Ana Sayfa > Karusel / Mədəniyyət > Mədəniyyət Nazirliyi bir qrup tələbəni Türkiyəyə ezam edib
Mədəniyyət Nazirliyi bir qrup tələbəni Türkiyəyə ezam edib23-12-2024, 13:57. Yazar: Admin |
Dövlət başçısının mədəniyyət sahəsinə xüsusi yanaşması nəticəsisində 2024/2025-ci tədris ilindən başlayaraq Bakı Dövlət Universitetinin (BDU) Hüquq fakültəsinin magistratura pilləsində “Mədəniyyət hüququ” ixtisaslaşması üzrə kadr hazırlığı həyata keçirilir. Bu barədə Qarabaginfo.az-a Mədəniyyət Nazirliyindən məlumat verilib. Bildirilib ki, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə bu ixtisas üzrə təhsil alan magistrantların bilik və bacarıqlarının artırılması məqsədilə onların bir qrupu Türkiyəyə ezam olunub. Layihə Azərbaycan-Türkiyə Mədəniyyət üzrə Birgə Komissiyasının Ankara və Bakı şəhərlərində reallaşan iclaslarında əldə edilmiş razılığa uyğun olaraq həyata keçirilir. BDU-nun magistrantları Türkiyə Mədəniyyət və Turizm Nazirliyinin Hüquq Müşavirliyi və mədəni sərvətlərin bərpası üzrə laboratoriyaların fəaliyyəti ilə yaxından tanış olublar. Tələbələr abidələrin bərpa və konservasiyası, qorunması sahəsində Türkiyənin qabaqcıl mütəxəssisləri görüşüb, laboratoriyalarda bərpa prosesini əyani şəkildə izləyiblər. Bundan əlavə, proqram çərçivəsində tələbələr mədəniyyət sərvətlərinin ölkədən qanunsuz çıxarılması və gətirilməsinin qarşısının alınmasına yönələn UNESCO-nun 1970-ci il Konvensiyasının tətbiqi ilə bağlı məlumat alıblar. Qeyd edilib ki, ölkəmizdə gənclərin müasir dövrün çağırışlarına uyğun bilik və bacarıqlara yiyələnməsi Prezident İlham Əliyevin daim diqqət mərkəzindədir. Eyni zamanda mədəniyyət sahəsi üzrə çalışan və təhsil alanların da müvafiq istiqamətlər üzrə mütərəqqi beynəlxalq təcrübəyə sahib olmasına önəm verilir. Geri dön |