Ana Sayfa > Karusel / Qarabağ > İşğaldan azad edilmiş ərazilərdə bərpa olunan enerji üzrə dəqiq potensialın hesablanması sahəsində görüləcək işlər müzakirə edilib
İşğaldan azad edilmiş ərazilərdə bərpa olunan enerji üzrə dəqiq potensialın hesablanması sahəsində görüləcək işlər müzakirə edilib8-12-2020, 13:07. Yazar: Admin |
Azərbaycanın energetika naziri Pərviz Şahbazovun sədrliyi və nazirliyin aidiyyəti struktur bölmələri rəhbərlərinin iştirakı ilə Dağlıq Qarabağ və ətraf regionların hidroenerji, günəş, külək, bioenerji və geotermal enerji kimi bərpa olunan enerji mənbələrinin dəqiq potensialının hesablanması sahəsində görüləcək işlər və atılacaq addımların müzakirəsinə həsr olunmuş iclas keçirilib. Qarabaginfo.az xəbər verir ki, iclasda işğaldan azad edilmiş ərazilərdə bərpa olunan enerji üzrə böyük potensiala malik olan rayonlar ayrı-ayrılıqda nəzərdən keçirilib, həmin rayonlarda külək və günəş enerjisi üzrə dəqiq potensialın müəyyən edilməsi üçün ölçü müşahidə stansiyalarının quraşdırılması, texniki imkanların və iqtisadi səmərəliliyin qiymətləndirilməsi üzrə görüləcək işlərə dair təkliflər səsləndirilib. Bildirilib ki, ilkin olaraq Kəlbəcər, Laçın, Qubadlı, Zəngilan, Cəbrayıl, Füzuli rayonlarının ərazisində yüksək günəş enerjisi potensialına malik ümumi sahəsi 14 427 ha olan 8 potensial ərazi seçilmişdir. Bu ərazilərdə ümumilikdə 7 214 MVt gücündə günəş elektrik stansiyalarının yerləşdirilməsi mümkün görünsə də, cənub ərazilərin bir hissəsinin kənd təsərrüfatı təyinatlı ola biləcəyi nəzərə alınaraq, burada ümumi potensial 4 000 MVt-dan yüksək qiymətləndirilir. Daha sonra Kəlbəcər və Laçın rayonlarının külək enerjisi resursları nəzərdən keçirilib. Bildirilib ki, Qarabağın dağlıq ərazilərində külək enerjisinin potensialı 500 meqavatdan yüksək qiymətləndirilir və bu potensialın böyük hissəsi adıçəkilən rayonların Ermənistanla sərhəd zonalarına düşür. Belə böyük potensiala baxmayaraq, əlverişli infrastrukturun olmaması səbəbindən bu sahələrdə külək enerjisindən elektrik enerjisinin hasil edilməsi məsələsinin yerində araşdırma və tədqiqat işləri tələb etdiyi vurğulanıb. Azərbaycanda 25% yerli su ehtiyatlarının Qarabağda formalaşdığı nəzərə alınmaqla, Tərtər, Bazarçay, Həkəri kimi əsas çaylar və onların qollarından elektrik enerjisi istehsalı məqsədi ilə istifadə perspektivləri nəzərdən keçirilib, regionda mövcud olan kiçik su elektrik stansiyaları haqqında məlumat verilib. Bildirilib ki, mövcud su elektrik stansiyaları əsasən Tərtər, Laçın və Kəlbəcər rayonlarının ərazisində yerləşir. Bəzi kiçik su elektrik stansiyalarında təmir-bərpa işlərinə başlanması üçün hazırlıq işləri görüldüyü qeyd edilib. İclasda həmçinin regionun bioenerji və geotermal enerji mənbələri haqqında məlumat verilib və gələcəkdə bu enerji növlərindən elektrik və istilik enerjisi istehsalı məqsədi ilə istifadənin mümkünlüyü vurğulanıb. İclas zamanı səsləndirilən təkliflər nəzərə alınaraq, bərpa olunan enerji mənbələrinin dəqiq potensialının hesablanması sahəsində görüləcək işləri özündə ehtiva edən Tədbirlər Planının hazırlanması, bu sahədə aidiyyəti qurumlarla əməkdaşlıq, həmçinin günəş və külək enerjisi potensialı yüksək olan ərazilərdə ölçü müşahidə stansiyalarının quraşdırılması istiqamətdə fəaliyyətə başlanılması üzrə tapşırıqlar verilib. Geri dön |