiya həmişə Azərbaycan və Ermənistanla münasibətlərdə balanslaşdırılmış mövqe tutmağa çalışıb".

"Qarabaginfo" xəbər veri ki, bunu "Report"un Rusiya bürosuna Rusiya Beynəlxalq Əlaqələr Şurasının (RBƏŞ) proqram direktoru İvan Timofeyev Dağlıq Qarabağ münaqişəsi kontekstində ilin yekunlarını və növbəti il üçün proqnozları şərh edərkən deyib.

"Bu il vəziyyət danışıqlar sayəsində sanki normallaşıb, amma hərbi əməliyyatların yenidən başlanması ilə bağlı real riski hesabdan silmək olmaz. İstənilən gərginliyin məntiqi, xüsusilə də Qafqazda, onu göstərir ki, pis vəziyyətdə qalmamaq üçün müəyyən addımlar atıla, qərarlar qəbul oluna bilər. Qafqaz regionunda ləyaqət hissi hamı üçün vacibdir, ona görə də burada diplomatiya çox ehtiyatlı olmalıdır", - İ.Timofeyev bildirib.

Onun sözlərinə görə, Moskva münaqişədə vəziyyəti dəyişmək üçün nə Bakıya, nə də Yerevana təzyiq edə bilməz, çünki bu, əks nəticə verə bilər: "Rusiya "ədalətli broker" rolunu üzərinə götürməli və tərəflərin etimadını itirməməlidir".

Ekspert qeyd edib ki, Rusiya Azərbaycanla münasibətlərin Ermənistana və əksinə ziyanlı təsir etməsini istəmir: "İki tarixi tərəfdaş və dostunun münaqişə şəraitində olduğu dövrdə yaşamaq çox çətindir. Buna görə də Moskvanın rolu vasitəçilik olmalıdır. İnanın ki, Rusiya münaqişənin həll edilməsində maraqlı olan dünyada birinci ölkədir".

Qeyd edək ki, RBƏŞ 2017-ci ilin xarici siyasi yekunlarını və 2018-ci il üçün proqnozlarını nəşr etdirib.

Hesabatda "Rusiya və yaxın xarci ölkələr" bölməsi xüsusilə böyük yer tutub. Burada Dağlıq Qarabağ münaqişəsi də nəzərdən keçirilib. O cümlədən hesabatda qeyd olunub ki, 2017-ci ildə bu istiqamətdə Rusiya diplomatiyasının ən mühüm nailiyyəti Dağlıq Qarabağ münaqişəsində sabitliyin qorunub saxlanılması və Ermənistan və Azərbaycan ilə əlaqələrin balanslı inkişafıdır.

2018-ci il üçün hadisələri proqnozlaşdıran rusiyalı ekspertlər Dağlıq Qarabağda lokal hərbi əməliyyatların bərpa riskini kifayət qədər yüksək sayıblar.

Onların fikrincə, buna, o cümlədən hər iki ölkədə gələn ilə prezident seçkilərinin nəzərdə tutulması da təsir edəcək.


Geri dön