Ana Sayfa > Karusel / Gündəm / İqtisadiyyat > "Azercell"in Mobil Göz Klinikası BMT-nin təşəbbüsü ilə məcburi köçkünlər üçün keçirilən aksiyada iştirak edib - FOTO

"Azercell"in Mobil Göz Klinikası BMT-nin təşəbbüsü ilə məcburi köçkünlər üçün keçirilən aksiyada iştirak edib - FOTO


24-11-2020, 15:51. Yazar: Admin

 

"Azercell"in Mobil Göz Klinikası BMT-nin təşəbbüsü ilə məcburi köçkünlər üçün keçirilən aksiyada iştirak edib - FOTO

Azərbaycanın lider mobil rabitə operatoru “Azercell Telekom”, BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının (UNHCR) Azərbaycandakı Nümayəndəliyi, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi və “Xəzər Qayğıkeşlik Layihəsi” təşkilatının birgə iştirakı ilə məcburi köçkünlər üçün sosial aksiya həyata keçirilir.

Şirkətdən Qarabaqinfo.az-a verilən məlumata görə, Bakının Qaradağ rayonunda məcburi köçkünlər üçün salınmış “Qobu Park” qəsəbəsində baş tutan aksiyada “Azercell”in Mobil Göz Klinikasında çalışan peşəkar həkimlər qəsəbənin sakinlərini optometrik müayinədən keçirir. Müayinənin sonra görmə qabiliyyəti zəif olan vətəndaşlara Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığının (UNHCR) Azərbaycandakı Nümayəndəliyinin vasitəçiliyi ilə Yaponiyanın “Fuji Optical” şirkətinin ianə etmiş olduğu 1 500 ədəd yüksək keyfiyyətli optik eynəklər paylanılır.

Qeyd edək ki, “Azercell” şirkətinin Mobil Göz və Mobil Diş klinikaları vasitəsi ilə xüsusi qayğıya ehtiyacı olan vətəndaşlar üçün mütəmadi olaraq müxtəlif xeyriyyə təşəbbüsləri və sosial məsuliyyət tədbirləri həyata keçirilir. Belə tədbirlərdən biri ötən ay “Xəzər Qayğıkeşlik Layihəsi” ictimai birliyi ilə birlikdə təşkil olunmuşdu. Ümumdünya Görmə gününə təsadüf edən aksiya nəticəsində “Azercell”in Mobil Göz Klinikasında məcburi köçkünlər, Qarabağ müharibəsi əlilləri, şəhid ailələrinin üzvləri və sağlamlıq imkanları məhdud insanlar üçün pulsuz müayinə və müalicə təşkil olunmuşdu.

“Azercell”in sosial layihələri arasında xüsusi yer tutan Mobil Diş və Mobil Göz Klinikaları 2010-cu ildən etibarən səyyar şəkildə fəaliyyət göstərərək ölkənin müxtəlif bölgələrində aztəminatlı ailələr, şəhid ailələri, məcburi köçkün və qaçqınların ailə üzvləri, kimsəsiz uşaqlar və ahıllara təmənnasız şəkildə xidmət edir. Diş və göz xəstəliklərinin müayinəsinin təşkilini və profilaktikasının aparılması məqsədi ilə yaradılan Mobil Klinikaların xeyriyyə işindən hər il minlərlə insan yararlanır.

“Azercell” şirkəti bundan sonra da əhalinin xüsusi qayğıya ehtiyacı olan həssas təbəqələri üçün müxtəlif tipli sosial təşəbbüslər həyata keçirməyi davam etmək niyyətindədir.


Geri dön