Ana Sayfa > Karusel / Təhsil > Hazırda Azərbaycanda ən seçilmiş ixtisaslar hansıdır?- Rektor AÇIQLADI

Hazırda Azərbaycanda ən seçilmiş ixtisaslar hansıdır?- Rektor AÇIQLADI


15-10-2024, 12:54. Yazar: Admin

Çox qürurvericidir ki, Bakı Ali Neft Məktəbinin tələbələrindən ibarət komanda Türkiyədə keçirilən “TEXNOFEST”də kibertəhlükəsizlik üzrə müsabiqədə birinci yer tutub. “Simsiz rabitə üzrə süni intellektlə dəstəklənən yeni kibermüdafiə üsulları” mövzusunda təlim proqramında nümayəndələrimizin iştirak etməsi bizim üçün yaxşı bir fürsətdir.

Bu fikirləri Bakı Ali Neft Məktəbinin (BANM) rektoru Elmar Qasımov “Simsiz rabitə üzrə süni intellektlə dəstəklənən yeni kibermüdafiə üsulları” mövzusunda təlimin açılışında bildirib.

Rektorun sözlərinə görə, hazırda Azərbaycanda ən seçilmiş ixtisaslar rəqəmsal sahə ilə bağlıdır. Artıq 6-cı ildir ki, ölkəmizdə ilin ixtisası ilk dəfə BANM-da yaradılan informasiya təhlükəsizliyi ixtisasıdır. “Azərbaycanda ən yüksək bal toplayan tələbələr məhz bu ixtisası seçirlər. Tələbələrin seçdiyi 5 nüfuzlu ixtisasdan üçü rəqəmsal sahə ilə bağlıdır. Demək, universitetlərimizə yüksək bilikli kadrlar gəlir və güclü potensialımız var”, – deyə E.Qasımov vurğulayıb.

E.Qasımov bildirib ki, amma bundan istifadə etmək üçün güclü müəllimlər, proqramlar və hədəflər lazımdır: “Bizim gələcək tədqiqatlara və bu sahə ilə bağlı mentorlara ehtiyacımız var. Ən çox mentorlarla bağlı çətinliklərlə üzləşirik. “Simsiz rabitə üzrə süni intellektlə dəstəklənən yeni kibermüdafiə üsulları” təlimi universitetlərin inkişafında əsas rol oynayan qızıl üçbucağı təmin edir. Bu qızıl üçbucaq isə sənaye, tədqiqat və universitetlər arasında əməkdaşlıqdır. Bu təlimlə qızıl üçbucaq təmin olunub. Belə təlimlərin təşkili ilə bu proses bizim üçün əlçatan olur. Müəllimlərimiz təlimdə öyrəndikləri bilikləri digər pedaqoqlara ötürə biləcəklər”, – deyə Elmar Qasımov əlavə edib.


Geri dön