Ana Sayfa > Karusel / Siyasət > Britaniya COP29-u qlobal iqlim fəaliyyəti üçün həlledici məqam sayır

Britaniya COP29-u qlobal iqlim fəaliyyəti üçün həlledici məqam sayır


9-11-2024, 19:34. Yazar: Admin

Britaniya COP29-u qlobal iqlim fəaliyyəti üçün həlledici məqam sayır

Azərbaycan Respublikasının maliyyə naziri Samir Şərifov Londonda Britaniya Kralı Üçüncü Çarlzın patronajı altında təşkil edilən COP29 qabağı beynəlxalq iqlim fəaliyyətinin gücləndirilməsinə həsr olunmuş konfransda Azərbaycanı təmsil edib.

Bu barədə Qarabaginfo.az Azərbaycanın Britaniyadakı səfirliyindən bildirilib.

Məlumata görə, biznes liderləri, səfirlər, sənaye liderləri və COP Troykasına daxil olan Azərbaycan, BƏƏ və Braziliyadan rəsmilərin qoşulduğu tədbirə Britaniyanın enerji təhlükəsizliyi və sıfır emissiya naziri Ed Miliband, Britaniyanın inkişaf məsələləri üzrə naziri Anneliese Dods və ətraf mühit naziri Steve Reed həmsədrlik ediblər.

Konfrans zamanı alternativ enerjiyə keçidin maliyyələşməsinə həsr olunmuş müzakirələrdə çıxış edən maliyyə naziri Samir Şərifov dünyada karbon emissiyalarının azaldılması üçün yaşıl enerji keçidinin vacibliyinə toxunaraq, Azərbaycanda keçiriləcək COP29 tədbirinin beynəlxalq iqlim maliyyələşməsi barədə razılığın əldə olunması və ümumilikdə iqlim fəaliyyətinin irəli aparılması baxımından oıduqca vacib məqam olduğunu deyib. Nazir bildirib ki, Azərbaycan tədbirin uğurla nəticələnməsi üçün əlindən gələni etməkdədir.

Britaniyanın enerji təhlükəsizliyi və sıfır emissiya naziri Ed Miliband çıxışında COP29un həlledici əhəmiyyətini vurğulayaraq ölkəsinin Bakıda keçiriləcək tədbirdə yüksək səviyyəli nümayəndə heyəti ilə təmsil olunacağını və iqlim maliyyəsinin razılaşdırılması istiqamətində aparıcı rol oynayacağını qeyd edib.

Daha sonra Britaniya Kralı Üçüncü Çarlz tədbiriştirakçılarının şərəfinə Bukinqem Sarayında ziyafət verib.Həmin ziyafətə Britaniyanın xarici işlər naziri David Lammy də qatılıb.

Ziyafət əsnasında maliyyə naziri Samir Şərifov Beynəlxalq dayanıqlılıq və iqlim fəaliyyəti məsələsini hər zaman diqqətdə saxlayan Britaniya Kralı Üçüncü Çarlz ilə də qısa söhbət aparıb. Nazir Samir Şərifov Azərbaycan Prezidenti cənab İlham Əliyevin salamlarını Britaniya Kralına çatdırıb. Öz növbəsində Kral Üçüncü Çarlz minnətdarlıq edərək onun da salamlarının Azərbaycan Prezidentinə çatdırılmasını xahiş edib. Söhbətin davamında Britaniya Kralı COP29un vacib əhəmiyyətini vurğulayaraq tədbirin uğurla keçməsini arzu etdiyini deyib.

Tədbirin sonunda qəbul edilən yekun sənəddə qlobal biznes və sənaye liderləri ölkəmizdə keçiriləcək COP29a dəstək ifadə edib.

Konfrans barədə Britaniya hökumətinin rəsmi internet səhifəsində məlumat yayılıb. Məlumatda Britaniya hökumətinin COP29da aktiv iştirak etməsinə hazırlıqların getdiyi qeyd edilib.

 


Geri dön