Ana Sayfa > Karusel / Siyasət > Milli Məclisin sədri Tacikistan Konstitusiyasının 30 illik yubileyinə həsr olunmuş konfransda çıxış edib
Milli Məclisin sədri Tacikistan Konstitusiyasının 30 illik yubileyinə həsr olunmuş konfransda çıxış edib11-10-2024, 14:35. Yazar: Admin |
Milli Məclisin sədri Sahibə Qafarova Tacikistan Respublikasına işgüzar səfəri çərçivəsində oktyabrın 11-də Tacikistan Konstitusiyasının 30 illik yubileyinə həsr olunmuş beynəlxalq parlament konfransında iştirak edib. Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən Qarabaginfo.az-a verilən xəbərə görə, tədbirdən əvvəl beynəlxalq konfransda iştirak edən nümayəndə heyətlərinin rəhbərləri Düşənbə şəhərində yerləşən "Dostluq" meydanında İsmoili Somoninin abidəsi önünə əklil qoyublar. Sonra Tacikistan Parlamentində Beynəlxalq konfrans öz işinə başlayıb. Tədbirdə çıxış edən Milli Məclisin sədri Qafarova parlamentə və bütün Tacikistan xalqına Konstitusiyanın 30 illiyi münasibətilə təbriklərini çatdırıb. Sahibə Qafarova Tacikistan xalqının Konstitusiyanın qəbulundan əvvəl 90-cı illərin əvvəllərində baş vermiş o çətin günləri heç vaxt unutmayacağını, bu gün isə sabit və dinamik inkişaf edən Tacikistanın ölkə Prezidenti Emoməli Şərifoviç Rəhmonun rəhbərliyi ilə sosial, iqtisadi və digər sahələrdə bir sıra uğurlar əldə etdiyini diqqətə çatdırıb. Milli Məclisin sədri qeyd edib ki, Azərbaycan Tacikistanın əldə etdiyi bütün uğurları yüksək qiymətləndirir. Çünki Azərbaycan və tacik xalqlarını çoxəsrlik tarix, mədəniyyət, din, ortaq dəyərlər və ənənələr birləşdirir. Xalqlarımız həmişə sülh, əmin-amanlıq, dostluq, qarşılıqlı anlaşma şəraitində yaşayıblar. Azərbaycan və Tacikistan parlamentləri arasında əlaqələrdən danışan Sahibə Qafarova bildirib ki, bu gün qanunverici orqanlarımız arasında həm ikitərəfli səviyyədə, həm də Parlamentlərarası İttifaq, MDB Parlamentlərarası Assambleyası, İslam Əməkdaşlıq Təşkilatının Parlament İttifaqı, Asiya Parlament Assambleyası və İqtisadi Əməkdaşlıq Təşkilatının Parlament Assambleyası kimi parlamentlərarası təşkilatlar çərçivəsində çox səmərəli əməkdaşlıq qurulub. Çıxışının sonunda Milli Məclisin sədri Sahibə Qafarova bir daha parlamenti və qardaş Tacikistan xalqını Konstitusiyanın 30 illiyi münasibətilə təbrik edib, onlara uğurlar və firavanlıq arzulayıb. Geri dön |