Ana Sayfa > Karusel / Siyasət > COP29-da "Mədəni və Yaradıcılıq Yoluyla Karbon Azaltma: Beynəlxalq Ssenari" adlı tədbir keçirilib
COP29-da "Mədəni və Yaradıcılıq Yoluyla Karbon Azaltma: Beynəlxalq Ssenari" adlı tədbir keçirilib16-11-2024, 12:01. Yazar: Admin |
Bu gün COP29 İqlim Konfransı çərçivəsində “Mədəni və Yaradıcılıq Yoluyla Karbon Azaltma: Beynəlxalq Ssenari” adlı beynəlxalq forum keçirilib. Qarabaginfo.az xəbər verir ki, forumda beynəlxalq ekspertlər sahəyə dair tədqiqat layihələrini və ən yaxşı təcrübələri iştirakçılarla bölüşüblər, həmçinin Azərbaycanın bFuture Təşəbbüsü təqdim olunub. Tədbirin tərəfdaşları İtaliyanın “Fondazione Santagata for the Economics of Culture” təşkilatı və Azərbaycanın bFuture Təşəbbüsü olub.
Forumda çıxış edən UNESCO İcra Bürosunun rəhbəri Dorine Dubois mədəniyyətin iqlim fəaliyyətində unikal və əvəzolunmaz rol oynadığını vurğulayıb.
O, UNESCO-nun mədəni irs sahəsindəki fəaliyyətlərindən, Ümumdünya İrs Konvensiyası çərçivəsində qəbul edilən siyasət sənədindən bəhs edib. Onun sözlərinə görə, bu sənəd iqlim dəyişikliyinin mədəni və təbii irsə təsirinin qiymətləndirilməsi və risk idarəetmə planlarının hazırlanmasını əhatə edir.
Vurğulanıb ki, “Ağıllı istehlakçılıq” anlayışının təşviqi mühüm hədəflərdəndir. İnsanların istehlak vərdişlərinə, davranışlarına və özlərini kainatın bir hissəsi kimi hiss etmələrinə daha məsuliyyətli yanaşması vacibdir.
O, həmçinin “Mədəniyyət üçün İqlim” adlı yeni təşəbbüsün təqdim olunacağını qeyd edib. Bu, ötən il Dubayda COP28 çərçivəsində başladılan və “İqlim üçün Mədəniyyətə Əsaslanan Fəaliyyət Dostları Qrupu” adlanan təşəbbüsün davamıdır.
NOW Partners təşkilatının nümayəndəsi Daniel Povel çıxışında mədəniyyət və incəsənətin insanlığın bir hissəsi və davamlılığın vacib elementi olduğunu qeyd edib.
Povel əlavə edib ki, incəsənət və mədəniyyət insanın özünü ifadə etməsi ilə yanaşı, cəmiyyətin güzgüsü rolunu oynayır. Keçmişdən bu günə qədər sənətkarlar əsərləri ilə cəmiyyətin problemlərini və yaxşılaşma yollarını göstəriblər. O, həmçinin Azərbaycanın Qobustan qoruğunu xatırladaraq, orada eramızdan əvvəlki dövrə aid rəsmlərin və yazıların tapıldığını qeyd edib. "Bu, insanların özlərini ifadə etmək üçün yaradıcı yollar tapmağa çalışdıqlarını göstərir," – vurğulayıb.
Tədbir müzakirələrlə davam edib. Geri dön |