Ana Sayfa > Karusel / Sosial / Cəmiyyət > Azərbaycanda nə qədər işsiz var? –Rəsmi rəqəmlər açıqlandı /HESABAT

Azərbaycanda nə qədər işsiz var? –Rəsmi rəqəmlər açıqlandı /HESABAT


Dünən, 14:28. Yazar: Admin

2024-cü il noyabrın 1-dək ölkədəki işsiz şəxslərin sayı 282 min 800 nəfər təşkil edib ki, bu da son bir ildə işsiz şəxslərin sayının 1,4 faiz azalması deməkdir.

Qarabaginfo.az xəbər verir ki, bu barədə Media Təhlil Mərkəzinin Dövlət Statistika Komitəsinin açıqladığı rəsmi rəqəmlərə istinadən hazırladığı hesabatda deyilir.

Məlumatda qeyd olunur ki, Dövlət Statistika Komitəsinin açıqladığı rəsmi rəqəmlərə görə, hər il Azərbaycan əhalisinin sayı artsa da, işsiz şəxslərin sayında azalma qeydə alınır. Bu azalma xüsusilə də son 4 ildə özünü bariz şəkildə göstərib. Daha dəqiq desək, bu ilin noyabr ayının ilk gününə qeydə alınan işsiz şəxslərin sayı 2021-ci il yanvarın 1-i ilə müqayisədə 32,9 faiz az olub.

“2024-cü il noyabrın 1-dək ölkədəki işsiz şəxslərin sayı 282 min 800 nəfər təşkil edib ki, bu da son bir ildə işsiz şəxslərin sayının 1,4 faiz azalması deməkdir. Cari ilin əvvəlində Azərbaycanda işsizlik səviyyəsi 5,46 faizə bərabər idisə, noyabrın 1-nə olan göstəriciyə görə, bu rəqəm 5,33 faizə düşüb və son 4 ilin rəqəmləri göstərir ki, Azərbaycanda işsizlik səviyyəsi hər ötən il daha da azalır”.

Hesabatda deyilir ki, Cənubi Qafqazdakı hər üç ölkənin Dövlət Statistika Komitələrinin son məlumatlarının müqayisəsi göstərir ki, bu regionda işsizlik səviyyəsi ən az olan ölkə Azərbaycandır. Ölkəmizdə işsizlik faizi 5,33 faiz ( 01.11.2024) təşkil edib ki, bu da 282 min 800 nəfərə bərabərdir. Say baxımından işsiz şəxslərin sayının çox olmasının səbəbi Azərbaycanın əhali sayının digər iki ölkədən ən az 3 dəfə çox olmasıdır.

Ermənistanda 2024-cü il iyulun 1-nə olan məlumata əsasən, işsizlik səviyyəsi 13,76 faizə (190 min nəfər), Gürcüstanda isə 2024-cü il oktyabrın 1-nə olan göstəriciyə əsasən, 13,82 faizə (225 min 700 nəfər) bərabər olub.

 


Geri dön