Ana Sayfa > Karusel / İnfrastruktur > Əlicançay su anbarında tikinti işləri davam edir

Əlicançay su anbarında tikinti işləri davam edir


5-11-2024, 10:49. Yazar: Admin

Əlicançay su anbarında tikinti işləri davam edir

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi Əlicançay su anbarında tikinti işlərini davam etdirir.

Bu barədə Qarabaginfo.az-a Agentlikdən məlumat verilib.

Bildirilib ki, Əlicançay su anbarının ümumi su tutumu 108 milyon kub, çay hövzəsində qurulan bəndin qaşı üzrə uzunluğu 314,74 metr, hündürlüyü isə 49 metr-dir. Anbar tikilib istifadəyə verildikdən sonra Şəki və Qax ərazisində 3483 ha əkin sahəsinin su təminatı yaxşılaşacaq, o cümlədən 29517 ha yeni torpaq sahəsi su ilə təmin olunacaq. Ümumilikdə 33000 ha əkin sahəsinin su ilə tam təmin olunacaq.

Şəki və Oğuz rayonları ərazisində yerləşən su anbarında tikinti işlətinin yerinə yetirilməsi üçün hazırlıq işləri tamamlanmış, göl ərazisinin təmizlənməsi, dib suburaxanın xəndəyinin, bənd özülünün, gil, qum-çınqıl karxanalarının üst qatının və sel sutullayıcısının qazma işləri davam edir.

Qeyd edək ki, Prezident İlham Əliyevin tapşırığına əsasən ölkəmizdə su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsi ilə bağlı Dövlət Su Komissiyası yaradılıb. Baş nazirin müavini Şahin Mustafayevin rəhbərlik etdiyi Dövlət Su Komissiyası tərəfindən ölkə ərazisində təsdiq olunan tədbirlər planına uyğun bir sıra işlər uğurla həyata keçirilir və davam etməkdədir.

Tədbirlər planına uyğun olaraq həyata keçirilən layihələrdən biri də Əlicançay su anbarının tikintisidir. Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi su anbarının tikintisinə Prezident İlham Əliyevin “Əlicançay su anbarının tikintisi haqqında” 2023-cü il 28 iyul tarixli Sərəncamına əsasən başlayıb. Anbarın yaradılmasında əsas məqsəd su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsi, su ehtiyatlarının artırılması və dağ çaylarından gələn suların toplanmasıdır.


Geri dön