Ana Sayfa > Karusel / Siyasət > Antonio Quterreş: Ölkələr hazırda COP29-un yekun sənədinin razılaşdırılması işində zamanla yarışır

Antonio Quterreş: Ölkələr hazırda COP29-un yekun sənədinin razılaşdırılması işində zamanla yarışır


Bu gün, 15:14. Yazar: Admin

Antonio Quterreşdən COP29-la bağlı PAYLAŞIM - FOTO

"Paris İqlim Razılaşmasına əsaslanan beynəlxalq əməkdaşlıq iqlim dəyişikliyinin qarşısını almağa yönələn tədbirlərin müəyyənləşdirilməsi üçün son dərəcə vacibdir".

Qarabaginfo.az xəbər verir ki, bunu COP29-da videoformatda keçirdiyi mətbuat konfransında BMT-nin baş katibi Antonio Quterreş deyib.

O əlavə edib ki, ölkələr hazırda COP29-un yekun sənədinin razılaşdırılması işində zamanla yarışır: "Belə olan halda hər bir ölkənin hökumətinə xalqı ekoloji cəhətdən təmiz elektrik enerjisi ilə təmin etmək imkanları verilməli və dövlətlər bu növ enerjinin üstünlüyündən yararlanmalıdır. Bu amil eyni zamanda zərərli tullantıların atmosferə atılmasını əhəmiyyətli dərəcədə azaltmaqla, ölkələri iqlim böhranından qorunmasına şərait yaradacaq və xalqlar arasında etimadı möhkəmləndirəcək".

A. Qutterreş, həmçinin ölkələr adından müzakirələrdə iştirak edən nümayəndə heyətlərinin üzvlərinə müraciət edib: "Sizin hər biriniz tutduğunuz sərt mövqeni yumşaltmalısınız. Çünki bəşəriyyət üçün etibarlı və layiqli həyat səviyyəsinin təminatı məhz bundan keçir. Onu da bildirmək istəyirəm ki, razılaşdırılması tələb olunan vəsait təkcə maliyyə vasitəsi deyil, həm də gələcəyin təbii fəlakət və dağıntılardan qorunmasına imkan verəcək investisiyadır. Biz bunu həmçinin, ayrı-ayrı ölkələrin çiçəklənən gələcəyə yatırılan sərmayə kimi başa düşürük. Ötən həftə çoxtərəfli inkişaf bankları aşağı və orta səviyyəli gəliri olan ölkələrə ayrılacaq iqlim maliyyəsinin məbləğinin artırılması barədə qərar qəbul etdi. Yeni qərarla bu rəqəm 2030-cu ilədək 120 milyard dollara çatdırılacaq. Bundan əlavə, daha 65 milyard dollar özəl sektorun hesabına cəlb olunacaq".

BMT baş katibi tərəflər arasında bu ilin sentyabr ayında razılaşdırılan gələcək pakt haqqında da danışıb: "Bu pakt vacib maliyyələşmə alətlərinə etibarlı çıxışın əldə edilməsi, eləcə də borclanma üzrə effektiv tədbirlərin görülməsinin qaydalarını müəyyən edir. Eyni zamanda həmin sənəd çoxtərəfli inkişaf banklarının imkanlaırnı genişləndirməklə bərabər, onların kreditləşmə imkanlarını artıraraq, daha da inkişafına səbəb olacaq".


Geri dön