Ana Sayfa > Karusel / Cəmiyyət > Moskvada Xocalı soyqırımı qurbanları anılıb - FOTO
Moskvada Xocalı soyqırımı qurbanları anılıb - FOTOBu gün, 08:45. Yazar: Admin |
Azərbaycanın Rusiyadakı səfirliyində Xocalı faciəsinin 33-cü ildönümünə həsr olunmuş tədbir keçirilib. Qarabaginfo.az xəbər verir ki, tədbirdə diplomatik korpusun və ictimaiyyət nümayəndələri, elm xadimləri, Azərbaycan diasporunun üzvləri iştirak ediblər. Səfirliyin foyesində 1992-ci ilin fevral hadisələrindən bəhs edən Xocalı faciəsi qurbanlarının fotoşəkillərindən ibarət xatirə stendi quraşdırılıb. Tədbir iştirakçıları stend önünə gül dəstələri düzərək şəhidlərin xatirəsini ehtiramla yad ediblər. Tədbirdə çıxış edən Azərbaycanın Rusiyadakı səfiri Rəhman Mustafayev Xocalı soyqırımı haqqında ətraflı danışıb, bu faciənin tarixini, səbəblərini və nəticələrini xatırladıb. Diplomat bu faciənin müasir tarixdə dinc əhaliyə qarşı törədilmiş ən amansız cinayətlərdən biri olduğunu vurğulayıb. 2008-ci ildə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə başladılan “Xocalıya ədalət” kampaniyasının rolu ayrıca qeyd olunub. Səfirin sözlərinə görə, bu kampaniya faciənin beynəlxalq səviyyədə tanınmasına mühüm töhfə verib: “Kampaniyanın başlanmasından 16 ildən çox vaxt keçib və o, kifayət qədər səmərəli olduğunu sübut edib. Dünyanın 18 ölkəsinin parlamenti bu cinayəti bəşəriyyətə qarşı cinayət kimi pisləyib”. O xatırladıb ki, 2012-ci ildə Avropa Şurası Parlament Assambleyası Xocalı faciəsini pisləyən qətnamə qəbul edib və digər beynəlxalq təşkilatları bu hadisələrə aydın hüquqi qiymət verməyə çağırıb. R. Mustafayev vurğulayıb ki, Azərbaycan beynəlxalq ictimaiyyəti, o cümlədən Rusiya parlamentini də Xocalı hadisələrinə hüquqi qiymət verməyə çağırır. “Ümid edirəm ki, Rusiya parlamentinin aşağı palatası olan Dövlət Dumasının da bu problemə diqqət yetirəcəyi gün gələcək. Duma müvafiq qərar qəbul edəcək, hansı ki, bu, ədaləti bərpa edəcək və həmin faciəli hadisələrin etirafı olacaq” - deyə səfir bildirib. Diplomat çıxışında işğaldan azad edilmiş ərazilərin, o cümlədən Xocalının bərpası prosesini də xatırladıb: “Bu gün biz bu günü xüsusi şəraitdə - işğaldan azad edilmiş Qarabağ şəraitində qeyd edirik. Azad olunan ərazilərdə sosial və iqtisadi həyatın bərpası və yenidən qurulması istiqamətində fəal iş aparılır.Məktəblər və infrastruktur obyektləri bərpa olunur, minatəmizləmə işləri aparılır”. Xocalı faciəsinin beynəlxalq aləmdə tanınması məsələsində Azərbaycan diasporunun roluna xüsusi diqqət yetirilib. Səfir xaricdəki həmvətənlərimizi bu istiqamətdə daha fəal olmağa çağırıb: “Biz Rusiyada və digər ölkələrdəki soydaşlarımızın bundan sonra da bu istiqamətdə fəal iş aparacaqlarını, Xocalı faciəsi ilə bağlı həqiqətləri çatdıracaqlarına, ədalət uğrunda mübarizə aparacaqlarına ümid edirik”, - deyə R.Mustafayev əlavə edib. Tədbirdə tarix elmləri doktoru, Moskva Dövlət Beynəlxalq Əlaqələr Universitetinin (MQİMO) professoru Stanislav Çernyavski də çıxış edərək Xocalı faciəsinin dinc əhaliyə qarşı törədilmiş ən amansız cinayətlərdən biri olduğunu diqqətə çatdırıb: “Hər il bu hadisə xatırlananda günahsız qurbanlara dərin mərhəmət hissi oyanır. Lakin bu gün bu hissə nəhayət ədalətin zəfər çalması da əlavə olunur”. “Heydər Əliyev Qarabağ məsələsini diplomatik yollarla həll etmək üçün bütün imkanlardan istifadə edib. Xarici nümayəndə heyətləri ilə hər görüş, beynəlxalq foruma hər səfər mütləq Qarabağ məsələsinin müzakirəsini özündə ehtiva edib. Uzun illər idi ki, azərbaycanlılar ədalət gözləyir, sual verirdilər ki, görəsən işğal altında olan torpaqlar nə vaxt azad olunacaq. Bu gün Azərbaycan rəhbərliyinin səyləri nəticəsində Qarabağ öz ölkəsinin nəzarətinə qayıdıb”. Regionun gələcəyindən danışan S.Çernyavski Xocalının və işğaldan azad edilmiş digər ərazilərin yenidən dirçələcəyinə əminliyini ifadə edib: “Qarabağ indi ermənilərin əlində olduğu kimi yoxsul region deyil, çiçəklənən diyar olacaq”. Tədbirdə Rusiya Federasiyasında təhsil alan azərbaycanlı tələbələr də çıxış ediblər. Tədbir Xocalı faciəsi qurbanlarının xatirəsinə həsr olunmuş kamera musiqisi konserti ilə başa çatıb./Apa Geri dön |