Ana Sayfa > Karusel / Cəmiyyət > Əsir düşən erməni din xadimi: “Həmvətənlərimə müraciət edirəm ki, silahı yerə qoysunlar, onlar başqalarının torpağında vuruşurlar”

Əsir düşən erməni din xadimi: “Həmvətənlərimə müraciət edirəm ki, silahı yerə qoysunlar, onlar başqalarının torpağında vuruşurlar”


6-11-2020, 12:51. Yazar: Admin

 

Əsir düşən erməni din xadimi: “Həmvətənlərimə müraciət edirəm ki, silahı yerə qoysunlar, onlar başqalarının torpağında vuruşurlar”

Bu gün “Yeddinci Günün Adventistləri”nin Dua Evində Azərbaycana əsir düşmüş, Ermənistanın Gümrü şəhərinin Adventist kilsəsinin pastoru Hovsep Saakyan Araratoviçlə görüş keçirilib.

Qarabaginfo.az xəbər verir ki, tədbirdə əvvəlcə Hovsep Saakyan, Bakıdakı və Gəncədəki “Yeddinci Günün Adventistləri” İcmalarının pastorları Elşən Cabbarov və Elşən Səmədov dua ediblər.  

Dua mərasimindən sonra Elşən Cabbarov çıxış edərək bildirib ki, əsrlər boyu baş verən müharibələr Allahın müharibə istəmədiyini göstərir: "O, hər zaman sülhün tərəfindədir, çünki Allah insanların həmişə sülh içində olmasını istəyir və insanların həlak olmasını istəmir. Biz insanları sülhə çağırırıq. Müqəddəs kitabda Allah həmişə bu barədə deyib. Biz yalnız sülh sayəsində xoşbəxt yaşaya bilərik".

Daha sonra Hovsep Saakyan Araratoviç də çıxış edərək 2011-ci ildən Allahverdi deyilən yerdə xidmətə başladığını, sonra Gümrü şəhərində “Yeddinci Günün Adventistləri”nin icmasında pastor kimi xidmətini davam etdirdiyini deyib: "Mən Allahın sözünü danışan insan kimi həmişə istəmişəm ki, erməni və Azərbaycan xalqları sülh içində yaşasınlar. Bu gün biz Allahın çağırışını eşitdik, o istəyir ki, biz sülhlə yaşayaq. Allah müharibə istəmir. Allah insanlığı, eləcə də Azərbaycan və erməni xalqlarını ona görə yaratdı ki, hamımız sülh və əmin-amanlıq içində yaşayaq. Mən çox şadam ki, Allah möcüzə nəticəsində həyatımı saxladı və mən indi burdayam".

Hovsep Saakyan deyib ki, hərbi komissarlıqdan zəng edib müharibəyə çağıranda vuruşmaq istəmədiyini bildirib: "Mən dini inancıma görə müharibə tərəfdarı olmadığımı, əlimə silah götürüb heç kəsi öldürə bilməyəcəyimi desəm də, dinləmədilər. Çünki Allahın on əmrindən altıncısında da deyilir ki, öldürmə. Lakin onlar dedilər ki, bunun heç bir əhəmiyyəti yoxdur, sən orda olmalısan. Mən cəbhəyə getdim və dedim ki, heç kəsi öldürməyəcəm. Mənə imkan yaratsaydılar, vuruşmaq əvəzinə, arxa cəbhədə hospitalda xəstələrə yardım göstərərdim. Lakin bizimkilər buna imkan vermədi. Mən cəbhəyə yollansam da, əlimə silah götürüb vuruşmadım. Biz Qubadlıda olanda heç bir saat keçmədi ki, mərmilər partlamağa başladı. Mən sağ ayağımdan qəlpə yarası aldım. Məni hospitala köçürmək istəyirdilər. Lakin biz yolda olanda yenidən mərmi partladı və maşınımız qəzaya düşdü. Yanımdakıların hamısı öldü, bircə mən sağ qaldım. Allah məni saxladı və mənə yeni bir imkan verdi. Bu gün burda olmağıma görə Allaha təşəkkür edirəm və bir insan kimi Azərbaycan və erməni xalqlarını sülhə çağırıram. Allah müharibə istəmir. Allah istəyir ki, biz əmin-amanlıq içində yaşayaq. Mən Allaha yenidən yaşamaq imkanı verdiyi üçün minnətdaram".

Pastor erməni əsgərlərinə də çağırış edib: "Mən bir inanclı insan kimi həmvətənlərimə müraciət edirəm ki, silahı yerə qoysunlar, vuruşmasınlar. Çünki onlar başqalarının torpağında vuruşurlar. Mənimlə 60 insan var idi. Əminliklə deyə bilərəm ki, onlar da döyüşmək istəmirdilər. Onlar da sülh tərəfdarı idilər. Çünki onlar da cavan insanlar idilər, onların ailəsi, uşaqları vardı, müharibəni dayandırıb evlərinə qayıtmaq istəyirdilər. Necə ki, mən ailəli insanam, doqquz aylıq qızım var və tezliklə ailəmə qovuşmaq istəyirəm, onlar da mənim kimi ailələrinə qovuşmaq istəyirdilər".

Hovsep Saakyan hazırda saxlanma şəraitinə də toxunub: "Mən yaralananda bud sümüyüm oynaqdan çıxdı. Məni əsir götürəndə bura gətirib hospitala göndərdilər və ayağımı yerinə saldılar. Buna görə minnətdaram. Burda məni paltar və yeməklə təmin etdilər. Hər şey qaydasındadır və buna görə də hər kəsə təşəkkür edirəm". 

O, erməni patriarxı 2-ci Qareginin müharibə çağırışlarını da qəbul etmədiyini diqqətə çatdırıb: "Mənim mövqeyim müqəddəs kitabın mövqeyidir və müqəddəs kitab insanları sülhə çağırır. Öldürmək böyük günahdır. Buna görə də erməni din xadimlərinin müharibə çağırışlarını qınayıram. Təəssüf ki, vətənimdə erməni kilsəsinin digər icmalara münasibəti pisdir, onları sekta hesab edir. Mən orda olan zaman Azərbaycan tərəfindən hər hansı bir kilsənin bombalanmasının və ya atəşə tutulmasının şahidi olmadım". APA

 

 


Geri dön