"Qarabaginfo" "Moder.az"-a istinadən xəbər verir ki, Bakıda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin birgə təşkilatçılığı ilə “Əmək bazarı: islahatlar, çağırışlar və perspektivlər” mövzusunda konfrans keçirilib.
Tədbirdə çıxış edən əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov xatırladıb ki, Azərbaycanın əmək qanunvericiliyinə əsasən, əmək müqaviləsi 15 yaşına çatmış fiziki şəxslərlə bağlanıla bilər.
Modern.az-ın məlumatına görə, S.Müslümov Azərbaycanın demoqrafik baxımdan sabit inkişaf edən ölkə olduğunu vurğulayıb:
“2006-2016-cı illər ərzində Azərbaycanda əhalinin orta illik artım tempi 1,3 faizə yaxın olmuşdur. Bu da Avropa ölkələri arasında ən yüksək göstəricilərdən hesab edilir. Həmin dövrdə ölkəmizdə əhalinin sayı 14,7 faiz artaraq 2017-ci ilin 1 yanvar tarixinə 9,8 milyon nəfər təşkil etmişdir. (1 noyabr 2017-ci il tarixə ölkə əhalisinin sayı 9.883,3 min nəfərə çatmışdır). Əhalinin 50,1 faizini qadınlar təşkil edir”.
Yaş strukturu baxımından Azərbaycan əhalisinin cavan olduğunu və orta yaşın 32,3 yaş təşkil etdiyini bildirən S.Müslümov qeyd edib ki, bu göstərici qadınlar üzrə kişilərə nisbətən yuxarıdır:
“1 yanvar 2017-ci il tarixə əhalinin yaş strukturunda 0 – 14 yaş qrupunun payı 22,6 faiz, 14-29 yaş qrupunun payı 25,0 faiz, 30-64 yaş qrupunun payı 46,1 faiz, 65 və yuxarı yaş qrupunun payı isə 6,3 faiz olmuşdur. Gənclərin əhalinin strukturundakı yüksək payı əmək qabiliyyətli yaşda olan əhalinin (15 yaşdan pensiya yaşına qədər) xüsusi çəkisinin artmasını şərtləndirib. Bu göstərici 2000-ci ildəki 59,5 faizdən 2017-ci ilin əvvəlinə 68,4 faizə yüksəlib. Əmək qabiliyyətli yaşda əhalinin artması işçi qüvvəsinin təklifini artırmaqla yeni iş yerlərinə olan ehtiyacı gücləndirir”.
Nazir diqqətə çatdırıb ki, 2005-2016-cı illər ərzində məşğul əhalinin sayı 17,2 faiz artıb. Bu göstərici tikinti, turistlərin yerləşdirilməsi, ictimai iaşə, informasiya və rabitə, maliyyə və sığorta fəaliyyəti sahələrində daha sürətlə artıb, mədənçıxarma sənayesi, elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı, səhiyyə və sosial xidmətlərin göstərilməsi sahələrində isə nisbətən azalma ilə müşahidə edilib. Məşğul əhalinin gender bölgüsündə səhiyyə və təhsil sahəsində qadınların üstünlüyü (müvafiq olaraq 75,1 faiz və 71,4 faiz), tikinti və mədənçıxarma sənayesində isə kişilərin üstünlüyü (müvafiq olaraq 88,8 faiz və 83,5 faiz) özünü göstərir. Ölkədə işsizlik səviyyəsi davamlı şəkildə azalaraq 2016-cı ildə 5 faiz təşkil edib.
S.Müslümov işsizlər arasında qadın və gənclərin payının yüksək olmasının əmək bazarında əsas problemlərdən olduğunu bildirib. Nazir qeyd edib ki, Azərbaycanın iqtisadi inkişafı ölkəmizə yönələn xarici işçi qüvvəsinin ildən-ilə artması ilə müşahidə edilir.
S.Müslümov əmək ehtiyatlarının keyfiyyətini müəyyən edən əsas məsələlərdən birinin də təhsil və ixtisaslaşma səviyyəsi ilə bağlı olduğunu diqqətə çatdırıb: “Əmək Müqaviləsi Bildirişi üzrə Elektron İnformasiya Sistemində qeydə alınmış muzdlu işçilərin 37,5 faizi, o cümlədən kişi işçilərin 36,5 faizi, qadın işçilərin isə 38,6 faizi ali təhsillidir. Muzdla işləyənlərin 37,5 faizi ümumi orta təhsilli, 22,3 faizi orta ixtisas təhsilli, 2,7 faizi ilk peşə-ixtisas təhsilli olanlardır”.
