Ana Sayfa > Karusel / Dünya > 47-ci kim olacaq?

47-ci kim olacaq?


5-11-2024, 07:59. Yazar: Admin

47-ci-kim-olacaq

Bu gün təxminən 240 milyon səsvermə hüququ olan vətəndaş ABŞ-nin yeni prezidentini seçir.

Qarabaginfo.az “Əl-Cəzirə”yə istinadən xəbər verir ki, artıq 70 milyondan çox sakin səsvermə hüququndan erkən istifadə edib.

Rəy sorğularında hər iki namizədin (red- Donald Tramp və Kamala Harris) qalib gəlmək şansı yarıbayarı nisbətdə bölünüb.

Lakin bundan əvvəlki təcrübələr də göstərir ki, rəy sorğuları heç də hər zaman konkret nəticə haqqında təəssürat yaratmır.

Artıq namizədlər dünən son təşviqat kampaniyalarını keçiriblər.

ABŞ-nin sabiq prezidenti və respublikaçıların hazırkı namizədi Donald Tramp son açıqlamalarında seçkilərin nəticələrinin saxtalaşdırılacağı ilə bağlı fikirlər səsləndirib.

Demokratların namizədi olan Kamala Harris isə dünən keçirdiyi sonuncu təşviqat kampaniyasında seçkilərdən qalib çıxacağına eyham edib.

Seçki prosesinə qədər isə Birləşmiş Ştatlarda bir sıra gözlənilməz hadisələr olub.

Bunlardan biri ABŞ Prezidenti Co Baydenin namizədliyini geri götürməsi idi ki, ölkə lideri elə həmin gecə seçkilərdə öz davamçısının vitse-prezident Kamala Harris olduğunu bəyan etmişdi.

Seçkilərə qədər dünya medyasına damğa vuran bir digər məsələ isə Donald Trampa qarşı olunan sui-qəsd cəhdləri idi. Bir neçə dəfə bu halla üzləşən namizədə qarşı ən real sui-qəsd cəhdi onun Pensilvaniya ştatında seçicilərlə görüşü zamanı baş tutmuşdu. Həmin gün yaxın məsafədən açılan atəş sabiq prezidentin qulağını yaralamışdı. Hücum zamanı başqa bir vətəndaş isə həlak olmuşdu.

Qeyd edək ki, ABŞ-nin indiyədək 46 prezidenti olub. Bu seçkilərin nəticələrinə əsasən qalib namizəd Birləşmiş Ştatların 47-ci prezidenti olacaq.


Geri dön