Ana Sayfa > Karusel / Mədəniyyət > Mədəniyyət naziri Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin kollektivi ilə görüşüb - FOTO
Mədəniyyət naziri Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin kollektivi ilə görüşüb - FOTO2-11-2024, 21:14. Yazar: Admin |
Noyabrın 1-də Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin yaradılmasının 85 illiyi tamam olub. Bu münasibətlə mədəniyyət naziri Adil Kərimli muzeydə olub, kollektivlə görüşüb. Qarabaginfo.az xəbər verir ki, Muzeyin direktoru, Milli Məclisin sədr müavini akademik Rafael Hüseynov mədəniyyət ocağının tarixindən söz açıb. Qeyd edib ki, muzey dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin 800 illik yubileyinə hazırlıq ərəfəsində Azərbaycan SSR Xalq Komissarları Sovetinin 1 noyabr 1939-cu il tarixli qərarı ilə yaradılıb. Lakin II Dünya müharibəsi səbəbindən muzeyin açılışı 1945-ci il may ayının 14-də olub. Mədəniyyət naziri Adil Kərimli bildirib ki, Milli Azərbaycan Ədəbiyyatı Muzeyi milli dəyərlərimizi yaşadan bir ocaqdır: “Muzeyin yaranma tarixi Nizami Gəncəvinin adı ilə bağlı olsa da, o, Azərbaycanın zəngin ədəbiyyat tarixini və bütövlükdə qeyri-maddi mədəni irsini özündə ehtiva edən böyük bir mərkəzdir. Muzey uzun illər Azərbaycan Milli Elmlər Akademiyasının nəzdində fəaliyyət göstərərək böyük bir dəst-xətt qoyub. Muzeyin hazırda Mədəniyyət Nazirliyi sistemində olması bizim üçün xüsusi əhəmiyyət daşıyır. Bu gün Azərbaycanın mədəniyyət siyasəti elmə, təhsilə, ümumiyyətlə, maarifləndirməyə köklənmiş bir istiqamət götürüb. Bu, Prezident İlham Əliyevin siyasətinin əsas istiqamətidir. Azərbaycanın ədəbiyyat və mədəniyyətinin qorunmasında, təbliğində bu muzeyin xüsusi rolu var”. Daha sonra Azərbaycan mədəniyyətinin inkişafındakı xidmətlərinə görə və muzeyin yaradılmasının 85 illik yubileyi münasibətilə kollektiv Mədəniyyət Nazirliyinin Fəxri diplomu ilə təltif olunub. Adil Kərimli Fəxri diplomu direktor Rafael Hüseynova təqdim edib, xatirə şəkli çəkdirilib. Görüşdən sonra nazir muzeyin zəngin ekspozisiyası ilə tanış olub. Geri dön |