S.Müslümov bildirib ki, 2016-cı ildə Azərbaycanda adambaşına düşən ÜDM 3926 ABŞ dolları təşkil edib və Azərbaycan dünyada yüksək orta gəlirli ölkə qrupunda qərarlaşıb. Son illər qeyri-neft sektorunun inkişafı istiqamətində həyata keçirilən tədbirlər nəticəsində kənd təsərrüfatının, emal sənayesinin və turizm sahəsinin ÜDM-dəki xüsusi çəkisi artıb.
Nazir deyib ki, 2003-2017-ci illərdə ölkədə 74 faizi və ya 1,4 milyonu daimi olan 1,9 milyon yeni iş yeri açılıb: “Milli iqtisadiyyat perspektivi üzrə Strateji Yol Xəritəsində müəyyən edilmiş hədəf indikatorlarına uyğun olaraq, 2025-ci ilə qədər ÜDM-də 3 faizdən çox orta illik real artım və əlavə olaraq da 450 mindən çox yeni iş yerinin yaradılması nəzərdə tutulur”.
Nazir qeyd edib ki, orta təhsil müddətinin başa çatması və bundan sonra müəyyən vaxt lazım olması amilləri nəzərə alınmaqla əmək bazarına faktiki daxil olma yaşını 18 yaş həddində götürmək hesabı ilə şərti müqayisə apardıqda, 2017-2025-ci illərdə 18 yaşda olanların, yəni müvafiq olaraq 1999-2007-ci illərdə anadan olanların (1 yaşadək ölən uşaqlar çıxılmaqla) ümumi sayı, 1 127,2 min nəfər, orta hesabla illik sayı isə 125,2 min nəfər təşkil edir. Hər il əmək bazarına ilk dəfə işaxtaran kimi daxil olan gənc yaşda əhalinin sayının çox olması (orta hesabla il ərzində 100 min nəfər) və bacarıqlarının əmək bazarının tələblərinə cavab verməməsi qarşıdakı illərdə gənclərin məşğulluğunun təmin edilməsi sahəsində tədbirlərin daha da gücləndirilməsini şərtləndirir. Ümumilikdə yaranacaq izafi işçi qüvvəsinin məşğulluğunun təmin edilməsi əsas vəzifələrdən biri kimi qarşıda dayanır.
S.Müslümov bu baxımdan qarşıdakı illərdə ayrı-ayrı inkişaf mərhələləri üçün müəyyən edilmiş hədəf strategiyalara uyğun olaraq adekvat məşğulluq modelinin tətbiqinin xüsusi önəm kəsb etdiyini bildirib.
Nazir dünya təcrübəsində mövcud olan 4 əsas məşğulluq siyasəti modeli - əmək məhsuldarlığının artması şəraitində məşğul əhalinin sayının azalması ilə səciyyəvi olan Avropa modeli, əmək haqqının orta məbləğinə uyğun dövlət sektorunda iş yerlərinin açılması yolu ilə məşğulluğun təmin edilməsini nəzərdə tutan Skandinaviya (İsveç) modeli, iqtisadi fəal əhalinin əhəmiyyətli hissəsi üçün elə də yüksək olmayan məhsuldarlıqlı və ödənişli iş yerlərinin yaradılmasını hədəfləyən Amerika modeli və ömürlük muzdlu iş sistemi və əmək haqqı səviyyəsinin iş stajı, yaş, ailə tərkibindən asılılığı ilə səciyyəvi olan Yapon modeli barədə məlumat verib.
S.Müslümov deyib ki, 1,7 mln. nəfərin, yaxud məşğul əhalinin 36,3 faizinin fəaliyyət göstərdiyi kənd təsərrüfatında yeni texnologiyaların tətbiqi ilə həmin məşğul əhalinin sayınına azalmasının baş verəcəyi və s. amillər nəzərə alınmaqla, növbəti 10 illik inkişaf mərhələsində də Azərbaycanda mövcud məşğulluq modelinin davam etdirilməsi məqsədəuyğun olar. Bu, əsasən urbanizasiya prosesləri ilə yanaşı, kənd təsərrüfatında çalışanların digər sektorlara keçidinin qarşısının alınmasında da vacib rol oynayar.