Ana Sayfa > Karusel / Manşet / Qarabağ > Laçında “MDB-nin Mədəniyyət Paytaxtı – 2025”in rəsmi açılışı keçirilib

Laçında “MDB-nin Mədəniyyət Paytaxtı – 2025”in rəsmi açılışı keçirilib


3-06-2025, 11:23. Yazar: Admin

 

Laçın yenidən sülh və əmin-amanlıq dövrünə qayıdıb- ÖZƏL

Laçın şəhərində “MDB-nin Mədəniyyət Paytaxtı – 2025” ilinin rəsmi açılış mərasimi keçirilib.

Qarabaginfo.az xəbər verir ki, tədbirdə mədəniyyət naziri Adil Kərimli açılış nitqi ilə çıxış edib.

Nazir qeyd edib ki, Azərbaycan dilində Laçın sözünün mənası şahin deməkdir ki, bu da şəhərin ruhunu və atmosferini dəqiq şəkildə əks etdirir: “Bu şəhər, şahin kimi, uca dağlar arasında süzülərək bölgənin ən qiymətli incilərindən birinə çevrilib. Burada bənzərsiz təbiət qədim və zəngin mədəniyyətlə iç-içədir. Laçın Azərbaycanın mədəniyyət mərkəzlərindən biri olub, tanınmış aşıqlara, şairlərə, rəssamlara və musiqiçilərə ilham verib”.

Adil Kərimli bildirib ki, şəhər Azərbaycan tarixinin qədim dövrlərinə aid olan çoxsaylı tarixi, memarlıq və mədəniyyət abidələri ilə tanınır: “Azərbaycan xalçaçılıq sənətinin qədim ənənələri Laçının Qasımuşağı xalçaları ilə daha da zənginləşib. Tədbirin loqotipində də məhz Laçın xalçalarına məxsus ənənəvi naxışlar əks olunub. Laçının mədəni irsi təkcə poeziya, musiqi və təsviri sənətlə məhdudlaşmır. Şəhərin yerli mətbəxini də bir sənət nümunəsi adlandırmaq olar burada müxtəlif dad və ətirlərin vəhdəti əsrlərin ənənələrini və kulinariya sirlərini yaşadır".

Daha sonra çıxış edən MDB baş katibinin müavini Nurlan Seytimov, MDB-nin Dövlətlərarası Humanitar Əməkdaşlıq Fondunun İdarə Heyətinin həmsədri Polad Bülbüloğlu, Prezidentin Laçın rayonunda xüsusi nümayəndəsi Məsim Məmmədov, həmçinin Rusiya Prezidentinin beynəlxalq mədəni əməkdaşlıq üzrə xüsusi nümayəndəsi Mixail Şvıdkoy tədbirin əhəmiyyətindən danışıb.

Açılış mərasiminin sonunda Mixail Şvıdkoy tərəfindən Prezidentin Laçın rayonunda xüsusi nümayəndəsi Məsim Məmmədova “Birliyin Mədəniyyət Paytaxtı” Sertifikatı təqdim olunub.

Qeyd edək ki, tədbirdə Müstəqil Dövlətlər Birliyinə üzv olan 6 ölkədən 100-ə yaxın rəsmi nümayəndə və qonaq iştirak edir./Apa


Geri dön