Ana Sayfa > Karusel / Siyasət > Konstitusiya Məhkəməsinə ötən il 2049 ərizə və şikayət daxil olub
Konstitusiya Məhkəməsinə ötən il 2049 ərizə və şikayət daxil olub28-01-2025, 17:07. Yazar: Admin |
Yanvarın 28-də Fərhad Abdullayevin sədrliyi ilə Konstitusiya Məhkəməsi Aparatının 2024-cü ilin yekunlarına həsr olunmuş hesabat iclası keçirilib. Məhkəmədən Qarabaginfo.az-a verilən məlumata görə, iclasda diqqətə çatdırılıb ki, Azərbaycan Respublikasının Prezidentinin 28 dekabr 2024-cü il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasında 2025-ci il “Konstitusiya və Suverenlik İli” elan edilib. Qeyd edilib ki, bu Sərəncamı rəhbər tutaraq Konstitusiya Məhkəməsi bu il bir sıra tədbirlərin keçirilməsini nəzərdə tutur. Bildirilib ki, Konstitusiya Məhkəməsinin Plenumu tərəfindən ötən il daxil olmuş Ali Məhkəmənin, Baş Prokurorluğun və İnsan Hüquqları üzrə Müvəkkilin (Ombudsman) sorğuları, məhkəmələrin müraciətləri və vətəndaşların konstitusiya şikayətləri ilə bağlı bir sıra mühüm qərarlar qəbul edilmişdir. Konstitusiya Məhkəməsinə hesabat ili ərzində ümumilikdə 2049 ərizə və konstitusiya şikayəti, onlardan 859 ərizə və konstitusiya şikayəti onlayn müraciət vasitəsilə daxil olub. Plenum tərəfindən baxılmış konstitusiya işləri ilə əlaqədar mühüm əhəmiyyətli bir sıra qərar və qərardadlar qəbul edilib. Həmin qərarlarda Konstitusiya Məhkəməsinin Plenumu cinayət və cinayət prosessual qanunvericiliyin, mülki və mülki prosessual qanunvericiliyin, habelə əmək, inzibati xətalar və digər bir sıra qanunların normalarına rəsmi şərh vermiş, qərardadlarda isə tətbiqedici orqanlar üçün praktiki izahlar vermişdir. Digər məsələlər üzrə konstitusiya şikayətləri müvafiq açıqlamalarla aidiyyəti orqanlara göndərilmiş və ya Konstitusiya Məhkəməsinin səlahiyyətlərinə aid olmadığına görə imtina edilib. Vurğulanıb ki, 2024-cü ilin mühüm hadisələrindən biri fevralın 7-də növbədənkənar Prezident seçkilərinin keçirilməsi olub. Bununla bağlı fevralın 13-də Konstitusiya Məhkəməsində növbədənkənar Prezident seçkilərinin nəticələrinin rəsmən elan olunmasına dair Konstitusiya Məhkəməsi Plenumunun iclası keçirilib. Sədr qeyd edib ki, Konstitusiya Məhkəməsinin Plenumu ötən ilin iyunun 27-də Azərbaycan Respublikası Prezidentinin Azərbaycan Respublikası Milli Məclisinin 2024-cü il 21 iyun tarixli “Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərin təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinə müraciət edilməsi barədə” Qərarı əsasında Azərbaycan Respublikası Milli Məclisinin buraxılmasının və növbədənkənar seçkilər təyin edilməsinin Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğuna dair sorğusuna baxıb. Daha sonra sentyabrın 1-də Azərbaycan Respublikası Milli Məclisinə keçirilmiş növbədənkənar seçkilərin nəticələri Konstitusiya Məhkəməsinin Plenumu tərəfindən təsdiqlənib. İclasda Aparat rəhbərliyinin çıxışları, Aparatın müvafiq şöbə və sektor müdirlərinin hesabatları dinlənilib. Həmçinin Konstitusiya Məhkəməsinə daxil olan sorğu, müraciət və konstitusiya şikayətlərində toxunulan hüquqi aspektlər, məhkəmə tərəfindən qəbul edilən qərarların icrası, tərtib olunan analitik arayış və rəylər, habelə təşkilati məsələlərlə bağlı məruzələr dinlənilib. Hesabat iclasının sonunda Fərhad Abdullayev 2024-cü ildə görülmüş işləri qənaətbəxş qiymətləndirməklə yanaşı, qurumun fəaliyyətinin səmərəliliyinin artırılması məqsədilə hakimlərin icraatında olan işlərlə bağlı tövsiyələr etmiş, cari ildə Konstitusiyanın qəbul olunmasının 30 illik yubileyi ilə bağlı beynəlxalq konfransın və digər tədbirlərin keçirilməsi ilə əlaqədar təşkilati işlərin başlanması üçün müvafiq tapşırıqlar verib. Geri dön |