Ana Sayfa > Karusel / Təhsil / Qarabağ > Cəbrayılda ilk dərs günü münasibətilə tədbir keçirilib
Cəbrayılda ilk dərs günü münasibətilə tədbir keçirilib9-10-2024, 14:31. Yazar: Admin |
Oktyabrın 9-da Cəbrayıl şəhərində Mehdi Mehdizadə adına tam orta məktəbdə ilk dərs günü ilə bağlı tədbir keçirilib. Bu barədə Qarabaginfo.az-a Elm və Təhsil Nazirliyindən məlumat verilib. Bildirilib ki, tədbirdə elm və təhsil nazirinin müavini Firudin Qurbanov, Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Vahid Hacıyev, millət vəkili Ceyhun Məmmədov, Şərqi Zəngəzur Regional Təhsil İdarəsinin müdiri Fuad Bədəlov, məktəb kollektivi və valideynlər iştirak ediblər. Tədbirdə çıxış edən elm və təhsil nazirinin müavini Firudin Qurbanov Qarabağda tədris prosesinin qısa zamanda bərpasını ölkəmizdə təhsilin inkişafına göstərilən yüksək diqqət və qayğının bariz nümunəsi kimi qiymətləndirib. Məktəbin 23 nəfərdən ibarət pedaqoji heyətinin Cəbrayıl sakinlərindən ibarət olmasını sevindirici hal kimi qeyd edən nazir müavini iki il sonra 150 ili tamam olan sözügedən məktəbin şagirdlərinin ölkəmizin gələcək inkişafında aktiv iştirak edəcəklərinə əminliyini ifadə edib. Nazir müavini çıxışının sonunda şagird və müəllimlərə tədris nailiyyətləri arzulayıb. Çıxış edən Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Vahid Hacıyev bildirib ki, bu gün artıq sıfırdan qurulan Cəbrayılda nəhəng infrastruktur layihələri həyata keçirilir. Cəbrayılda 5 böyük müəssisə qurulub ki, orada minlərlə insan çalışacaq. Vahid Hacıyev Mehdi Mehdizadə adına tam orta məktəbin şagirdlərinin gələcəkdə həmin müəssisələrin mütəxəssisi olaraq çalışacaqlarına və Cəbrayılın inkişafına dəstək verəcəklərinə inamını ifadə edib. Vahid Hacıyev sonda məktəb kollektivini təbrik edib və uğurlar arzulayıb. Tədbirdə iştirak edən Milli Məclisin deputatı Ceyhun Məmmədov da vaxtilə sözügedən məktəbdə təhsil aldığını diqqətə çatdırıb. İşğaldan azad edilən bölgələrin yenidən qurulması və dirçəlməsi üçün həyata keçirilən davamlı tədbirləri vurğulayan Ceyhun Məmmədov bu ərazilərdə müasir standartlara cavab verən təhsil müəssisələrinin inşasını qürurverici hal kimi qiymətləndirib. İllər əvvəl təhsil aldığı məktəbə 31 il sonra direktor olaraq geri dönən məktəb direktoru Şəlalə Qasımlı da çıxışında sevinc hisslərini bölüşüb. Çıxış edən digər qonaqlar sevinc təəssüratlarını bölüşüb və məktəb kollektivinə uğurlar arzulayıblar. Daha sonra məktəbdə yaradılan şəraitlə tanışlıq olub, dərs prosesi izlənilib. Qeyd edək ki, 960 şagird yerlik məktəbdə 2024-2025-ci tədris ilində təhsil alacaq 133 şagird və məktəbəhazırlığa cəlb olunan 16 nəfər uşaqla 23 nəfər pedaqoji heyət çalışacaq. Ərazisi 2,7 hektar olan məktəbdə 40 sinif otağı və 5 inzibati otaq var. Şagirdlərin yüksək səviyyədə təhsil almaları üçün sinif otaqları zəruri dərs vəsaitləri ilə təchiz edilib. Təhsil ocağında, həmçinin kimya, fizika, biologiya laboratoriyaları, texnologiya və informatika otaqları, 4 STEAM otağı, çağırışaqədərki hazırlıq kabineti, kitabxana, akt və idman zalları, yeməkxana yaradılıb. Məktəbdə internet, mebel-inventar və digər zəruri avadanlıqlar müasir tələblər səviyyəsindədir. Təhsil ocağının həyətində abadlıq işləri görülüb, futbol, basketbol, voleybol və açıq oyun meydançaları yaradılıb. Geri dön |