Ana Sayfa > Karusel / Kriminal > Şirkət elə kredit götürmək istədiyi gün yaradılıbmış...

Şirkət elə kredit götürmək istədiyi gün yaradılıbmış...


19-12-2024, 10:28. Yazar: Admin

sirket-ele-kredit-goturmek-istediyi-gun-yaradilibmis

“AtaBank”dan götürdüyü 42 milyonu mənimsəməkdə ittiham olunan Müdafiə Nazirliyinin keçmiş zabiti Zahid Niftəliyevin məhkəmə araşdırması qaldığı yerdən davam edib.

Qarabaginfo.az xəbər verir ki, budəfəki iclasda şahid qismində Şəhla Abdurəhmanova ifadə verib. 

Şəhla cinayət baş verən dövrdə “AtaBank”ın Müştəri Xidmətləri Departamentinin direktoru işləyib. Direktor kimi bankın idarə heyətinin sədrinə tabe olub, onun göstərişlərini yerinə yetirib.

Şahid istintaq vaxtı müstəntiqə aydın danışsa da, məhkəmədə tərəfləri maraqlandıran suallara dolğun cavab verə bilməyib.

Xatırladığı isə budur ki, “Şahin-Co” şirkətinə həqiqətən kredit verilib. Böyük məbləğ olduğu üçün şirkətin adı yadında qalıb. 

“İstintaq vaxtındakından yüzdə-yüz fərqli ifadə verirsiniz. Belə şey olmaz”, - ittihamçı şahidə səslənib.

Bundan sonra şahidin ilkin ifadəsi elan edilib. Şəhla əvvəl deyib ki, o, işlədiyi müddətdə sadəcə bankın idarə heyətinin sədrləri Etibar Babaşlı və Dəyanət Quliyevin tapşırıqlarını yerinə yetirib. Özbaşına nə isə etməyib. Amma “Şahin-Co”ya ayrılan kreditin qanunsuz olduğunu bilib. Çünki sözügedən şirkət elə kredit götürmək istədiyi gün yaradılıbmış.

Bundan əlavə, onun 10 min manata qədər kredit vermək hüququ olub. Buna baxmayaraq, şirkətə qat-qat çox pul köçürülüb. Özü qanunsuz kreditlərin verilməsində iştirak etsə də, bunu Dəyanət Quliyev və Etibar Babaşlının göstərişi ilə edib, şəxsi marağı olmayıb.

Zahid Niftəliyevə gəlincə, şahid onu bankda iki dəfə gördüyünü xatırlayıb. 

“Şlyapa Zahid” şahidi, ümumiyyətlə, tanımadığını deyib.

Proses yanvarın 15-i davam edəcək.

Qeyd edək ki, Z.Niftəliyev ötən il başqa cinayət işi üzrə külli miqdarda rüşvət almaqda təqsirli bilinərək 8 il 6 ay azadlıqdan məhrum edilib. Həmin hökm bütün instansiyalarda təsdiqlənib.

Xüsusi qeyd: Xüsusilə külli miqdarda mənimsəmə cinayətində iştirakı araşdırılan digər şəxslərlə bağlı isə DTX-də cinayət işi ayrılıb.

(Qafqazinfo.az)


Geri dön